Dünən Culfa rayonunda növbəti əmək yarmarkası keçirilib.
Tədbiri giriş sözü ilə açan Culfa Rayon Məşğulluq Mərkəzinin direktoru Yalçın Hüseynov muxtar respublikada həyata keçirilən məşğulluq tədbirlərindən danışıb.
Qeyd olunub ki, işaxtaran vətəndaşların, xüsusilə gənclərin işlə təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də muxtar respublikada müntəzəm olaraq keçirilən əmək yarmarkalarıdır. Yarmarkalara hazırlıq dövründə həyata keçirilən təşkilati işlər, xüsusilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri bu mühüm aktiv məşğulluq tədbirində işəgötürənlərin, işaxtaran vətəndaşların fəal iştirakını təmin edib.
İşaxtaran vətəndaş Əhməd Həsənov dövlətimiz tərəfindən əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlər üçün minnətdarlığını bildirərək vurğulayıb ki, bu gün məşğulluq sisteminin inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, əmək bazarının tənzimlənməsi və qeyri-məşğul əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin sosial-iqtisadi siyasətinin əsas tərkib hissəsidir.
Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Qasımov çıxışında qeyd edib ki, son illərdə rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər əhalinin məşğulluğuna müsbət təsir göstərib, bunun da nəticəsində minlərlə insan müvafiq işlə təmin olunub. Keçirilən əmək yarmarkalarına işaxtaran əhalinin marağının böyük olması onu göstərir ki, işaxtaranlarda bu yarmarkalarda ixtisaslarına müvafiq iş tapmalarına böyük inam vardır.
Sonra yarmarkaya gələnlər onlara təqdim olunan vakant iş yerləri ilə tanış olublar. 21 təşkilatdan 169 boş iş yerinin çıxarıldığı yarmarkada 33 nəfərə işə göndəriş verilib.
Xəbərlər şöbəsi