Balta yaman moddadır
Builki şaxtalı qışda ən çox işlənən təsərrüfat aləti hansıdır? Əlbəttə, balta. 20-30 illik ağacların ömrünə vurulan balta. İndi kənd yerlərində çox adamların qoltuğunda balta görmək olar. Baxırsan ki, ikibir-üçbir cuqquldaşıb özlərini verirlər meşə zolaqlarına. Balta, mişar səsi, kökündən ayrılan ağacların “ahu-naləsi” qarışır bir-birinə. Qollu-budaqlı ağaclar, yerə sərildikcə onlara sığınan körpə tinglər yetim qalmış balalar kimi əsməcə tuturlar. Sanki onlar bu titrəyişləri ilə deyirlər: “Bizi yetim qoyub hara gedirsən, ana?”
Vaxtilə əzəmətinə, gözəlliyinə tamaşa etdiyimiz ağaclara indi müştəri gözü ilə baxırıq. Bax bu ağac bir həftə bəs edər, o birisi isə 15 gündən də çox görər. Beləcə, ağacların kökünə balta vururuq. Kimisi sevinir, kimisinin də ürəyindən qara qanlar axır. Bəziləri də bu ağacları əkənlərə, onları ərsəyə gətirənlərə rəhmət diləyir.
Bəli, ermənilərin törətdiyi müharibənin yurdumuza gətirdiyi bu bəlalı günlərdə yenə ümidimiz ağaclara gəldi. Ağaclar insanlara həyan oldu, həyatlarını onlara qurban verdi. İllərboyu qamətinə, gözəlliyinə heyran olduğumuz meyvə və bəzək ağacları bu gün minlərlə evin istisinə, işığına çevrildi.
Bu sətirləri yazarkən camaatı da qınamaq istəmirəm. Nə etmək olar? Kömür yox, neft yox, qaz yox. Zavallı insan soyuqdan donmamaq üçün çarpışır, mübarizə aparır. Baxırsan ki, cavan bir qadın balaca uşağı ilə bərabər iri bir budağı sürüyüb aparır. Ağsaqqal kişi əl arabası ilə çırpı daşıyır. Nə etməli? Lənətə gəlsin bədnam, yüzsifətli qonşuları, bu müharibəni törədənləri.
Amma nə qədər ağır olsa da, ağacları qorumalıyıq. Axı ağaclar bizim həyatımız, yaşayışımız, sağlamlığımızdır. Bir ağacı ərsəyə gətirmək üçün azı 15-20 il vaxt lazımdır. Gəlin heç olmasa, o körpə tinglərə qıymayaq. Cah-calalı dağılmış, viran olmuş meşə zolaqlarının içərisindən tək-tük göyə boylanan köməksiz körpə tinglərə. Heç olmasa kənd yollarındakı, dayanacaqlardakı ağaclara dəyməyək. Yayın qızmar günlərində körpələrimizə həyan olar, onlara sərinlik gətirər.
Çətin günün ömrü az olar. Budur, kiçik çillənin də qurtarmasına bir şey qalmadı. Bir azdan baharın ilıq nəfəsi duyulacaq, yamyaşıl yamaclar, laləli-nərgizli dağ ətəkləri göz oxşayacaq. Lakin bu gözəlliyin içərisində məzar daşları kimi görünən ağac kötüklərinin miskin görkəmi illərboyu qəlbimizi ağrıdacaq.
“Şərq qapısı” qəzeti
13 fevral 1993-cü il
Naxçıvan yaşıllıqlar diyarına çevrilib
Naxçıvanın yayda qızmar istisindən, qışda isə sərt şaxtasından həmişə şikayətlənmişik. Quru kontinental iqlimə malik olan bu regionun insanları da təbiəti kimi dözümlü, istənilən hava şəraitinə uyğunlaşan olublar. Ancaq yaşadığımız bu diyarda insanların təbiətlə üz-üzə dayandığı, yaşamaq üçün ona ziyan vurduğu dövrlər də olub. Ötən əsrin 90-cı illərinin əvvəllərində blokada şəraitində yaşamağa məcbur edilmiş Naxçıvan insanı sərt soyuqlardan qorunmaq üçün təbiətə üz tutub.
İllər uzunu öz əli ilə nazını çəkdiyi ana təbiətə asi kəsilməyə məcbur olub, öz həyatını davam etdirmək üçün digər canlıların – ağacların həyatına son verməyi gözə alıb. Daim təbiəti qınamağa adət etmiş insanoğlu bu dəfə özü qınaq obyektinə çevrilib. Bütün bunlara göz yumanlar da tapılıb, etiraz səsini ucaldanlar da, yaranmış vəziyyəti qəzet səhifələrinə çıxaranlar da. Məhz həmin dövrlərdə təbiətin təbii vəziyyətini bir daha gözlərimiz önündə canlandıran “Balta yaman moddadır” yazısı soyuq bir qış günündə – 13 fevral 1993-cü ildə “Şərq qapısı” qəzetində dərc olunub. Bu məqalənin yazılmasından nə az, nə çox, düz 22 il vaxt keçir. Az vaxt deyil, amma uzun müddət də deyil. Təxminən, bir ağac ömrüdür. Elə bu yazıda da ağacların və onlara balta vuran insanların ittiham edildiyi, əslində isə ittiham edilmədiyi dövrdən bəhs edəcəyik. Həm də bu günün reallıqları çərçivəsində. Bugünkü reallıqları çərçivəyə sığdırmaq çətin olsa belə...
Naxçıvan 1990-1993-cü illər. Bu tarixin özünü xatırlamaq belə, bütün çətinlikləri bir yerdə təsəvvür etmək qədər çətindir. Blokada vəziyyətinə salınmış muxtar respublikada işıq, qaz, yanacaq kimi enerji problemləri ilə yanaşı, həm də ərzaq, nəqliyyat, rabitə və digər sosial-iqtisadi çatışmazlıqlar mövcud idi. Üstəgəl, muxtar diyarın təhlükəsizliyi də ciddi zərbə altında idi və bu vəziyyət bir neçə ildir ki, davam edirdi. Yeganə təsəlli ümummilli lider Heydər Əliyevin burada olması idi. Ulu öndərimizin şəxsi nüfuzu sayəsində bu qədim diyarda bütün sosial problemlərin həlli yolunda mühüm addımlar atılsa da, enerji məsələlərinin həllində hələ də böyük çətinliklər var idi. Sovet dövründə böyük dövlət xadiminin xidmətləri sayəsində burada qaz və enerji məsələləri öz həllini tapsa da, əsrin sonlarına doğru yaranmış ictimai-siyasi durum bütün nəqliyyat dəhlizlərinin bağlanmasına, ölkə paytaxtı ilə əlaqələrin kəsilməsinə və beləliklə, Naxçıvanın iflic vəziyyətə yuvarlanmasına şərait yaratmışdı. Buna görə də qədim Azərbaycan torpağında enerji məsələlərinin həll olunması xeyli müddət alacaqdı. Məhz belə bir şəraitdə muxtar respublikada mövcud olan yaşıllıqların məhv edilməsi, (əslində, bu yaşıllıqlardan istifadə olunması) kütləvi hal almışdı. Naxçıvanın sərt soyuğundan qorunmaq üçün insanlar onsuz da yaşıl örtüyü az olan diyarın meşəliklərində, bağlarında, yol kənarlarında olan ağacları kəsirdilər. Doğrudur, yaş ağacı kəsmək istənilən halda böyük günah sayılsa da, blokada vəziyyətində olan bir regionda başqa alternativ variant da yox idi. Həmin mürəkkəb dövrdə ulu öndər Heydər Əliyevin hərtərəfli dəstəyi hesabına nəşr olunan “Şərq qapısı” qəzetində dərc edilən, yuxarıda adıçəkilən yazıda müəllif kömürün, qazın, elektrik enerjisinin olmamasından, zavallı insanların yaşıllıqları məhv etməsindən bəhs edir. Cavan bir qadının balaca uşağı ilə iri bir ağac budağını sürüyüb aparmasını, ağsaqqal kişinin əl arabası ilə çırpı daşımasını ürəkağrısı ilə yazır. İllərboyu qamətinə, gözəlliyinə heyran olduğumuz meyvə və bəzək ağaclarının minlərlə evin istisinə, işığına çevrildiyini qeyd edir, bu vəziyyəti yaradanları – bədnam erməniləri lənətləyir.
Bəli, blokada Naxçıvanı təkcə enerji və ərzaq problemləri ilə üz-üzə qoymamışdı, eyni zamanda onun təbiətinə ciddi ziyan vurmuşdu. Hətta iş o yerə çatmışdı ki, çöl və dağlıq ərazilərdə yabanı şəkildə bitən kol-ağacların da dibi qazılaraq isinmək üçün evlərə daşınırdı. Həmin dövrdə yaşıllıqlar muxtar respublikanın ümumi ərazisinin 0,6 faizini təşkil edirdi. O dövrdə kəsilən ağacların yerinə yeni fidanların əkilməsi məqsədilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən iməciliklərin 1995-ci ildən sonra uğurla davam etdirilməsi Naxçıvanı yaşıllıqlar diyarına çevirdi. Bu dəfə balta yox, bel, kürək işə düşdü. Muxtar respublika rəhbərinin təbiətə olan sevgisi və iməciliklərdə iştirakı diyarın digər sakinlərinə nümunə oldu. Tezliklə muxtar respublikanın bütün bölgələrində – rayon mərkəzlərində, kənd yaşayış məntəqələrində, yol kənarlarında, yeni yaradılan infrastruktur obyektlərinin ətrafında, hətta heç zaman su üzü görməyən çöllərdə belə, kütləvi ağac əkininə start verildi. Quru kontinental iqlimə malik Naxçıvan coğrafiyasında ağac əkib-böyütməyin çətinliyi mütərəqqi ideyaların tətbiqini zəruri edirdi. Buna görə də ağacların suvarma suyuna olan tələbatını ödəmək üçün ölkəmizdə damcı üsulu ilə ağacların suvarılması təcrübəsi ilk dəfə Naxçıvan Muxtar Respublikasında həyata keçirildi. Qısa zamanda bir çox bölgələrimizin ilanmələyən çöllərində belə, müxtəlif tinglərin əkininə başlandı. Zaman keçdikcə muxtar respublikada hər rayonun özünəməxsus bağ əkinçiliyi ənənələri tətbiq olundu. Nəticədə, ağacların daha məhsuldar və bir zamanlar məhv edilmiş növlərinin bərpası üçün geniş imkanlar açıldı. Artıq 20 ilə yaxın bir dövrü əhatə edən bu tədbirlər indi öz müsbət nəticəsini göstərməkdədir. İndi muxtar respublikada yaşıllıqların həcmi 12 faizi ötüb. Quru kontinental iqlimə malik ərazilər üçün bu, çox böyük rəqəmdir. Etiraf etmək lazımdır ki, hətta mülayim iqlimə malik regionlarda belə, 20 il müddətində belə bir nəticəyə varmaq çox çətindir. Ötən ilin statistikasına nəzər salsaq, görərik ki, təkcə 2014-cü ildə muxtar respublikada 536,5 hektar sahədə yaşıllaşdırma tədbirləri həyata keçirilib. Bu tədbirlər çərçivəsində 440 mindən çox ağac və gül kolu əkilib. Cari ildə də xeyli ağac əkilməsi planlaşdırılıb. 540 hektar ərazidə həyata keçiriləcək yaşıllaşdırma tədbirlərində 200 hektar sahə meyvə tingləri üçün nəzərdə tutulub.
Həyata keçirilən tədbirlər sırasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” mühüm əhəmiyyət daşıyan dövlət sənədidir. Dövlət proqramının qəbul edilməsinin başlıca məqsədi torpaq-iqlim xüsusiyyətlərinə uyğun, yüksək istehlak qabiliyyətinə malik meyvə bağlarının əkilməsindən və unudulmaqda olan məhsuldar sortların bərpasından, ümumilikdə isə Naxçıvanın özünəməxsus meyvəçilik ənənələrinin özünə qaytarılmasından ibarətdir. Bundan əlavə, bir zamanlar Naxçıvanın təbiətinə vurulmuş zərərlər bu diyarın fauna və florasının azalmasına gətirib çıxarmışdı. Bu sahədə görülmüş işlərin nəticəsidir ki, 2003-cü ildə Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu, 2005-ci ildə “Arazboyu” Dövlət Təbiət Yasaqlığı, 2009-cu ildə “Arpaçay” Dövlət Təbiət Yasaqlığı yaradılıb. Ölkə Prezidentinin 2009-cu il 25 noyabr tarixli Sərəncamı ilə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaradılması isə bu istiqamətdə həyata keçirilən tədbirlərin məntiqi davamıdır. Mühafizə olunan yeni təbiət ərazilərinin yaradılması məhz ulu öndərin ekoloji siyasətinin uğurlu davamı kimi qəbul olunur.
Bəli, xalqımızın çox gözəl bir deyimi var: “Çətin günün ömrü az olar”. Artıq bütün çətinliklər geridə qalıb. Bütün sosial problemləri həll olunan, daimi elektrik enerjisi və təbii qazla təmin edilən müasir Naxçıvanda indi gənc nəslin nümayəndələri bu çətinlikləri hər zaman xatirə kimi qəbul edəcəklər. Belə çətin və ürəkağrıdan xatirələrdən ibrət alıb gələcək nəsillərə daha gözəl xatirələr daşıyacaqlar. Elə baltaların “moddan düşdüyü” indiki dövrdə bir azdan yamyaşıl yamaclar, laləli-nərgizli dağ ətəkləri göz oxşayacaq. Ancaq bu gözəlliyin içərisində miskin görünəcək ağac kötüklərinə rast gəlinməyəcək. Çünki artıq Naxçıvanın yaşıl ərazilərində belə ağac kötüklərindən əsər-əlamət qalmayıb. İndi qəlbimizi də rahat tuta bilərik. Çünki baltaların “vəzifəsi” dəyişməsə də, indi onlar, sadəcə, quru odunları doğramaq üçün işə yarayır...
Səbuhi Həsənov