22 Dekabr 2024, Bazar

Ekoloji tərbiyə günümüzün daha çox diqqət yetirilən sahələrindən birinə çevrilib. Bu da təbiidir. Çünki sağlam ekologiya sağlam cəmiyyət, sağlam yaşayış tərzi deməkdir. Bu səbəbdən də muxtar respublikamızda ekoloji tərbiyə işində müxtəlif yollardan, forma və metodlardan istifadə edilir. Qeyd olunmalıdır ki, ekoloji tərbiyə hələ kiçik yaşlardan başlanmalıdır. Erkən yaşlardan uşaqlarda təbiət hadisələrinə düzgün baxış formalaşdırmaq, onlara təbiəti, canlıları sevdirmək, uşaq qəlbində xeyirxahlıq hisləri oyatmaq vacib şərtlərdəndir. Kiçik yaşlardan buna diqqət yetirilməzsə, uşaqda təbiətə qarşı laqeydlik baş qaldıra bilər. Təbiətə qarşı bu cür münasibət uşaq qəlbində xeyirxahlıq hislərinin kütləşməsindən başlanır. Bunun qarşısının alınmasında cəmiyyətin hər bir üzvünün, hər bir vətəndaşın üzərinə mühüm vəzifələr düşür. Bu vəzifələrin yerinə yetirilməsi həm də vətəndaşlıq borcumuzdur.

Naxçıvan şəhərində fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzi də öz işini bu istiqamətdə qurmağa çalışır. 1971-ci ildə Gənc Təbiətçilər Stansiyası kimi yaradılan, 1991-ci ildən Ekoloji Tərbiyə Mərkəzi kimi fəaliyyət göstərən məktəbdənkənar müəssisədə “Faunanın ekologiyası”, “Floranın ekologiyası”, “Əhali və ətraf mühit”, “Kütləvi-təşkilati işlər”, “Metodika”, “Yeni yaradılmış ekoloji ictimai birliklərlə iş”, “Kənd təsərrüfatı və ekologiya” adlı 7 kabinə, “Naxçıvan Muxtar Respublikasının heyvanlar aləmi və onun ekologiyası”, “Quşlar və ətraf mühit”, “Təbiət və insan”, “Gülçülük və ailə”, “Ətraf mühit və flora” kimi dərnəklər təşkil edilib. 32 adda 139 dərnək məktəblilərin ekoloji tərbiyəsi ilə məşğul olur. Dərnəklərə 1929 şagird cəlb edilib. Onlarda doğma yurdun təbiətinə məhəbbət hisləri formalaşdırmaq üçün mərkəzin müəllimləri bütün imkanlarından istifadə edirlər. Mərkəzdə çalışan müəllimlər öz məşğələlərini günün tələbləri səviyyəsində qurmağa səy göstərir, mövzu ilə əlaqədar bəzi məşğələlərin təbiətin qoynunda keçilməsinə çalışırlar. Dərnək üzvlərinin rayon və respublika səviyyəli tədbirlərdə fəal iştirak etmələri diqqət mərkəzində saxlanılır. Onların muxtar respublikanın təbiət abidələrinə ekskursiyaları təşkil olunur. Bu ekskursiyalarda diyarımızın zəngin fauna və florası barədə söhbətlər aparılır, herbarilər, müqəvvalar, kolleksiyalar düzəldilir. Mərkəzdə həmin eksponatlardan ibarət sərgi hazırlanır.
Ekoloji tərbiyə sahəsində dərslərdə aparılan iş sinifdənxaric və məktəbdənkənar tədbirlər yolu ilə daha da dərinləşdirilir. Yerli şərait­dən asılı olaraq, təbiəti mühafizə işinin müxtəlif formalarından istifadə olunur: məktəb meşəçiliyi, gənc təbiətçi dərnək və klubları, məktəb qoruqları, meyvə bağları, şagird istehsalat briqadaları, ekologiya üzrə olimpiada və viktorinalar, məktəb ekologiya cəmiyyəti, ekologiya ayları, ekologiya reydləri və sair belə maraqlı formalardandır. Məktəblərdə və yaşayış yerlərində yaşıllıq iməciliklərinin keçirilməsi, mavi və yaşıl keşikçi dəstələrinin yaradılması, ilk çiçək bayramlarının, meşə və quş günlərinin, təbiət dostları və gənc bağbanların müsabiqələrinin təşkili kimi tədbirləri məktəblərdə ənənə şəklinə salmaq lazımdır.
Mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. “Təbiəti qorumaq sağlamlığı qorumaq deməkdir”, “Doğma yurdumuzun təbiəti” mövzularında viktorinalar, “Heyvanların mühafizə günü”, “Doğma yurdumuzun dərman bitkiləri” mövzularında seminarlar, “Meşələr bizim təbii sərvətimizdir” və sair mövzularda tədbirlər keçirilib.
Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzinin kollektivi bundan sonra da qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə çalışacaq, məktəblilərin ekoloji tərbiyəsinin düzgün formalaşdırılmasında fəallıq göstərəcək.

Vüsalə Qasımova
mərkəzin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR