22 Dekabr 2024, Bazar

Dünən Şərur rayonunda Şərur Rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə cari ilin ilk əmək yarmarkası keçirilib.
Tədbiri giriş sözü ilə Şərur Rayon Məşğulluq Mərkəzinin direktoru Məmməd Məmmədov açaraq bildirib ki, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”nın uğurlu icrası əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır.
Qeyd olunub ki, vətəndaşların səmərəli məşğulluğunun təmin edilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının inkişafı muxtar respublikamızda daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Bu baxımdan yeni müəssisələrin fəaliyyətə başlamasına, sahibkarlığın inkişaf etdirilməsinə xüsusi önəm verilir. İşaxtaran vətəndaşların, xüsusilə gənclərin işlə təmin olunmaları sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də muxtar respublikada müntəzəm olaraq keçirilən əmək yarmarkalarıdır.

Yarmarkalara hazırlıq dövründə həyata keçirilən təşkilati işlər, xüsusilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri bu mühüm aktiv məşğulluq tədbirində işəgötürənlərin, işaxtaran vətəndaşların fəal iştirakını təmin edib. Şərur Rayon Məşğulluq Mərkəzi də öz işini bu istiqamətdə qurub.
Şərur Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Kamal Ələkbərov çıxışında qeyd edib ki, son illər rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər əhalinin məşğulluğuna müsbət təsir göstərib, bunun da nəticəsində yüzlərlə insan müvafiq işlə təmin olunub. Keçirilən əmək yarmarkalarına işaxtaran insanların marağının böyük olması onu göstərir ki, işaxtaranlarda bu yarmarkalarda ixtisaslarına uyğun iş tapmalarına böyük inam vardır.
İşaxtaran vətəndaş Fuad Yusifov tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Qeyd olunub ki, belə tədbirlərdə işaxtaran vətəndaşlar yerli məşğulluq orqanlarının xidmətlərindən daha çox bəhrələnir, işəgötürən müəssisələrin məsul nümayəndələri ilə birbaşa ünsiyyət yaratmaq imkanı qazanırlar.
Sonra yarmarkaya gələnlər onlara təqdim olunan vakant iş yerləri ilə tanış olublar. 28 təşkilatdan 305 boş iş yerinin çıxarıldığı əmək yarmarkasında 73 nəfərə işə göndəriş verilib.

 Cəfər Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR