22 Dekabr 2024, Bazar

İnsanı yer üzünün əşrəfi qılan yüksək mənəvi keyfiyyətlərdən biri də “xeyirxahlıq” adlı anlayışın əməldə təzahürüdür. Bu keyfiyyətə qədər insan kiçik yaşlarından müəyyən mərhələlər, tərbiyə prosesi keçir. Həmin mərhələlərdən biri əməksevərlik, əməyə məhəbbət tərbiyəsinin aşılanması dövrüdür. Bu mərhələni lazımi səviyyədə qət edən şəxs, nəticədə, xeyirxah bir insana çevrilir.
Nədir əməyə məhəbbət, əməksevərlik? O, insana hansı duyğuları bəxş edir, onda hansı keyfiyyətlər formalaşdırır? Nəhayət, əməksevərlik bir insanda necə təcəlli edir?
Ən əvvəl qeyd edək ki, insanoğlunun ilk tərbiyə məktəbi olan ailə mühiti, digər tərbiyə növləri kimi, gələcəyimiz olacaq övladlarımıza əməksevərlik tərbiyəsini də təlqin etməyə borcludur. Bu tərbiyəyə, başlıca olaraq, uşaqların etdiklərinə, dediklərinə görə məsuliyyət hissi duyduqları andan başlanmalıdır.

Elə bir insan tapılmaz ki, istəyi, arzusu və diləyi olmasın. Yenicə anadan olmuş körpənin belə, istəyi olur. Bu istəyə zaman ötdükcə arzu, daha sonra isə dilək əlavə olunur. Məhz arzulara, diləklərə çatmaq əməksevərliklə mümkündür; zəhmət çəkməklə arzuya çatmaq insana verilən ən dəyərli nemətdir. Hər hansı bir arzuya yetmək, diləyə çatmaq əzmkarlıq sayəsində həyata keçir ki, bunun təməlində əməksevərlik tərbiyəsi durur. Deməli, övladımız arzu, istək sahibi insan kimi tərbiyə edilməlidir. Çalışmalıyıq ki, uşaq öz istəyinə, arzusuna özünün sərf edə bildiyi əməklə, sahib olduğu səriştə ilə çatsın. Bu, onda əzmkarlıq hissi yaradacaq, onu çətinliklərdən qorxmayan cəsarətli, qətiyyətli insana çevirəcək. Bax hələ yenicə əməksevərlik tərbiyəsinə başladığımız ilk vaxtlarda övladımızda formalaşan necə dəyərli keyfiyyətlərə şahidlik etdik; zamanla bu keyfiyyətlər cilalanacaq, şaxələnəcək, beləliklə, yetişməkdə olan gənc nəslə yeni duyğular aşılayacaq. Məhz bu duyğuların fövqündə vətəndaşlıq duyğusu dayanacaq. Bu, o deməkdir ki, Vətənə xidmət kimi ali bir vəzifənin güc qaynağı olan vətənpərvərlik tərbiyəsinin bir qolunu məhz əməksevərlik təşkil edir.
Zəhmətə qatlaşmaq uşaqların, yeniyetmələrin təhsilində xüsusilə vacib amildir. Şagird öyrədilən biliyi məhz zəhmətlə, əmək sərf etməklə mənimsəyir. Mütaliə etmək, öyrədilənləri təcrübi məşğələlərdə nümayiş etdirməklə özününküləşdirmək, sinifdənxaric oxu materiallarını tədris olunan mövzu ilə müqayisə edib ümumi bilik qazanmaq təhsilin ənənəvi prinsiplərindəndir. Bütün bunlar zəhmətkeş şagirdin nəsibi olacaq təhsil uğurlarıdır. Bu uğurların əldə edilməsi üçün muxtar respublikamızda hər cür şərait yaradılıb; yeni məktəb binaları tikilib, mövcud olanlar yenidən qurulub və həmin məktəblər müasir tədris üsul və metodlarına cavab verən tədris avadanlıqları ilə təmin edilib. Qalır, müəllimin və şagirdin zəhmətə qatlaşıb üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməsi, göstərilən qayğıya əməli işlə cavab verməsi. Əmək sərf etməklə qazanılan uğurlar bu günün şagirdini gələcəyin tələbəsi, sənət və ya peşə sahibi kimi məqsədli fəaliyyətə sövq edəcək. Və əlbəttə ki, bu fəaliyyət zamanı da əməksevərlik yenə öz sözünü deyəcək. Gələcəyin ixtisaslı mütəxəssisi kimi yetişib cəmiyyətə, dövlətə yararlı insan olaraq yaşamaq amalı əməksevər tərbiyəyə malik olmaqdan çox asılıdır. Ona görədir ki, Naxçıvanda əməksevər nəslin formalaşması üçün lazımi tədbirlər həyata keçirilir.
Bu da həqiqətdir ki, zəhmətlə qazanılan, əmək sərf etməklə əldə edilən nailiyyətin, uğurun sevinci qiymətəgəlməzdir. Bu cür qazanılan uğur, nailiyyət həmin kəsin ən təbii haqqıdır. Və bu haqqı o kəsin əlindən heç bir qüvvə ala bilməz. Çünki zəhmətkeş xislətə sahib olan insan yenə əzmkarlıq nümayiş etdirərək, zəhmətə qatlaşaraq o cür qüvvələrə qarşı mübarizə aparacaq. Bu mübarizədə isə onun qalib olacağına şübhə yoxdur.
Zəhmətə qatlaşmaq, əmək sərf etmək təkcə fiziki güclə bağlı deyil. Zehni qabiliyyət və əməli səriştə ilə də nümunəvi zəhmətkeşlik, əməksevərlik nümayiş etdirmək mümkündür. Amma bir həqiqət var ki, əməksevərliyin ilk rüşeymini məhz fiziki güc sərf etmək təşkil edir. Bu mənada əməksevərlik tərbiyəsi, yuxarıda qeyd etdiyimiz kimi, kiçik yaşlardan başlanmalıdır. Çünki kiçikyaşlı uşaqlar, təbii olaraq, fiziki güc tələb edən əməyə meyilli olurlar. Belə ki, valideynlər fiziki güc sərf etməklə evdə hər hansı bir iş görərkən uşaq onun yanından ayrılmaq istəmir, bacardıqca valideyninə kömək etmək arzusunda olur. Bax bu məqamı valideynlər fövtə verməməli, ondan düzgün istifadə etməyi bacarmalıdırlar. Bunu uşaqları həvəsləndirmək və əməyə alışdırmaq üçün onlara yaşına uyğun olan işlər görməyi tapşırmaqla həyata keçirmək mümkündür. Bu cür məşğulluq ən təsirli tərbiyə üsuludur. Unutmayaq ki, belə tərbiyə prosesinin özü də gələcəkdə dönüb keçmiş illərə baxaraq övladın tərbiyəsi üçün nə qədər əmək sərf etdiyini valideynə xatırladacaq ən dəyərli xatirədir. Məhz bu xatirələrdə cəmiyyətə xeyirli övladlar bəxş etmək üçün çəkilən əziyyət, bəslənən ümidlər yaşayacaq.
Əməksevərlik tərbiyəsi insanda ona ömürboyu gərək olacaq ədalətlilik keyfiyyətinin formalaşmasına səbəb olur. Zəhmətlə, əmək sərf etməklə əldə edilən nailiyyət məhz ədalətlə əldə edilmiş uğurdur. Və bu uğurun sevinci insanı qürurlandırır, onda özünə və iradəsinə inam yaradır. Deməli, zəhmətkeşliyin formalaşdırdığı ədalət duyğusu insanda özgüvən deyilən daha bir keyfiyyətin baş qaldırmasına səbəb olur. Zəhmətkeş insan başqalarının sevincini və kədərini paylaşar; belə insanlar paxıllıq nə olduğunu bilməzlər, daim insanlara kömək etməyə çalışarlar, təbiətin qayğısına qalarlar, insanlardakı yüksək keyfiyyəti dəyərləndirməyi bacararlar, böyüklərə hörmət, kiçiklərə şəfqət göstərərlər, xeyrin, ədalətin tərəfində olaraq cəmiyyətin inkişafına töhfələr verməyə səy göstərərlər ki, bütün bunlar hər kəsin cəmiyyət qarşısındakı sosial məsuliyyətini təşkil edən əsas amillərdəndir. Nəhayət, zəhmətkeş, əməksevər insanlar bu dünyada, məqalənin əvvəlində insanı kainatın əşrəfi kimi səciyyələndirən keyfiyyətlərdən olduğunu dediyimiz xeyirxah insanlar kimi tanınarlar, yad edilərlər.
Qürurverici haldır ki, bəşəriyyətə neçə-neçə dahilər bəxş edən qədim Naxçıvan diyarında bu gün müdrikliklə əməksevər bir mühit yaradılmaqdadır. Çünki həyatımızın bütün sahələrində tam mənası ilə hiss etdiyimiz, gördüyümüz uğurlar məhz gərgin zəhmətin əməli nəticələridir. Belə bir cəmiyyətin formalaşdırılması bugünkü möhtəşəm inkişafın əzmlə davam etdirilməsinə, əldə edilən uğurların qorunub saxlanılmasına xidmət edir. Əlbəttə, bu gün formalaşdırılan zəhmətkeş cəmiyyətdən gələcək nəsil də öz nəsibini alacaq və Naxçıvan dünya durduqca yer üzündə daim Şərqin əzəmətli qapısı olmaq missiyasını şərəflə yerinə yetirəcək. Və gələcək nəsil sahib olduğu yüksək insani keyfiyyətlərə görə, əldə edəcəyi uğurların təməlində bu gün qazanılan nailiyyətlərin və formalaşdırılan əməksevər cəmiyyətin dayandığını bilərək sələflərinə minnətdar olacaq.
Əməksevərlik tərbiyəsinin aşılanmasında muxtar respublikada keçirilən iməciliklərin mövsüm boyunca davam etdirilməsinin rolu olduqca böyükdür. Bu iməciliklərin keçirilməsi təkcə ağac əkmək, yaşıllıq salmaq kimi xeyirxah işin icrası demək deyil; eyni zamanda insanlar arasında yardımlaşmaq, gələcək üçün fəaliyyət göstərmək və ən əsası zəhmətlə əkib-becərdiyin fidanı ərsəyə gətirmək kimi yüksək keyfiyyətlərə sahib olmaq deməkdir. Bəli, muxtar respublikada keçirilən kütləvi iməciliklər insanlarımıza daim inkişaf üçün gərəkli olan sadaladığımız özünəməxsusluqlar aşılamaqdadır.
Əməksevər mühitin formalaşdırılmasında idmanın da rolu danılmazdır. Buna görə diyarımızda idmanın kütləviləşməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Növündən asılı olmayaraq, idmanla məşğul olmaq insanda dözümlülük, təəssübkeşlik, zəhmətsevərlik, səbir, iradə və inam kimi xüsusiyyətlər formalaşdırır. Bu xüsusiyyətlərin məcmusundan əməksevərlik təcəlli edir.
Göründüyü kimi, dövlətimiz tərəfindən insanlarda əməksevər keyfiyyətin formalaşması üçün mümkün olan tədbirlər həyata keçirilməkdədir. Dövlətimiz buna maraqlıdır ona görə ki, məhz yuxarıda sadalanan insan cəmiyyəti yaşamağa haqq qazanır, inkişaf etməyə layiq bilinir.
Unutmayaq ki, dövlətin istədiyi əməksevər mühitin formalaşması həm cəmiyyət, həm də fərd olaraq biz insanlara xoşbəxt gələcək, idealları uğrunda mübarizə aparıb qalib ola biləcək nəsil bəxş edəcək.

 Səyyar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR