Günəş batır. Yavaş-yavaş qürub edir parlaq şəfəqlər. Gündüzlərin nazlı xanımı itir tutqun üfüqlərdə. Axşam düşür. Hava qaralır. Gecələrin sultanı olan Ay görünür buludların arasında. Ulduzları çağırır səmanın dərinliklərindən. Mavi kəhkəşan səssiz-səmirsiz təslim olur qaranlığa. Gecə başlayır, qaranlıq səssizcə yatmış şəhərin gözəlliklərinə süzülür. Aramla danışır, söhbətləşir oyaq sirdaşlarıyla. Şairlərin qələminə toxunur, rəssamların fırçasına. Bəzən də kövrək duyğu olub köçür pianonun dillərinə – hey danışır.
Aramla, tələsmədən. Bir başqa görünür yatmış şəhərim sehrli gecənin işığında. Qaranlıqda açılan nurlu səhəri xatırladır. Yorğun küçələri, yolları parlaq nura qərq edən gecə lampaları göy üzündə sayrışan ulduzlara bənzəyir. Nə bir qorxu, nə bir tərəddüd. Yalnız rahatlıq var ürəklərdə...
Qədim Naxçıvanın möhtəşəm mənzərəsi gecəni də heyran qoyur özünə. Hər tərəfdə bərq vuran işıqlar, tər-təmiz küçələr, hamar yollar, bir-birindən yaraşıqlı binalar gecələr də gözəl görünür. Bu gün Naxçıvan zülmətdən, qaranlıqdan azad olmuş məmləkətdir. Bir zamanlar işığa həsrət qalmasına baxmayaraq, indi nura qərq olub. Qədim abidələrin, parkların, küçələrin, yolların işıqlı görünüşü qoca Şərqin ulu torpağını daha ecazkar edir. Keçmişə nəzər saldıqda gözlərimiz önündə ayrı bir mənzərə canlanır. Gecələri zülmət, evləri işıqsız, küçələri qaranlıq olan Naxçıvanın bugünkü gözəlliyindən fəxrlə danışılır, qürurla söhbət açılır. Naxçıvanlılar indi gecələri də gündüz kimi yaşayırlar. Bir-birindən gözəl binalar, məktəblər, yaraşıqlı müəssisələr işıqlandırma sistemləri sayəsində olduqca zərif və gözəl görünür. Bütün bunlar isə Naxçıvanı dünyada tanıdır, ona doğru yönəlmiş baxışları öz üzərində saxlayır. Əzəmətli torpaq isə əzəmətli görünür. Gecə-gündüz fərq etmədən...