22 Dekabr 2024, Bazar

Qədərsiz çörəyin qədri bolluq zamanında bilinməlidir

Çörək müqəddəs nemətdir. Tarixboyu andımız, alqışımız çörəklə də olub: “Çörək haqqı”, “Çörəyə and içirəm”, “Səni çörəyə and verirəm”, “Süfrənə bərəkət”, “Həmişə çörəkli olasan” andları, alqışları dillərdən düşməyib. Böyüklərimiz dostluğu daha da möhkəmləndirmək üçün duz-çörək kəsiblər. Qonaq gələndə süfrəyə birinci duz-çörək gətirilib. Yaxşı adam haqda danışılanda “Çörək verən adamdır”, pis xasiyyətli, heç kimin inanmadığı, nankor adam haqda danışılanda isə “Çörəyi dizinin üstündədir” deyilib. Bir sözlə, xalqımız üçün çörəyin mənəvi dəyəri daha yüksək olub.

“Naxçıvan 1 nömrəli çörək zavodunun nəzdindəki mağazadan hər gün yüzlərlə adam çörək alır. Əgər buna almaq demək mümkündürsə. Burada saatlarla dayanmağın “ləzzətini” görənlər görüb. Görməyənlərə bu əziyyəti dərk etdirmək üçün gərək, heç olmasa, bircə dəfə burada növbədə durmağın dadını göstərəsən. Günün hansı saatında getsən, burada tünlüklə rastlaşarsan. Adı növbə olan bu dəstədə adamlar dörd cərgə ilə dururlar. Gələn də bilmir ki, kim kimdən sonradır”.

Bu sətirlər “Şərq qapısı” qəzetinin 1993-cü il 9 yanvar tarixli nömrəsində dərc olunan “Bu günümüzdə çörək növbəsi” sərlövhəli yazıdan götürülüb. Və elə bu bir neçə sətir oxucularımızın müstəqilliyimizin ilk illəri ilə bağlı xatirələrini təzələməyə, o dövrün ağrı-acılarını, müharibənin gətirdiyi məhrumiyyətləri, ərzaq, başlıcası da, çörək qıtlığını yada salmağa bəs edər.
Hələ çox-çox əvvəllər baba-nənələr öz nəvələrini yanlarına çağırıb müharibələrdə insanların çörək sarıdan böyük çətinliklərlə üzləşməsindən, çörək qıtlığının böyük fəsadlara səbəb olmasından danışardılar. Gün o gün oldu ki, nəvələr böyüdü və baba-nənələrinin, böyüklərinin çörəyin qədir-qiyməti ilə bağlı nəsihətlərini unutdular. Çörəkdən israfçılıqla istifadə edildi və çörək bolluğundan sui-istifadə kütləvi hal aldı. Sonrasını da Sovetlər Birliyinin parçalanmasının canlı şahidi olanlar daha yaxşı bilirlər. Mağazaların vitrinlərindən süfrələrin əziz neməti olan çörək yoxa çıxdı və müstəqilliyin ilk illərində qıtlıq özünü göstərdi.

Tanrıya şükürlər olsun ki, bu gün mağazaların piştaxtalarında, rəflərdə istənilən növdə, istənilən miqdarda çörək vardır. Ancaq çörək barədə bir mövzu var ki, o, yenə də aktualdır. Bu mövzu qədərincə bol olan çörəyin qədrinin bilinməməsi, israfçılıqla işlənməsi, ümumilikdə isə yaxın tarixdə çörək qıtlığı ilə bağlı acı xatirələrə unutqan münasibət göstərməyimizdir.
Bir vaxtlar onu əldə etmək üçün sübhün şəfəqləri dan yerini işıqlandıranda yuxumuza haram qatıb yollara düşdüyümüzü, saatlarla növbədə durduğumuzu, bəzən əliboş evə qayıtdığımızı unutmuşuq, deyəsən. Çörəkdən necə gəldi istifadə edir, onu, bərəkətinə şükür, tullantı kimi atırıq. Düşünmürük ki, dünyanın başqa bir yerində bir parça çörəyin yoxluğu ucbatından dünyasını dəyişən, ağır işlərə, məşəqqətlərə düçar olan insanlar, uşaqlarına çörək ala bilmədiyi üçün evinin qapısını döyə bilməyən valideynlər var. Əgər Tanrı bizə bu xoşbəxtliyi bəxş edibsə, dövlətimiz qüdrətli, ölkəmiz zəngindirsə, əmin-amanlıq, bolluq içində yaşayırıqsa, bunun qədrini bilməli, minbir zəhmətlə ərsəyə gələn çörəyimizə hörmətlə yanaşmalı deyilikmi? Niyə şadlıq saraylarında keçirilən toy məclislərində süfrəyə istifadə ediləcəyindən artıq çörək qoyuruq? Niyə hər toy-düyündən, bayram şənliklərindən sonra çuvallarla çörək qırıntısı atılır? Bəlkə, elimizin ruzi-bərəkətinin bağrına vurulan yara elə bizim mənəvi aclığımız, unutqanlığımız üzündəndir?
Diqqətimizi çəkən digər bir məsələ doğma diyarımızda çörək istehsalı və satışında ortaya çıxan problemlərdir. Çörəyə olan münasibət tarlada da, dəyirmanda da, çörəyin istehsalında və alıcılara çatdırılmasında da eyni, həssas olmalıdır. Qeyd edək ki, bu gün muxtar respublikada yeyinti sənayesinin mühüm sahəsi olan çörək-bulka məmulatı istehsalı müəssisələri çoxluq təşkil edir. Hazırda regionda iri un dəyirmanları, çörək zavodları, eləcə də şirniyyat sexləri fəaliyyət göstərir. Sözügedən sahənin yerli xammal hesabına işləməsini təmin etmək üçün taxıl əkini sahələri genişləndirilir.
Təqribən, 15 gün bundan öncə Naxçıvan şəhərində fəaliyyət göstərən lavaş sexlərində aparılan müşahidələr zamanı ortaya çıxdı ki, sözügedən qida məsullarının istehsalı zamanı mövcud qaydalara və standartlara o qədər də diqqət yetirilmir. Belə ki, Naxçıvan şəhəri, “20-ci” məhəllədə fəaliyyət göstərən, 6 nəfərin işlədiyi lavaş sexində istehsal zamanı gigiyenik qaydalar pozulur. İşçilərin xüsusi geyimi, ayaqqabısı, xalatı mövcud standartlara uyğun deyil. Onların yemək-içmək və digər tələbatları elə sexin istehsal sahəsində qarşılanır. Sahibkar Mübariz Baxşəliyevin “mətbəx” adlandırdığı məkanda gigiyenik qaydalara əməl olunmasından söhbət gedə bilməz. Digər bir problem isə burada işləyənlərin “Tibbi kitabça”ları ilə bağlıdır. Belə ki, “Tibbi kitabça”larda işçilərin ən son nə zaman tibbi müayinədən keçdiklərini təsdiq edən möhürlərin müddəti çoxdan keçib. Xəmirin kündələnməsi açıq əllə aparılır, bu proses xüsusi formalı qablarda aparılmır. Əllə kündələnmə zamanı işçilər şəxsi gigiyena qaydalarına riayət etmirlər.
Naxçıvan şəhərindəki daha bir ünvanda, Nazim Hikmət küçəsində yerləşən sexdə 4 işçi lavaş istehsalı ilə məşğul olur. Afilə Muradova adlı şəxsin sahibkarı olduğu sexdə apardığımız müşahidələr göstərir ki, burada çörək istehsalına qoyulan sanitar tələblər ciddi şəkildə pozulur. Bişdikdən sonra çörəklər sobadan birbaşa xüsusi taxtanın üzərinə düzülmür, xüsusi taxta rəflərdə, taxta yeşik­lərdə saxlanılmır və soyudulmur. Bişən çörəklər seçilmir, 15-20 dəqiqədən sonra digər taxta rəflərdə dikinə yığılmır. Şadlıq evləri üçün nəzərdə tutulan çörəklər sellafon torbalarda saxlanılır. Burada suyun axıdılması üçün xüsusi şərait yoxdur. Bir çox avadanlıq və ləvazimatların yuyulmasında dezinfeksiyaedici maddə kimi xloramindən istifadə olunmur.
