22 Dekabr 2024, Bazar

Ordubad rayonunun Aşağı Əylis kəndində “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbiri Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli açaraq belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailədə qadının sağlam həyat tərzi aşılamasında əsas rolu” mövzusunda çıxış edib. Bildirilib ki, muxtar respublikada gənc ailələr arasında reproduktiv sağlamlıq və ailə planlaşdırılması, eləcə də qadınların ailədə üzərinə düşən vəzifələrin düzgün yerinə yetirilməsi məqsədilə maarifləndirmə işinin daha geniş surətdə aparılması, qadınların sağlamlığının mühafizəsi sahəsində tibbi xidmətin keyfiyyət və səmərəliliyinin yüksəldilməsi diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, ana və uşaq ölümü hallarının qarşısının alınmasında müsbət göstəriciyə nail olunub. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli Sərəncamı ilə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Pro­qramı”nın təsdiq edilməsi dövlətin bu sahəyə dəstəyinin göstəricisidir.
Vurğulanıb ki, ailə dəyərlərini qoruyub saxlayan, nəsildən nəslə ötürən qadındır. O, övladının maddi ehtiyaclarını təmin etməklə yanaşı, onu aydın düşüncəyə, saf əqidəyə və ədəb-ərkana yiyələndirməli, bu yolla onun gələcəyini qurmalıdır. Bu, cəmiyyətin gələcəyini qurmaq deməkdir.

Ailədə milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi qoruyub saxlamaq və onların icrasına nəzarət etmək, uşaqların televiziya və internet kimi kütləvi informasiya vasitələrindən istifadəsini çərçivəyə salmaq kimi vəzifələr də ananın öhdəsindədir. Əgər ana uşağın təhsilinə ciddi yanaşmasa, sözsüz ki, cəmiyyətə savadsız bir insan təhvil verəcəkdir. Bir sözlə, ana uşağın gələcək taleyi üçün böyük məsuliyyət daşıyır. Ona görə də yeni nəslin gələcəkdə quracağı ailənin bütövlüyünü qoruyub saxlamaq üçün ana övladlarına milli-mənəvi dəyərlərin öyrədilməsini, onların sağlam yaradıcı əməyə alışmalarını, zərərli vərdişlərdən çəkinmələrini, təhsil-tərbiyə məsələlərini, ümumiyyətlə, sağlam həyat tərzi seçmələrini daim diqqət mərkəzində saxlamalıdır.
Sonra Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva çıxış edərək qadınların sağlamlıqlarının qorunması yolları, reproduktiv sağlamlıq barədə slayd vasitəsilə tədbir iştirakçılarına məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR