Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu 2015-ci ilin mart ayında əmək pensiyalarının maliyyələşdirilməsini vaxtında başa çatdırmışdır.
Bu dövrdə yerlərdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar da nəzərə alınmaqla, 9 milyon 273 min 700 manat vəsait pensiyaçıların şəxsi hesablarına köçürülmüşdür. Eyni zamanda sosial sığorta müavinəti almaq hüququ olan vətəndaşlara 212 min 500 manat dəyərində vəsait ödənilmişdir.
Ötən ay “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, pensiya hüququ yaranmış 151 vətəndaşa əmək pensiyası təyin olunmuşdur. Onlardan 79-u yaşa görə, 35-i əlilliyə görə, 37 nəfəri isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlardır. Əmək pensiyaçılarına plastik kartların verilməsi, eləcə də istifadə müddəti başa çatmış plastik kartların yenilənməsi işləri də davam etdirilmişdir. Mart ayında bu məqsədlə müvafiq müvəkkil banklara 1608 ədəd plastik kart hazırlanması üçün sifariş verilmişdir.
Yeni əmək fəaliyyətinə başlayanlar üçün sosial sığorta şəhadətnamələrinin hazırlanması işi də diqqət mərkəzində saxlanılır. Ötən ay sığortaedənlər tərəfindən fondun yerli orqanlarına 336 ədəd ərizə daxil olmuş və araşdırma aparılaraq sosial sığorta şəhadətnamələrinin hazırlanması üçün sifarişlər verilmişdir. Həmçinin əvvəllər verilmiş sifarişlərə əsasən hazırlanan 175 sosial sığorta şəhadətnaməsi sığortaolunanlara çatdırılmışdır. İnformasiya idarəetmə sistemi vasitəsilə məcburi dövlət sosial sığortası üzrə hesabatlar elektron formada hazırlanaraq internet üzərindən müvafiq qurumlara çatdırılması işin səmərəliliyini və operativliyini artırmışdır. Mart ayında 2014-cü ilin yekunu üzrə məcburi dövlət sosial sığortası üzrə hesabatların elektron formada qəbulu başa çatdırılmışdır.
Fond və onun yerli orqanları tərəfindən sığorta-pensiya qanunvericiliyi sahəsində təbliğat və maarifləndirmə işləri də davam etdirilir. Belə ki, mart ayında məcburi dövlət sosial sığorta haqları, sığorta-pensiya sisteminin mahiyyəti, sosial sığorta sistemində fərdi uçotun təşkili, əmək pensiyalarının təyinatı və ödənişi sahələri üzrə elektron xidmətlərin tətbiqi və digər təbliğat işləri gücləndirilmiş, Şərur rayonunda “Sığorta-pensiya sisteminin mahiyyəti və bu sahədə tətbiq olunan elektron xidmətlər”, “Avtomatlaşdırılmış pensiya təyinatı sistemi”nin üstünlükləri mövzularında maarifləndirici tədbirlər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun
mətbuat xidməti