Meyvə və üzüm bağlarında
Aran bölgələrdə meyvə bağlarında suvarma aparılmalı, dağlıq bölgələrdə isə budama işləri başa çatdırılmalıdır. Dağlıq bölgələrdə meyvə bağlarında tezyetişən sortlarda vegetasiya inkişafı müşahidə edildikdə bar orqanlarını, aran bölgələrdə isə hava şəraitindən asılı olaraq açılmış çiçəklərin şaxtadan mühafizə edilməsi məqsədilə cərgə aralarında şaşkalar yandırılır, çətin yanıb alışan bitki qalıqları, küləş, peyin və ya yaş odunla tüstüləndirmə aparılır.
Dağlıq bölgələrdə gecoyanan meyvə ağaclarında, az məhsuldar sortlarda sortdəyişmə aparmaq məqsədilə calaq vurulması davam etdirilir. Məhsuldar sortlardan meyvə tingləri tədarük edilir və yeni bağlar salınır.
Üzüm bağlarında tənəklərin üstü açıldıqdan sonra quru budama və dərmanlama aparılır (1 faizli DNOK və 2 faizli Nitrofenlə), digər aqrotexniki işlər davam etdirilir. Şpaler tipli bağlarda beton dirəklər və məftillər təmir edilir. Tənəklərin dibi açılır, şeh kökləri kəsilib çıxarılır və suvarma aparılır. Cərgəarası şumlanır və şırım açılır.
Əkinçilikdə
Yaz əkinlərinin aparılması üçün torpaq sahələri bitkilərin sələfinə uyğun olaraq, növbəli əkin sisteminə əməl edilməklə seçilir, şum qaldırılır.
Payızlıq taxıl əkinləri suvarılır. Əkin sahələrində müşahidələr aparılır, aşkar edilən alaq otlarına (sarıçiçək, yabanı turp və sair) qarşı 2,4 D amin duzu və ya hektafermin (hektara məsarif norması 2 kiloqram), yabanı vələmirə qarşı isə topik herbisidləri (hektara məsarif norması 0,5-1 kiloqram) ilə kimyəvi mübarizə aparılır. Taxıl zəmilərində müşahidə edilən siçanabənzər gəmiricilərə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilir.
Bu ay kartof əkinləri də davam etdirilir. Kartof əkinlərində erkən müşahidə edilən alaq otlarına qarşı metrobuzin preparatından (hektara məsarif norması 0,75-1,2 kiloqram) istifadə edilir. Torpağın rütubətliliyi nəzərə alınaraq əkinlərdə suvarma aparılır.
Toxumla əkilən tərəvəzlərin və dənli-paxlalıların toxumları dərmanlanır və əkin aparılır. Şitillə əkiləcək tərəvəzlər üçün hazırlıq işləri və əkin aparılır.
Bostan bitkilərinin əkini keçirilir.
Qarğıdalı əkinləri üçün şumaltına mineral gübrə səpilərək şum qaldırılır, toxum dərmanlanır və əkin aparılır.
Dən üçün günəbaxan əkinlərinin aparılması da bu ayın əkin işlərindən biridir.
Yonca əkinlərində yonca uzunburnuna (fitonomusa) qarşı karate, dentis, arrivo, mostar preparatlarından (hektara məsarif norması 0,2-0,3 kiloqram) istifadə etməklə mübarizə tədbirləri görülür.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
mətbuat xidməti