Daşınmaz əmlak hər bir insanın normal yaşaması üçün həyativacib tələbat sayılır. Daşınmaz əmlakı gözlənilməz bədbəxt hadisələrdən qoruyub saxlamaq sığortanın əsas vəzifəsi olmaqla vətəndaşların sosial müdafiəsinin ən mühüm istiqamətlərindən biridir.
Vətəndaşlara məxsus daşınmaz əmlak yaşayış üçün vacib olan tikililərdir. Bunlar icbari qaydada sığorta olunurlar. Sığorta isə insanların mənafelərinin zəmanət altına alınması üçün mövcud olan mühüm vasitə, hamı üçün faydalı olan bir yoldur. Sığorta dövlət və əhali arasında etibarlı əməkdaşlığın qurulması baxımından olduqca əhəmiyyətlidir.
Hazırda ölkəmizdə və muxtar respublikamızda vətəndaşlara məxsus yaşayış evləri, binalar, mənzillər, ümumən, daşınmaz əmlak, bir qayda olaraq, icbari sığorta olunur. Burada məqsəd sığorta hadisələri baş verdiyi zaman daşınmaz əmlakın məhv olması və yaxud hər hansı formada zərər görməsi ilə əlaqədar vətəndaşlara dəymiş zərərin əvəzinin ödənilməsidir.
Bu sığorta növü icbari olmaqla əhalinin bütün təbəqələrinin sosial müdafiəsini təşkil etmək məqsədi daşıyır. Burada qaydalar və şərtlər yalnız qanunla müəyyən edilir. Bu barədə ölkəmizdə qəbul olunmuş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu çoxlu sayda sığorta hadisəsi zamanı vətəndaşların daşınmaz əmlakına dəymiş zərərlərin əvəzinin ödənilməsi üçün hüquqi təminat verir. Belə sığorta hadisələri isə mövcud qanuna görə yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısaqapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qarşı tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən daxil olan su nəticəsində subasma, təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi hesab olunur. Adları çəkilən sığorta hadisələri baş verdikdə vətəndaşlara məxsus yaşayış evlərinə, onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik naqillərinə, bəzək elementlərinə, eləcə də bütün növ xarici və daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlər təminat altına alınmış olur.
Muxtar respublikamızda həyata keçirilən sığorta fəaliyyəti baş verən sığorta hadisələri zamanı vətəndaşların daşınmaz əmlakına dəymiş zərərlərin sığorta ödənişləri vasitəsilə aradan qaldırılması məqsədini güdür. Burada sosial müdafiə prinsipləri ön planda tutulmaqla Naxçıvan şəhərində yaşayan vətəndaşlar öz daşınmaz əmlaklarını 40 manat sığortahaqqı ödəməklə 20 min manata, muxtar respublikanın rayonlarında yaşayan vətəndaşlar isə 30 manat sığortahaqqı ödəməklə 15 min manat məbləğində sığortalaya bilərlər. Onu da qeyd etmək lazımdır ki, sığortahaqqının bu məbləği minimum məbləğ kimi müəyyən edilmişdir. Bu məbləğdən artıq qiymətləndirilə bilən daşınmaz əmlak onun sahibi ilə razılaşdırılmış müqaviləyə əsasən, daha artıq məbləğə sığortalana bilər.
Göründüyü kimi, haliyədə qüvvədə olan qanun bir çox riskli hadisələr nəticəsində vətəndaşların daşınmaz əmlakına dəymiş zərərlərin icbari sığorta yolu ilə əvəzinin ödənilməsinə imkan verir. Ancaq bəzi hallar vardır ki, bunlar qanunda nəzərdə tutulmadığından müəyyən hadisələr nəticəsində daşınmaz əmlaka zərər dəysə də, sığorta ödənişi verilmir. Belə hallar sığorta müqaviləsi bağlanmamışdan əvvəl yaşayış evinə dəymiş zərərlər və qanunda nəzərdə tutulmuş sığorta hadisələrindən başqa, yəni sığortalının faydalanan şəxsin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər, sığortalanmış əmlakın təmiri, qrunt sularının səviyyəsinin dəyişməsi, su borularında və ya rezervuarlarda aşınma, şaxtavurma, yeyilmə, tədricən xarabolma, köçürülmə və ya tutumunun artırılması nəticəsində axının baş verməsi kimi hallar hesab olunur və belə hadisələr nəticəsində daşınmaz əmlak sahibinə sığorta ödənişi verilmir.
Vətəndaşlara məxsus daşınmaz əmlakın icbari sığortası onların mənafelərinin təmini baxımından çox faydalıdır. Çünki daşınmaz əmlak sığorta hadisəsi zamanı zərər gördüyü zaman icbari sığorta müqaviləsi bağlamış və sığorta müqaviləsi qüvvədə olan vətəndaşlara sığorta təminatı verilir.
Hafiz HÜSEYNOV
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş mütəxəssisi