Əmək yarmarkaları işaxtaran vətəndaşların müvafiq işlə təmin olunmaları sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri hesab olunur.
Belə yarmarkaların keçirilməsində əsas məqsəd işəgötürənlərlə işaxtaran vətəndaşların bilavasitə qarşılıqlı ünsiyyətinin təşkil edilməsi və bununla da, işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verə bilən ixtisaslı, peşəkar, təcrübəli kadr seçiminə geniş imkanlar yaratmaq, eyni zamanda işaxtaran vətəndaşların mövcud vakant iş yerləri haqqında məlumat almalarına və layiqli işlə təmin olunmalarına köməklik göstərilməsini təşkil etməkdir. Yarmarkalara hazırlıq dövründə həyata keçirilən genişmiqyaslı təşkilati işlər, xüsusilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri bu mühüm aktiv məşğulluq tədbirində işəgötürənlərin, işaxtaran vətəndaşların fəal iştirakını təmin edir.
Növbəti belə əmək yarmarkası dünən Naxçıvan şəhərində keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin direktoru Əli Məmmədov açıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı regionda sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrin inkişafına təkan verib. Blokada şəraitində olmasına baxmayaraq, muxtar respublikada sosial-iqtisadi inkişafın artım templəri yüksələn xətt üzrə inkişaf edir. Bu da, öz növbəsində, əmək bazarının həcminin genişlənməsinə və davamlı inkişafına zəmin yaradır. 2014-cü ildə olduğu kimi, cari ildə də muxtar respublikada əmək yarmarkalarının mütəşəkkil keçirilməsi nəzərdə tutulub. Buna görə də Naxçıvan Şəhər Məşğulluq Mərkəzi bu gün keçirilən əmək yarmarkasına geniş hazırlıq işləri apararaq idarə, müəssisə və təşkilatlarla yaxından əlaqə saxlayıb, boş iş yerlərinin mövcudluğunu araşdırıb. Nəticədə, bugünkü əmək yarmarkasına idarə və təşkilatlardan, o cümlədən özəl qurumlardan 537 boş iş yeri çıxarılıb.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməmmədov çıxış edərək bildirib ki, insanlarının sosial rifahının yüksəldilməsi, əhalinin məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda uğurla davam etdirilən bu strateji xətt muxtar respublikamızın sosial-iqtisadi inkişafını sürətləndirməklə bərabər, yoxsulluğun aradan qaldırılmasına da geniş imkanlar açıb. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Naxçıvan şəhərində də mütəmadi olaraq təşkil edilən əmək yarmarkaları əhalinin məşğulluq məsələlərinin həllində mühüm rol oynayır.
İşaxtaran vətəndaş Tahirə Babayeva əmək yarmarkalarının təşkilinə görə minnətdarlığını bildirib.
Çıxışlardan sonra işaxtaran vətəndaşlar yarmarkada müxtəlif qurumlardan təklif olunan boş iş yerləri ilə maraqlanır, müvafiq qurumların nümayəndələrindən onları maraqlandıran suallara cavablar alırdılar. Biz isə işə göndəriş alan bəzi şəhər sakinləri ilə söhbətləşdik.
Qorxmaz Məhərrəmov Naxçıvan şəhərində yaşayır. Ali təhsilli olmasa da, özünə uyğun iş tapdığını və işə göndəriş aldığını bildirir: “Məşğulluq Mərkəzinə əvvəlcədən müraciət edərək qeydiyyatdan keçmişdim. Mənimlə əlaqə saxlayacaqlarını bildirmişdilər. Ona görə də əmək yarmarkasının təşkil olunacağını gözləyirdim. Yarmarkaya çıxarılmış fərqli işlər çoxdur. Mən də özümə uyğun iş tapmışam və göndərişlə yeni iş yerinə gedirəm”.
Digər işaxtaran Samil Məcnunov da özünə uyğun iş tapdığını dedi:
– Əvvəllər də bir neçə dəfə əmək yarmarkalarına müraciət etmişəm. İşə göndəriş alsam da, müəyyən səbəblər üzündən işləmək imkanım olmayıb. Ancaq bu dəfə, deyəsən, bəxtim gətirib. Yeni iş yerinə göndəriş almışam. Düşünürəm ki, indi seçdiyim iş daha ürəyimcədir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən verilən məlumata görə, əmək yarmarkasında 51 təşkilatdan 537 boş iş yeri çıxarılıb, 63 nəfər işaxtaran vətəndaşa işə göndəriş verilib.
Səbuhi Həsənov