Aprelin 28-də Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Şəhər Təşkilatının və təşkilatın Qadınlar Şurasının üzvləri Naxçıvan şəhərində yerləşən Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində olublar.
YAP Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Yazgül Rzayeva, İlhamə Mustafayeva, Aidə Allahverdiyeva, Ülviyyə Həmzəyeva və digərləri burada dövlətin qayğı və himayəsində olan məhdud fiziki imkanlı uşaqlarla görüşərək onlara hədiyyələr və oyuncaqlar təqdim ediblər.
Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində olan uşaqlar tədbirə dəvət olunmuş həkimlər briqadası tərəfindən növbəti dəfə müayinədən keçirilib, mütəxəssislər tərəfindən valideynlərə müvafiq məsləhətlər və tövsiyələr verilib.
YAP Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli bildirib ki, bu gün muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan uşaqlara həssaslıqla yanaşılır, onların sosial müdafiəsi, təhsili, intellektual səviyyələrinin yüksəldilməsi, cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının mənalı təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” da bu mənada mühüm əhəmiyyətə malikdir. Proqramda inklüziv və məsafədən təhsil üçün əsaslı zəminin yaradılması, sağlamlıq imkanları məhdud uşaqların təhsillərinin səmərə və keyfiyyətinin yüksəldilməsi və bu sahədə müvafiq pedaqoji kadr hazırlığının təkmilləşdirilməsi məsələləri öz əksini tapıb. Dövlət proqramı ötən dövrdə uğurla icra olunub, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrə cəlbi, habelə onların cəmiyyətə inteqrasiyası istiqamətində bir sıra işlər görülüb.
Elman Cəfərli deyib ki, bu gün anadan olmasının 92-ci ildönümünü qeyd etdiyimiz görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyeva həm də xeyirxahlıq və humanizm prinsiplərinin simvolu kimi yaddaşlarımızda yaşayır.
YAP Naxçıvan Şəhər Təşkilatının və Qadınlar Şurasının üzvlərinin Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə gələrək buradakı sağlamlıq imkanları məhdud uşaqlarla görüşməsi Zərifə xanımın xatirəsinə ehtiramın və onun xeyirxah əməllərinin bu gün də yaşadılmasının göstəricisidir.
Xəbərlər şöbəsi