22 Dekabr 2024, Bazar

7 aprel – Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Gənclərin sağlamlığı gələcəyin sağlamlığının təminatıdır” mövzusunda tədbir keçirilib.
Tədbiri komitə sədrinin müavini Aytən Məmməd­ova açaraq “Sağlam ailənin təməli və milli dəyərlər” mövzusunda çıxış edib. Bildirilib ki, hər il Ümumdünya Sağlamlıq Gününün qeyd olunması bəşəriyyət üçün prioritet sayılan problemləri bir daha gündəmə gətirir. Məhz bugünkü tədbirin keçirilməsində əsas məqsəd də gənclərimizə sağlam həyat tərzini aşılamaq və zərərli vərdişlərin törətdiyi fəsadlar haqqında ətraflı məlumat verməkdən ibarətdir.

Qeyd olunub ki, əhalinin, xüsusilə də gənclərin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən olaraq, daim dövlətin diqqət mərkəzindədir. Son illər muxtar respublikada səhiyyə sahəsində aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm işlər görülüb, o cümlədən tibb müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, yeni-yeni tibb müəssisələri tikilərək istifadəyə verilib. Bütün bunlarla bərabər, gənclərin sağlamlıqlarının mühafizəsi üçün elə onların da üzərlərinə bir sıra vəzifələr düşür. Əxlaqi keyfiyyətlərə sahib olmaq, zərərli vərdişlərə doğru getməmək, idmanla məşğul olmaq, bir sözlə, düzgün həyat tərzi seçmək gənclərin başlıca vəzifələrindən olmalıdır.
Aytən Məmmədovanın sözlərinə görə, gənclər zərərli vərdişlərə meyillidirlərsə, gələcəkdə ailə münasibətlərinin qorunub saxlanmasında problemlər yaranacaqdır ki, bu da cəmiyyətimizdə sağlam ailənin formalaşmasına maneçilik törədəcəkdir. Buradan görünür ki, zərərli vərdişlər təkcə hər hansı gəncin daxili və fiziki problemi deyil, ümumiyyətlə, cəmiyyətin fundamentinə böyük təhlükədir.
Sağlamlığın təməli yeniyetməlik dövründə qoyulur və bütün həyatboyu insanı izləyir. Sağlam ailənin formalaşmasında da bu amil əsasdır. Bundan əlavə, xalqımızın ailə dəyərlərinə sahib olub ondan yararlanmaq, həm fərdi, həm də ailə həyatında bu dəyərlərə hörmətlə yanaşmaq elə mənəvi sağlamlığın qorunması deməkdir.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim-terapevti Arif Rzayev “Sağlam gənclər sağlam gələcəkdir” mövzusunda çıxış edərək bildirib ki, gənclərin sağlam həyat tərzi yaşamaları üçün onlar arasında idmanın, sağlamlığın təbliği, sağlamlığın qorunması yollarının izahı, zərərli vərdişlərə qarşı maarifləndirmə işinin aparılması, sağlamlıq ruhunun artırılması və asudə vaxtın səmərəli keçirilməsi yollarının aşılanması vacibdir. Bugünkü dövrdə, mənfi informasiyaların tez bir zamanda yayıldığı əsrimizdə gənclər çalışmalıdırlar ki, düzgün istiqamətə yönəlsinlər, zərərli vərdişlərdən uzaq olsunlar, dövlətin onların sağlam koordinatlar əsasında bir vətəndaş kimi yetişmələri üçün yaratdığı şərait və imkanlardan maksimum istifadə etsinlər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, müvafiq mövzuda broşürlər paylanılıb.

Naxçıvan Muxtar Respublikası Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR