“Milli dəyərlərə bağlılıq vətənpərvərlik hislərini gücləndirir, insanın əsl vətəndaş kimi tərbiyəsində birbaşa rol oynayır. Vətənpərvərlik insanın öz Vətəninə sevgi və sədaqətindən, onun tarixi, milli və mədəni dəyərləri üçün qürur hissi keçirməkdən və müdafiəsinə hər an hazır olmaqdan ibarətdir. Milli dəyərlərimiz insana kiçik yaşlarından aşılanmalıdır”.
Bu fikirlər Babək qəsəbə tam orta məktəbində “Milli dəyərlər və uşaqlar” mövzusunda keçirilən seminarda səsləndirilib.
Şagirdlərlə yanaşı, məktəb psixoloqlarının, uşaq birliyi rəhbərlərinin və valideynlərin iştirak etdiyi tədbiri Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Eltun Həziyev açaraq belə seminarların keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, məktəb insanın sonrakı həyat tərzinin, düşüncəsinin, xarakterinin formalaşmasında önəmli rol oynayır. Bu mənada milli dəyərlərə yiyələnməklə gənc nəslin milli ruhda tərbiyə olunması məsələsi günümüzdə məktəbin qarşısında duran əsas vəzifələrdən biridir. Buna görə də məktəblərdə şagirdlərin geniş biliklərə sahib olmaları ilə bərabər, onların milli dəyərlərə bağlı, vətənpərvər kimi formalaşmalarına da ciddi yanaşılmalıdır.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai təhlükəsizlik idarəsinin baş inspektoru, polis polkovnik-leytenantı Yulət Əliyev və Təhsil Nazirliyinin əməkdaşı Ayşən Əsgərova çıxış edərək milli dəyərlərimizin uşaqlara aşılanması, uşaqların zərərli vərdişlərdən uzaqlaşdırılması yollarından, asudə vaxtlarının səmərəli təşkilindən, erkən nikah hallarının fəsadlarından, informasiya-kommunikasiya texnologiyalarından düzgün istifadə qaydalarından ətraflı bəhs ediblər.
Məktəbin direktoru Əli Hacıyev seminarın təşkilinə görə minnətdarlığını bildirib.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb, onlara Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Milli dəyərlərimiz deyəndə nələri başa düşürük?”, “Erkən nikah – ailə faciəsinin təməli” adlı broşürlər, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun və BMT-nin “Uşaq hüquqlarına dair Konvensiya”sının mətnləri paylanılıb.
Qeyd edək ki, cari ildə muxtar respublikanın ümumtəhsil məktəblərində 6 dəfə bu mövzuda seminar keçirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti