Naxçıvan-Kəngərli magistral yolunun sağında Naxçıvan şəhərinin Əliabad qəsəbəsindəki Əcəmi Naxçıvaninin adını daşıyan məhəllədə yeni tikilən evlər həmin magistraldan keçən insanların diqqətini çəkir. Söhbətimiz də həmin məhəllə və onun sakinləri barədədir. Bəlkə də, bu mövzu çoxlarına adi görünər. Amma elə deyil. Fikrimizcə, Naxçıvanın 20 ilə yaxın inkişafının izlərini bütün çalarları ilə görmək baxımından bu məhəllə ən yaxşı nümunədir. Yol kənarında dayanıb boy-boy sıralanan evlərə baxıram.
Bir-birindən gözəl, arxitektura üslubu ilə zövqoxşayan evlər məni heç də uzaq olmayan yaxın keçmişə aparır. Çoxlarımız yaxşı xatırlayırıq o keçmişi. Bir vaxtlar bu ünvan çöllük idi. O zaman kim bilərdi ki, burada yeni yaşayış massivi salınacaq, neçə-neçə ailə buralarda kök salacaq. İndi isə bu ünvan insanda xoş duyğular yaradan bir məkandır. Bu məkanda sıralanan evlərlə yanaşı, göylərə boy verən ağaclar da diqqəti çəkir.
Elə bu fikirlərlə həmin məhəlləyə doğru irəliləyirəm. Düşünürəm ki, məhəllə haqqında burada yaşayan sakinlərin fikirlərini öyrənim. Necə yaşayır bu məhəllənin sakinləri? Güzəranlarını necə qurublar? Qarşımıza çıxan hərbçi Orxan Məmmədovla həmsöhbət oluram. Deyir ki, bir neçə ildir, bu məhəllədə yaşayır. Bildirir ki, şəhər mərkəzindən bir az kənarda yerləşən bu ərazidə bir neçə il əvvəl evlər çox seyrək idi. Əhalinin yaşayış səviyyəsi, ailə qazancı torpaq sahəsi almağa imkan vermirdi. İndi isə burada boş torpaq sahəsi tapmaq olmaz. Sağımız, solumuz yeni və müasir üslubda tikilmiş evlərdir. Ən sevindirici hal da ondan ibarətdir ki, bir zamanlar yaz-yayda toz-duman olan, payız-qışda zığ-palçıqdan keçilməz hala düşən məhəlləmizdə ötən ilin yay aylarında qızğın iş getdi; yollar genişləndirildi, asfaltlandı, səliqəli piyada səkiləri salındı. Bundan əlavə, vətəndaşların şəxsi yaşayış evlərinin hasarları suvandı, rəngləndi. Bu gün Naxçıvan şəhərinin mərkəzi küçələri ilə kənar məhəllələrin küçələri bir-birindən seçilmir. Bütün bunlar üçün həm öz adımdan, ailəmiz adından, eləcə də məhəlləmizin sakinləri adından dövlətimizə minnətdarlığımı bildirmək istəyirəm. Həyat şəraitimizin yaxşılaşdırılması üçün həyata keçirilən işləri görəndə fəxr edir, qürur duyuruq.
Yanında iki məktəbli olan bir xanıma yaxınlaşıram. Sevinc xanımın dedikləri:
– 10 ildir, ailə qurmuşam. Bunun 6 ilini Naxçıvan şəhərinin müxtəlif məhəllələrində kirayələrdə yaşamışıq. Amma bir neçə il əvvəl Əliabad qəsəbəsinin Əcəmi Naxçıvani məhəlləsində torpaq aldıq, ev tikdik. İndi çox şükür, öz evimiz var. Bura köçdüyümüz ilk vaxtlarda həmişə öz-özümə şikayətlənirdim ki, mərkəzdən aralı düşmüşük. Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbdə müəllim işlədiyimdən mənə Əliabaddan məktəbə gəlib-getmək çətin gəlirdi. O vaxt qəsəbənin yolları da pis vəziyyətdə idi. Nəzərə alsaq ki, iki övladım da işlədiyim məktəbdə oxuyur, onda özünüz vəziyyəti təsəvvür edin. Yayda hər tərəf toz-torpaq olurdu, yazda, payızda palçıq. Qışda da qara bata-bata işə gedib-gəlirdik. Amma ötən ilin ortalarından başlayaraq Əliabad qəsəbəsinin hər tərəfi, eləcə də yaşadığımız Əcəmi Naxçıvani məhəlləsi abadlaşdırıldı; su və kanalizasiya xətləri çəkildi, yollarımız asfaltlandı, piyadalar üçün səkilər düzəldildi. İşıqlandırma sistemləri yaradıldı. Küçə işıqları bu gün məhəllənin gecəsini gündüzə çevirib. İndi düşünürəm ki, nə yaxşı o vaxt burdan torpaq alıb ev tikdik. İndi işıqlı, yaraşıqlı, təmiz və abad məhəlləmizdən bizə qonaq gələn əzizlərimiz də razılıqla danışırlar.
Bir az irəlilədikdən sonra yeni tikilən evə həvəslə baxan bir gənc diqqətimizi çəkir. Yeni tikilməkdə olan evinə baxır. Hiss etmək çətin deyil ki, evinin hazır olmasını səbirsizliklə gözləyir. Düşünürəm ki, daha bir ocağın yaxın vaxtlarda işığı yanacaq. Daha bir ailə yeni mənzilin sevincini yaşayacaq. Ürəyimdən bir arzu keçir: bu işıqlar bütün gənclərimizin evində yansın, yeni mənzilin sevincini arzusunda olan bütün soydaşlarımız yaşasın.
Evlərinin önündə nəvəsinin oynamasını həvəslə izləyən Rəşid babaya yaxınlaşıram:
– Heç yadımdan çıxmaz. Biz burada məskunlaşanda ailələrin sayı heç 20-yə də çatmazdı. Çox çətinliklərlə üzləşdiyimizdən dəfələrlə köçmək fikrinə düşdük. Ancaq muxtar respublikada həyata keçirilən quruculuq tədbirlərini, insanlara göstərilən qayğını görəndə inanırdım ki, bir vaxt bu məhəllə də gözəl və problemsiz yaşayış məntəqələrindən birinə çevriləcək. Və belə də oldu.
Müdriklərdən birinin sözləridir: “Dünəninə xor baxsan, gələcək səni topa tutar”. Bu qənaətdə böyük məna var. Ancaq naxçıvanlılar dünəni necə qoruyublarsa, bu missiya günümüzdə daha geniş mənada həyata keçirilir. Yəni ulu tarix, bu tarixin izləri yaşana-yaşana, yaşadıla-yaşadıla həmin tarixə yeni naxışlar əlavə olunur. Bu prosesi qədim yurd yerinə respublikamızın digər bölgələrindən, qonşu xarici ölkələrdən gələnlər də görürlər, təqdir edirlər. Onu da qeyd edək ki, yeni tarixin qısa bir zamanda – 20 ilə yaxın bir dövrdə belə zənginliklə yazıldığına inanmayanlar da var. Bunun üçün, çox demirəm, bircə dəfə bu torpağa ayaq basmaq lazımdır.
Bəli, bu gün muxtar respublikamızın bütün guşələri özgə bir büsatdadır. Regionun hansı yaşayış məntəqəsinə üz tutsaq, yeniliyin, müasirliyin yaratdığı mənzərələrlə rastlaşarıq. Belə ünvanlar isə bir deyil, beş deyil, onlarla, yüzlərlədir. Biz, sadəcə, bir məhəllənin timsalında bunu oxuculara çatdırdıq.
Bu gün Əcəmi Naxçıvani məhəlləsi böyüyür, inkişaf edir. Gənc ailələrin sayı artır. Yeni qaldırılan və təməli qoyulan evlər getdikcə artır. Biz məhəllədən ayrılarkən həyət evlərinin birindən musiqi səsi ətrafa yayılmışdı. Öyrəndik ki, iki gəncin ailə qurması münasibətilə xınayaxdı mərasimi keçirilir. Qoy həmişə bu məhəllədən, bütün məhəllələrimizdən toy səsi eşidilsin! Bu səs xoşbəxt və firavan bir ailənin gələcək xoş günlərinin sədasıdır.
Sara Əzimova