Müşahidələrimiz zamanı Naxçıvan şəhərinin Qaraxanbəyli və Qaraçuq kəndlərində fəaliyyət göstərən lavaş sexlərində də gigiyenik qaydalara əməl olunmadığının şahidi olduq.
Qeyd edək ki, çörək satışının da öz standartları var. Belə ki, məlum olduğu kimi, çörək qablaşdırılması nəzərdə tutulmayan ərzaq məhsulları sırasına daxildir. Amma qablaşdırılmasa da, çörəyə əl vurmaq yolverilməzdir. Ona görə çörək satılan yer alıcıdan kənar olmalıdır. Çörək yuyulmur, başqa formada dezinfeksiya oluna bilmir ki, mikrobları məhv etmək mümkün olsun. Həmçinin çörək alıcı tərəfindən əllə yoxlanıla bilməz, satıcı da çörəyə əl vura bilməz. Satıcı mütləq xalat geyinməli, xüsusi papaq qoymalıdır. Çörək saxlanılan yer külək vuran yerdə olmamalıdır. Satış yerlərində çörək saxlanılan rəflərdəki çörək ovuntuları xüsusi fırça ilə təmizlənməlidir. Taxta rəflər həftədə 2 dəfə olmaqla, 3 faizli sirkə turşusunda isladılmış dəsmalla təmizlənməlidir. Bir çoxlarınız şahidi olmusunuz ki, mağazalara çörək paylayan şəxslər səhərlər mağazaların bağlı olduğunu görüb çörək dolu qutuları mağazaların qapısı önünə açıq şəkildə qoyub gedirlər. Bir az sonra Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin işçiləri küçələrdə təmizlik işlərinə başlayırlar. Buradan yaranan toz qarşısında çörəklər “müdafiəsiz” qalır. Çörəklər mağazaya yığıldıqdan sonra da problemlər yaranır. Belə ki, mağazalarda “Çörəyə əllə toxunmaq olmaz” xəbərdarlığı olan elanlar olsa da, alıcılar buna məhəl qoymur, çörək rəflərindəki məhsulları bir-bir əl vurub alırlar. Bütün bunlar gigiyenik cəhətdən yolverilməzdir.
Çörəyin mağazalarda satışı ilə bağlı Naxçıvan şəhərində apardığımız müşahidələr zamanı gördük ki, bir çox mağazalarda satıcıların xalatı və papağı yoxdur. Çörək yığılan rəflər girişdə quraşdırılıb və mağazaya girən alıcı asanlıqla çörəyi əlinə ala bilər. Buna nümunə olaraq deyə bilərik ki, şəhərimizin “İstiqlal” küçəsində Malikəjdər Qasımova aid ərzaq mağazasında çörək şkafının lap yaxınlığında istənilən sənaye məhsulu tapmaq mümkündür.
Şəhərimizin Əliqulu Qəmküsar küçəsində yerləşən yaşayış binasındakı mağazada fəaliyyət göstərən sahibkar Məhəmməd Əmiyev ona ünvanladığımız “Alıcılar rəfdəki çörəyi açıq əllə götürürlər?” sualımıza o, “Necə istəyirlərsə, elə də götürürlər”, – deyə cavab verir. Və bu cavabıyla da büruzə verir ki, qapıdan girən müştərilər onun üçün, sadəcə, gəlir mənbəyidir və onların sağlamlığı onu zərrə qədər də olsun, maraqlandırmır.
Şəhərin “Əlincə” məhəlləsindəki ərzaq mağazasının sahibkarı Zaur Vəliyevlə söhbətimizdə o, çörəyin satışı üçün mağazada qaydalara ciddi riayət olunduğunu və bu qaydalarla bağlı hər bir alıcıya məlumat verdiyini bildirir. Sahibkar deyir ki, bəzi alıcı­lara çörəyə əllə toxunmağın elə onların sağlamlığı üçün zərərli olduğu barədə hər dəfə məlumat verir. Ancaq onlar buna etinasız yanaşır, hər dəfə təkrar-təkrar çörəyi əllə yoxlamağa cəhd edirlər. Onlara bu barədə irad tutulduğunda isə inciyib-küsənlər də olur. Ancaq biz xəbərdarlıq etməyə davam edirik. Belə alıcılar başa düşməlidirlər ki, çörək satışında gigiyenik qaydalara əməl olunması onların sağlamlığına xidmət edir.
Belə mənzərə ilə Naxçıvan şəhərindəki əksər mağazalarda rastlaşmaq olar. Bu işdə satıcılardan daha çox alıcıları günahlandırmaq lazımdır. Çörəyin gigiyenik qaydalara uyğun satışının həyata keçirilməsinə hər kəs yardımçı olmalıdır. Bu gün çox az adam tapılar ki, mağazada çörəyin gigiyenik qaydalara uyğun satılmamasına etiraz etsin. Muxtar respublikamızın ziyalıları bu sahədə də öncül olmalıdırlar.
Şükürlər olsun ki, bu gün dövlətimizin qüdrəti sayəsində çörək bolluğu yaradılıb. Bizə isə mənəvi borc kimi bolluq-bərəkətin qiymətini anlamaq, qədərsiz çörəyin qədrini bilmək qalır.

Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR