Aprelin 23-də Babək Rayon Prokurorluğunun təşkilatçılığı ilə rayonun Nehrəm kəndində elektrik enerjisindən və təbii qazdan düzgün istifadə qaydalarına, həmçinin ətraf mühitin qorunmasına həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbirdə Babək rayon prokuroru, ədliyyə müşaviri Əsrafil Əsgərov “Təbii qazın, elektrik və istilik enerjisinin talanması iqtisadiyyatımıza zərbədir” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, böyük dövlət qayğısı nəticəsində muxtar respublikamızda əhali fasiləsiz elektrik enerjisi və təbii qazla tam təmin olunub. Hazırda qarşıda duran başlıca vəzifə enerji resurslarından səmərəli istifadə olunmasından ibarətdir. Ona görə də hər bir idarə, müəssisə və təşkilat, eləcə də hər bir vətəndaş elektrik enerjisindən və təbii qazdan səmərəli istifadə etməli, israfçılığa, qanunsuz istifadə hallarına qətiyyən yol verməməlidir.
Əsrafil Əsgərov elektrik enerjisindən və təbii qazdan qanunsuz istifadə halları ilə əlaqədar Cinayət Məcəlləsindəki maddələr barədə sakinlərə ətraflı məlumat verib.
Sonra Babək rayon prokurorunun böyük köməkçisi, ikinci dərəcəli hüquqşünas Vüqar Hüseynov ətraf mühitin mühafizəsi barədə çıxış edərək bildirib ki, ölkəmizdə son illərdə ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadəyə dair bir sıra normativ-hüquqi aktlar qəbul edilib, təbiətin qorunması sahəsində mühüm addımlar atılıb. Nəzərə çatdırılıb ki, ətraf mühitə ziyan vurulması nəticəsində bitki örtüyünün, heyvanların, su obyektlərinin, bioloji sərvətlərin məhv olması, atmosferin çirklənməsi və sair hallar baş verir. Odur ki, ətraf mühitin qorunması günümüzün vacib məsələlərindən biridir və bu iş hər kəsin vətəndaşlıq borcudur.
Qeyd olunub ki, ekologiyadan istifadə sahəsində inzibati məsuliyyət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindəki “Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar” fəslində, ekologiyadan istifadə sahəsində cinayət məsuliyyəti isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Ekoloji cinayətlər” adlanan 28-ci fəslində öz əksini tapıb. Vüqar Hüseynov qanunsuz istifadə halları ilə əlaqədar İnzibati Xətalar və Cinayət məcəllələrindəki maddələr barədə sakinlərə məlumat verib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Xəbərlər şöbəsi