22 Dekabr 2024, Bazar

Dünyada hər il istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində milyonlarla insan xəsarət alır. Bütün bunlar isə əməyin mühafizəsi məsələsini aktuallaşdırır. Cəmiyyətin diqqətini işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına yönəltmək məqsədilə 2001-ci ildə Beynəlxalq Əmək Təşkilatının qərarı ilə aprelin 28-i “Ümumdünya Əməyin Mühafizəsi Günü” kimi təsis olunmuşdur.

Ölkəmizdə əməyin mühafizəsi və təhlükəsiz iş yerlərinin yaradılması daim diqqət mərkəzindədir. İnsanların həyatı, sağlamlığı və əmlakı üçün təhlükə yaradan problemlərin qarşısının vaxtında alınması və əməyin mühafizəsi mədəniyyətinin formalaşdırılması dövlətimizin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindəndir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra əmək qanunvericiliyi sahəsində islahatlar aparılmış, əmək münasibətləri və əməyin mühafizəsi sahəsində beynəlxalq prinsiplərə uyğun normativ-hüquqi aktlar qəbul edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işçilərin hüquqlarının müdafiəsinə davamlı diqqət və qayğısı bu sahədə aparılan siyasətin daha da genişlənməsinə şərait yaratmışdır.

Əməyin mühafizəsi işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədilə nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normalar və standartlar sistemidir. Sağlam və təhlükəsiz əmək şəraitini yaratmaq işəgötürənlərin vəzifəsi olsa da, əmək müqaviləsi ilə işləyən hər bir işçinin vəzifəsi də əməyin mühafizəsi üzrə müvafiq normativ-hüquqi aktlarda nəzərdə tutulan tələbləri öyrənmək və onlara əməl etməkdir. Ölkəmizdə əməyin mühafizəsi ilə bağlı qanunvericiliyin əsasını Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi, “Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır” müddəası təşkil edir. Ölkəmizdə əmək münasibətlərini tənzimləyən əsas qanunvericilik aktı 1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Əmək Məcəlləsidir. Məcəllədə əmək münasibətlərində olan işçilərin və işəgötürənlərin hüquq və vəzifələri, qarşılıqlı məsuliyyətləri, habelə əməyin mühafizəsini tənzimləyən norma, qayda və prinsiplər öz əksini tapmışdır.
Son illər Naxçıvan Muxtar Respublikasında tikinti-quraşdırma işlərinin həcminin davamlı artması, yeni istehsal və xidmət sahələrinin yaradılması, iş proseslərinin daha məhsuldar və intensiv xarakter alması, öz növbəsində, iqtisadiyyatın müxtəlif sahələrində çalışan işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasına və əməyin mühafizəsi xidmətinə də diqqətin artmasını şərtləndirmişdir. Buna görə də muxtar respublikada bu sahəyə xüsusi diqqət yetirilir, müvafiq profilaktik tədbirlər görülür. 2011-ci il iyunun 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində istehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılması sahəsində görülən tədbirlər, 2012-ci il fevralın 27-də tikinti sektorunda əməyin təşkili və təhlükəsizlik qaydalarına riayət olunması, 2014-cü il fevralın 21-də tikintidə işlərin keyfiyyətlə aparılması və təhlükəsizlik tədbirləri ilə bağlı keçirilən müşavirələrdə verilən tapşırıqların icrası işçi hüquqlarının təminatı, o cümlədən əməyin mühafizəsi standartlarının tətbiqi sahəsində müsbət göstəricilərin artmasına səbəb olmuşdur. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası təhlükəsiz və sağlam iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərin davamı kimi xüsusi əhəmiyyət daşıyır.
Bu il fevralın 9-da Naxçıvan Muxtar Respublikasında 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov aid orqanlara bütün işçilərlə işəgötürənlər arasında əmək müqavilələrinin bağlanması, işçilər üçün normal iş və istirahət şəraitinin yaradılması, xüsusilə istehsal müəssisələrində əməyin təşkili və təhlükəsizlik qaydalarına əməl olunması, tikinti sektorunda bədbəxt hadisələrin qarşısının alınması üçün işçilərin fərdi və xüsusi mühafizə vasitələri ilə təchiz olunması, onların texniki təhlükəsizlik qaydaları barədə təlimatlandırılmasına diqqət və nəzarətin artırılması ilə bağlı konkret tapşırıqlar vermişdir. Ötən dövrdə istehsal, emal və tikinti sahələrində fəaliyyət göstərən müəssisələrdə bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilmişdir. Bu dövr ərzində muxtar respublika üzrə 20 obyektə baxış keçirilmiş, 15 halda istehsal sahəsində çalışan işçilər fərdi mühafizə vasitələri ilə təmin edilmiş, fərdi mühafizə vasitəsi olmayan 9 işçi müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılmışdır. Bu müddət ərzində 66 müəssisədə bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından işçilərlə icbari sığorta müqaviləsi ilə bağlı maarifləndirici söhbətlər aparılmış və müqavilələr bağlanmışdır. Əməyin mühafizəsi mütəxəssislərinin peşəkarlığını artırmaq məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Texniki təhlükəsizlik və əməyin mühafizəsi normaları, qaydaları və standartlarına əməl olunması” mövzusunda maarifləndirici kurslar təşkil olunmuşdur. Həmçinin istehsalatda yüngül xəsarətalma ilə nəticələnən hadisələrin təkrarlanmaması məqsədilə işəgötürənlərə metodik köməklik göstərilmişdir.
Tikinti sahəsində işə başlamadan əvvəl sanitar, yanğın, ekoloji təhlükəsizlik, həmçinin yaxınlıqdakı mühəndis və nəqliyyat kommunikasiyalarının və tikililərin təhlükəsizliyinin təmin edilməsi, təmir-tikinti aparılan yerdə xüsusi işarələrin qoyulması, yüksək təhlükə mənbəyi olan mexanizm və avadanlıqların istifadədən əvvəl sınaqdan və texniki təhlükəsizlik ekspertizasından keçirilməsi də diqqət mərkəzindədir. Bu gün tikinti aparılan obyektdə müvəqqəti qurğuların qurulması, yəni işçilərin soyunub-geyinməsi üçün çadır və köşklərin təşkil edilməsi, işçilərin nahar və istirahət etmələri üçün sanitar-gigiyenik qaydalara cavab verən xüsusi yerlərin hazırlanması, işçilərin sağlamlığının qorunması məqsədilə təcili tibbi yardım çantaları ilə təmin edilməsi muxtar respublikada əməyin mühafizəsi və işçilərin sağlamlığının qorunmasına xüsusi diqqət və nəzarət yetirilməsinin daha bir ifadəsidir.
Ümumiyyətlə, istehsal və tikinti sektorunda işçilərin əmək hüquqlarının qorunmasına və əməyin mühafizəsi qaydalarına əməl edilməsinə davamlı nəzarətin və maarifləndirici tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, muxtar respublikada istehsal qəzalarının sayı ötən illərlə müqayisədə xeyli azalmış, əmək qabiliyyətinin itirilməsi ilə nəticələnən bədbəxt hadisələrin sayı minimuma enmiş, bir sıra peşə xəstəliklərinin qarşısı alınmışdır. Bu sahədə həyata keçirilən tədbirlər istehsal, emal və tikinti sahələrində əmək məhsuldarlığının artmasına və hər bir işçinin əməyin mühafizəsi mədəniyyətinin yüksəlməsinə səbəb olmuşdur.
Muxtar respublikada insan amilinə yüksək diqqət və qayğını özündə ehtiva edən əməyin mühafizəsinin təşkilinə bundan sonra da xüsusi diqqət yetiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR