Maarifləndirici tədbirdə bu məsələ ilə yanaşı, kənd təsərrüfatı sahəsində
həyata keçirilən sığorta növlərindən də bəhs edilib
Dövlətin böyük qayğısı və diqqəti nəticəsində muxtar respublikamızda əhali fasiləsiz elektrik enerjisi və təbii qazla tam təmin olunub. Hazırda qarşıda duran başlıca vəzifə enerji resurslarından səmərəli istifadə olunmasından ibarətdir. Ona görə də hər bir idarə, müəssisə və təşkilat, eləcə də hər bir vətəndaş elektrik enerjisindən və təbii qazdan səmərəli istifadə etməli, israfçılığa, qanunsuz istifadə hallarına qətiyyən yol verməməlidir.
Bu fikirlər dünən Naxçıvan Şəhər Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhərinin Əliabad qəsəbəsində keçirilən enerji resurslarından səmərəli istifadə, həmçinin kənd təsərrüfatı sahəsində sığortalarla bağlı maarifləndirici tədbirdə səsləndirilib.
Tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov açıb.
Naxçıvan şəhər prokurorunun müavini, I dərəcəli hüquqşünas Qalib İsmayılov “Enerji resurslarının talanması məsuliyyətə səbəb olur” mövzusunda məruzə ilə çıxış edərək deyib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin mülkiyyət əleyhinə olan cinayətlər fəslinə yeni maddə – “Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması” maddəsi əlavə edilməklə cinayət qanunvericiliyində bir sıra əməllər cinayət kimi təsbit edilib. O, qanunsuz istifadə halları ilə əlaqədar Cinayət Məcəlləsindəki maddələr barədə sakinlərə ətraflı məlumat verib.
Sonra Naxçıvan şəhər prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas Turqay Həşimli “Kənd təsərrüfatı sahəsində sığortalar” mövzusunda çıxış edib. Kənd təsərrüfatı sahəsində sığortalarla bağlı münasibətləri 18 iyun 2002-ci il tarixdə qəbul edilmiş “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu nizama salır. Qeyd edilən qanun Azərbaycan Respublikasında mülkiyyət formasından asılı olmayaraq, kənd təsərrüfatı məhsulları istehsalçılarının əmlakının sığortasının stimullaşdırılmasının hüquqi və iqtisadi əsaslarını müəyyən edir, sığortanın iştirakçıları arasında münasibətləri tənzimləyir.
Turqay Həşimli “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu və ona uyğun qəbul edilmiş normativ-hüquqi aktlar barədə sakinlərə məlumat verib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Kərəm Həsənov