Culfa Rayon Multikulturalizm və Dini Məsələlər üzrə Komissiya Bənəniyar kənd tam orta məktəbində “Müasir gəncliyin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirib.
Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyanın sədri Allahverdi Qasımov qeyd edib ki, sivilizasiyaların qovuşduğu məkanda yerləşən ölkəmizin zəngin mədəni, mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması bu gün beynəlxalq aləmdə etiraf edilir. Mövcud milli-mədəni müxtəliflilik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfensiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirib.
“Gənclik hər bir millətin inkişafının təməl daşıdır. Məhz bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir”, – deyən Allahverdi Qasımov vurğulayıb ki, yetkinlik yaşına çatmayan şəxslərə təsir imkanları olduqca asandır. Müasir gəncliyin milli-mənəvi dəyərlərə, adət-ənənələrə sadiq qalmaq şərtilə ümumbəşəri dəyərləri və tələbləri dərk edən şəxsiyyət kimi tərbiyə olunması multikulturalizmin formalaşması baxımından olduqca əhəmiyyətlidir. Məhz buna görə də müəllimlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün səy göstərməlidirlər.
Komissiyanın üzvü, Culfa Rayon Təhsil Şöbəsinin müdiri Adəm Qasımov çıxış edərək bildirib ki, rayonun ümumtəhsil məktəblərində şagirdlərin vətənpərvər, dostluğa sədaqətli tərbiyə olunmaları üçün çox işlər görülür. Xüsusilə məktəblilərin muzeylərə ekskursiyalarının təşkil olunması, yurdumuzu tanıtmaq məqsədilə tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır.
Komissiyanın digər üzvü, Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Füzuli Hüseynli isə çıxış edərək müasir gəncliyin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mədəniyyət müəssisələrinin üzərinə düşən vəzifələrdən danışıb.
Məktəbin müəllimlərindən Ruqayə Nəcəfquliyeva və Zeynəb Abbasova çıxışlarında gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının müəllimlərin başlıca vəzifəsi olduğunu diqqətə çatdırıblar.
Xəbərlər şöbəsi