Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı cari ilin ötən dövrü ərzində sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrə cəlbi, habelə onların cəmiyyətə inteqrasiyası istiqamətində tədbirlər davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət müvafiq komissiya 2014-2015-ci tədris ilində Naxçıvan şəhər, həmçinin Şərur, Babək, Culfa, Ordubad və Sədərək rayonlarında sağlamlıq imkanları məhdud uşaqların cəlb olunduğu məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrdə olub, uşaqların tədrisdə iştirakına, peşə maraqlarının aşkar edilməsinə, ümumtəhsil müəssisələrində psixoloqlar tərəfindən sağlamlıq imkanları məhdud uşaqlarla əlaqədar fərdi proqram əsasında həyata keçirilən tədbirlərin nəticələrinə dair monitorinqlər, həmçinin sağlamlıq imkanları məhdud uşaqların valideynləri, müəllimləri ilə maarifləndirici görüşlər keçirib.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Cəhri kənd 1 nömrəli tam orta məktəbdə komissiya üzvlərinin, Cəhri kənd tam orta məktəblərində tədrisə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin, bu kateqoriyadan olan uşaqlara fənləri tədris edən müəllimlər və məktəb psixoloqlarının iştirakı ilə tədbir keçirilib. Görüşdə məktəbdə psixoloji xidmətin təşkili, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı psixoloqlar tərəfindən hazırlanan fərdi proqramlar əsasında həyata keçirilən tədbirlər, onların tədrisdə iştirakının vəziyyəti və qarşıda duran vəzifələrlə əlaqədar maarifləndirici söhbətlər aparılıb.
Komissiya üzvləri tərəfindən tədbir iştirakçılarının sualları cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti