Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhdud fiziki imkanlı 10 nəfər Türkiyə Respublikasının Dənizli şəhərində fəaliyyət göstərən Nobel Tibb Mərkəzinə 20 günlük fizioterapevtik müalicə üçün göndərilib. Dünən həmin şəxslər Naxçıvan Beynəlxalq Hava Limanından Bakıya yola salınıblar. Bu gün isə onlar Bakı şəhərindən Türkiyəyə gedəcəklər.
Hava limanında həmsöhbət olduğumuz Naxçıvan şəhər sakini Firdovsi Əhmədov dedi ki, dayaq hərəkət sistemi xəstəliklərindən əziyyət çəkir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xarici ölkədə müalicə almaq üçün göndərildiyini eşidəndə çox sevinib və onda bu xəstəlikdən qurtulacağına ümid yaranıb. Sağalacağına dair ürəyində ümid işığı yandırdığına görə dövlətimizə minnətdardır.
Şərur rayonunun Oğlanqala kənd sakini Zəminə Süleymanova dedi ki, son illər ayaqlarında taqətsizlik yaranıb, ayağa qalxa bilməyib, əlil arabasına möhtac qalıb. Tibbi innovasiyaların geniş tətbiq olunduğu Nobel Tibb Mərkəzinə göndərilməsi ona, hər şeydən öncə, mənəvi güc, dəstək olub. Çünki orada aparılan müalicə kursunun səhhətinə müsbət təsir göstərəcəyi şübhəsizdir; mütəxəssislərin dediyinə görə, bu müəssisədə reabilitasiya kursu keçənlərin səhhətində əsaslı dönüş yaranır.
Müalicəyə yola salınanlardan Naxçıvan şəhər sakini Həbib Abbasov, Babək rayonunun Cəhri kəndindən Misir Quliyev, Nehrəm kəndindən Elçin Nağıyev, Qahab kəndindən Hüseyn Həsənov, Şərur rayonunun Düdəngə kəndindən Seymur Məmmədov, Çomaxtur kəndindən İldırım Tahirov, Ordubad rayonunun Vənənd kəndindən Röya Cəfərov, üstüpülü Şəlalə Mirzəyeva da göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, muxtar respublikamızda məhdud fiziki imkanlı şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının təmin olunması, onların tibbi-sosial reabilitasiyalarının təşkili, respublika daxilində və ölkədən kənarda müalicə edilmələri daim diqqət mərkəzindədir. Bu günədək müvafiq kateqoriyadan olan 142 şəxsin xarici ölkələrdə müalicəyə göndərilməsi təmin edilib.
Səbuhi Hüseynov