Son illərdə muxtar respublikamızda dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Sevindirici haldır ki, dövlət orqanlarının əksəriyyətində əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər insanların qarşılaşa biləcəyi bürokratik əngəlləri, vaxt itkisini, eləcə də digər çətinlikləri aradan qaldırıb.
Fevralın 9-da 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə muxtar respublika rəhbəri tərəfindən Daxili İşlər Nazirliyinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə əhaliyə müvafiq xidmətlərin səyyar qaydada həyata keçirilməsinin təmin edilməsi haqda verilən tapşırıq doğma diyarımızda dövlət-vətəndaş münasibətlərində yeni mərhələnin başlanğıcını qoyub. Bu addım qədirbilən muxtar respublika sakinləri tərəfindən yeni fikrin, yeni yanaşmanın təcəllisi, əhaliyə göstərilən ictimai xidmətlər sahəsində atılan uğurlu addımın, dövlətimizin öz vətəndaşına, bütövlükdə, insan amilinə verdiyi dəyərin təzahürü kimi qiymətləndirilir.
Tapşırıqdan sonrakı müddətdə müvafiq tədbirlər həyata keçirilib, maddi-texniki baza yaradılıb, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə “Hyundai”, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə “NAZ-Lifan-6401” markalı avtomobillər verilib. Avtomobillər xidmət sahələrinə uyğun olaraq, səyyar xidmətin göstərilməsi üçün kompüter, POS-terminal, fotoaparat, elektron məsafəölçən və digər avadanlıqlarla təchiz edilib.
Sözügedən müşavirədən sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən səyyar qaydada yerlərdə əhaliyə daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı və digər xidmətlər göstərilir. Səyyar xidmət zamanı əvvəlcə vətəndaşların ərizələri qəbul olunur və məlumat bazası üzrə uyğunluğu yoxlanılır. Bundan sonra qəbul edilmiş sənədlər rayon şöbələri tərəfindən elektron sistemə salınaraq təsdiq üçün xidmətin mərkəzi aparatına göndərilir. Burada daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınaraq çıxarış hazırlanır, kağız və elektron variantlarda arxiv yaradılır. Bütün bu proseslər tamamlandıqdan sonra hazırlanan sənədlər vətəndaşlara çatdırılır.
Ötən günlərdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin səyyar xidmət avtomobilinin növbəti dayanacağı Kəngərli rayonunun Qarabağlar kəndi oldu. Nazirliyin əməkdaşı, polis baş leytenantı Seymur Tağıyevlə söhbətimizdə bildirdi ki, burada vətəndaşlara 5 hüquqi xidmət – ümumvətəndaş pasportunun və şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq haqqında və arxiv arayışlarının verilməsi, eləcə də ov silahlarının qeydiyyata alınması üzrə xidmətlər göstərilir. Çalışırıq ki, yerlərdə vətəndaşların müraciətlərini operativ şəkildə cavablandıraq, onların vaxta qənaət etmələrinə şərait yaradaq.
Qarabağlar kənd sakini İlham Əsgərov səyyar xidmətə övladlarına şəxsiyyət vəsiqəsi almaq üçün müraciət edib. Deyir ki, xidmət vasitəsilə vəsiqələrin çıxarılması üçün lazım olan sənədləri qısa vaxt ərzində elə yaxınlıqdakı kənd mərkəzində fəaliyyət göstərən inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən əldə edib, burada təşkil olunan Kəngərli Rayon Mərkəzi Xəstəxanası briqadası tərəfindən tibbi arayışla təmin olunub. Şəxsiyyət vəsiqəsi üçün lazım olan fotoşəkillər də elə kənd mərkəzində təşkil edilən studiyada çəkilib. Bu da onun işini xeyli asanlaşdırıb. Daxili İşlər Nazirliyinin səyyar xidmətinin qeydiyyat və şəxsiyyət vəsiqələri qrupunun əməkdaşları sənədlərin toplanmasına və işlənməsinə böyük həssaslıqla yanaşıblar və bildiriblər ki, qısa müddətdə o, övladlarının şəxsiyyət vəsiqəsini Naxçıvan şəhərinə getmədən elə öz kəndində ala biləcək. Bütün bu görülən işlər dövlətimizin öz vətəndaşlarının qayğısına qalmasından xəbər verir. Buna görə dövlətimizə minnətdarıq.
Kəndin daha bir sakini Samirə Məmmədova da səyyar xidmətdən razılıq edir və deyir ki, əvvəllər şəxsiyyət vəsiqəsi almaq və ya dəyişdirmək üçün Naxçıvan şəhərinə getmək lazım gəlirdi. Mart ayında elə sizin qəzet vasitəsilə mənə məlum oldu ki, daha mənim və mənim kimi çox sayda kənd sakinlərinin Naxçıvan şəhərinə və rayon mərkəzinə getmələrinə, dövlət orqanının qapısını döymələrinə ehtiyac qalmayıb. Əksinə, həmin orqan öz vətəndaşının, yəni biz kənd sakinlərinin qapısını döyəcək, bizim müraciətlərimiz qısa zamanda həllini tapacaq. Dövlətimiz tərəfindən atılan bu addıma görə minnətdaram və haqlı qürur hissi keçirirəm.
Xidmətə müraciət edən Qarabağlar kənd sakinlərindən Musa Hatəmov da sevincini bizimlə bölüşür və deyir ki, şəxsiyyət vəsiqəsini vaxt itirmədən və rahat şəkildə alıb. Xidmət yüksək səviyyədə təşkil olunub. Üstün cəhətlərdən biri isə odur ki, insan nəyisə bilməyəndə çox gözəl izah edirlər, onu məlumatlandırırlar. Bu xidmətin göstərilməsinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığımızı bildiririk.
Səyyar xidmətin daha bir nümayəndəsi Mahir Məmmədovla söhbətimizdə, bütün sənədlər kimi, pasportların verilməsində də operativlik, dəqiqlik prinsiplərinin əsas götürüldüyünü dedi. Qeyd etdi ki, səyyar xidmət zamanı əhalinin get-gələ salınmasından söhbət gedə bilməz. Sənədlərin hər biri yerindədirsə, məsələni dərhal həll edirik, qısa müddət ərzində hər şey yoluna qoyulur.
Qarabağlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə də səyyar xidmətlə bağlı qızğın iş gedirdi. Kəndin icra nümayəndəsi Seyfəddin Tağıyev deyir ki, hər kəsin rahat şəkildə öz arayışını və ya sənədini alıb razılıqla getməsi üçün bütün qüvvələri səfərbər etmişik. Kəndimizdə fəaliyyət göstərən səyyar xidmət sakinlərin uzaq məsafə qət etmədən, əziyyət çəkmədən, rahat şəkildə sənədləşmə işlərini aparmalarına imkan yaradıb. Çalışırıq ki, səyyar xidmət tərəfindən sakinlərdən tələb olunan sənədləri qısa vaxt ərzində insanlar üçün hazır edək.
Sonda onu qeyd etmək istərdik ki, səyyar xidmətlərin təşkilinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, müasir texnologiyaların tətbiq olunması, dövlət məmuru-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin – “dövlət məmurunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır. Operativlik, şəffaflıq, nəzakətlilik və məsuliyyət prinsipləri əsasında əhaliyə səyyar xidmətlərin göstərilməsi muxtar respublika sakinlərinin dövlət qayğısı ilə tam əhatə olunmalarına hədəflənib və dövlət-vətəndaş münasibətləri sahəsində mütərəqqi, təqdirolunası hadisədir.
Səbuhi Hüseynov