22 Dekabr 2024, Bazar

Müasir dövrdə güclü dövlət həm də güclü sosial dayaqlara malik vətəndaş cəmiyyəti strukturudur. Hər bir ölkənin və onun əhalisinin əmin-amanlıq şəraitində, rifah halında yaşaması güclü dövlətin ən mühüm şərtidir. Çünki dövlətin və cəmiyyətin idarə olunmasında müəyyən mexanizmlər olsa da, bütün maddi və mənəvi problemlərin həllində dövlət məhz cəmiyyətin dəstəyinə arxalanır. Buna görə də insan amilinə həssas yanaşılan ölkələrdə dövlət-vətəndaş münasibətləri ən yüksək səviyyədə özünü təzahür etdirir.

Bu gün hərtərəfli inkişafı ilə seçilən Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında, əhalinin sosial qayğıya ehtiyacı olan təbəqəsinə isti münasibətin formalaşdırılmasında, sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inte­qrasiyasında ortaya qoyulan yanaşma bir çox dünya ölkə­ləri üçün də nümunə ola bilər. 2003-cü ilin ok­tyabrında böyük səs çoxluğu ilə ölkə rəhbəri seçilən Prezident İlham Əliyev: “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam” deyərkən məhz öz gələcək fəaliyyətində cəmiyyətin hər bir üzvünü, o cümlədən sağlamlığı məhdud olan vətəndaşları da nəzərdə tuturdu. 5 oktyabr 2010-cu ildə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin açılışı mərasimində ölkə başçısının söylədiyi “Fiziki imkanları məhdud olan uşaqlar burada oxuyacaqlar. Onlar cəmiyyətdən kənarda qalmayacaqlar. Azərbaycanda elə şərait yaradılmalıdır ki, bütün vətəndaşlar onların fiziki imkanlarına baxmayaraq, ondan asılı olmayaraq, cəmiyyətdə öz yerini tuta bilsin” fikirləri isə dövlət başçısının bu kateqoriyadan olan vətəndaşlara xüsusi diqqətinin təzahürü olmaqla yanaşı, Naxçıvanın həm də digər regionlar üçün bir nümunə olduğunu göstərirdi.

Muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası, hüquqlarının təmin olunması, eləcə də onların sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində yeni mərhələnin başlanğıcını qoyub. Fiziki imkanlarının məhdudluğundan asılı olmayaraq, hər bir insanın cəmiyyətə inteqrasiyasının təmin olunması təkcə müəyyənləşdirilən vəzifə deyil, həm də müqəddəs bir vəzifədir. Əgər ölkəmizdə məhdud fiziki imkanlı insanların xüsusi təhsili haqqında mövcud olan qanunvericilik bazası onların, sadəcə, təhsil almasını nəzərdə tuturdusa, yuxarıda adıçəkilən dövlət proqramı bu kateqoriyadan olan uşaqların digər uşaqlarla birgə təhsilə cəlb edilməsini, onların cəmiyyətə inte­qrasiyasını hədəfləyir. Təbii ki, bu sahədə artıq 5 ilə yaxın bir müddətdə fəaliyyət göstərən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin üzərinə böyük vəzifələr düşür. Qeyd edək ki, mərkəzin yaradılmasında əsas məqsəd muxtar respublikada məhdud fiziki imkanlı şəxslər üçün informasiya texnologiyalarının tədrisini, görmə qabiliyyəti məhdud olan uşaqlara informasiya texnologiyaları sahəsində bilik və bacarıqların aşılanmasını, habelə uşaqların sosial reabilitasiyasını və onların cəmiyyətə inteqrasiyasını təmin etməkdən ibarətdir. Hazırda mərkəzdə brayl kitabxana, eşitmə qabiliyyəti məhdud şəxslər üçün elektron kitabxana, görmə qabiliyyəti məhdud şəxslər üçün audiokitabxana, zehni inkişafında və nitqində qüsurları olan uşaqların reabilitasiyası məqsədilə kinekt otağı, defektoloji bölmə, sağlamlıq imkanları məhdud uşaqların sosial adaptasiyası məqsədilə əmək terapiyası otağı fəaliyyət göstərir. Audio və elektron kitabxana mütəmadi olaraq yeni ədəbiyyatlarla zənginləşdirilir. Otaqlarda quraşdırılan müasir tədris avadanlıqları sağlamlıq imkanları məhdud uşaqların təhsil almasına, onların kompüter və digər elektron tədris vasitələrindən istifadə bacarıqlarının artırılmasına şərait yaradır. “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, muxtar respublikada hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən ümumtəhsil müəssisələrinə gedə bilməyən uşaqların təhsil almasını təmin etmək məqsədilə mərkəzdə məhdud fiziki imkanlılar üçün Distant Tədris Mərkəzi yaradılıb. Bu məqsədlə mərkəzdə iki otaq ayrılıb. Otaqların birində mərkəzi server və çevirici avadanlıqlar quraşdırılıb, tədris sinfi intellektual-elektron lövhə, kompüter, smart kamera, monitor və digər texniki avadanlıqlarla təchiz olunub. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən distant təhsilə 4 müəllim cəlb edilib. Ötən dövr ərzində həmin müəllimlərə, eləcə də distant tədrisə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqların valideynlərinə sistemdən istifadə qaydalarının öyrədilməsi məqsədilə kurs keçilib. Distant tədrisə cəlb olunan uşaqların yaşadığı mənzillərdə asinxron rəqəmsal abunəçi avadanlığı, noutbuk və veb-kameralar quraşdırılıb. Tədris mərkəzinə eyni vaxtda 50 istifadəçinin qoşulması mümkündür. Serverin tutumunun 200 istifadəçiyədək artırılması nəzərdə tutulub ki, bu da gələcəkdə daha çox şagirdin videobağlantı vasitəsilə məsafədən tədris prosesinə qoşulmasına imkan verəcəkdir. Hazırda muxtar respublika üzrə sağlamlıq imkanları məhdud 19 uşaq distant təhsilə cəlb edilib. Yazını hazırlayarkən həmin uşaqlardan bəziləri – Şərur rayonunun Oğlanqala kənd sakini 19 yaşlı Validə Mahmudova, Babək rayonunun Aşağı Uzunoba kəndində yaşayan 12 yaşlı Rauf Hüseynov, Şahbuz rayonunun ucqar Ağbulaq kəndindən 13 yaşlı Taleh Cəmşidli ilə telefon əlaqəsi saxlayaraq təhsilləri ilə maraqlandıq. Hər üç yeniyetmə təhsil almağın onlar üçün çox böyük arzu olduğunu və bu arzularının reallaşmasında zəhməti olan hər kəsə minnətdarlıqlarını bildirdilər. Bir sözlə, azyaşlı müsahiblərimiz distant təhsilin onların gələcək həyatında mühüm rol oynayacağını, dövlətimizin onları unutmadığı üçün bu Vətənin ən layiqli vətəndaşları olacaqlarını qeyd etdilər.
“Əgər xalqımızın, dövlətimizin gələcəyini düşünürüksə, bu gələcəyin təminatçısı olan uşaq və gənclərin sağlam mühitdə yetişməsi qayğısına qalmalı, onların təlim-tərbiyəsi ilə ciddi məşğul olmalıyıq”. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin söylədiyi bu fikirlər kifayət qədər sadə və aydın səslənsə də, burada cəmiyyətin hər bir üzvünə ünvanlanmış bir mesaj da var: istənilən cəmiyyət sağlamlıq imkanları məhdud şəxslərdən sığortalanmayıb. Lakin sağlam cəmiyyət bu kateqoriyadan olan şəxslərin cəmiyyətdən kənar qalmasına icazə verməməlidir. Qeyd etməliyik ki, ötən müddət ərzində muxtar respublikada bu sahədə ən müasir təcrübə əldə edilib. İkinci bir tərəfdən, muxtar respublikanın iqtisadi tərəqqisinin təməlində sosial dayanıqlılıq mühüm paya sahibdir. Sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası yönündə atılan addımlar dövlətin cəmiyyət qarşısında məsuliyyətini ortaya qoymaqla yanaşı, həm də vətəndaşlarda sosial məsuliyyət mədəniyyətinin formalaşmasına şərait yaradır.

Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR