22 Dekabr 2024, Bazar

Sədərək kənd uşaq bağçası nümunəvi fəaliyyəti ilə seçilir

O, adəti üzrə işə hamıdan tez gəlir. Səhər Günəşini təzə əkilmiş güllərin və ağacların yarpaqları üzərində, şehlərin parıltısında görmək, uşaqların çöhrələrindəki incə təbəssümləri sezmək ona xüsusi zövq verir. Təzə əkilmiş həmişəyaşıl ağaclara və güllərə xüsusi qayğı ilə yanaşır, onların körpə balalar kimi nazını çəkməkdən xüsusi zövq alır.

Bu gün də eyni qayda ilə bağçanın həyətinə daxil oldu. Səhər Günəşinin şəfəqləri nar gülləri kimi yarpaqların üzərində qızarırdı. Həmişəyaşıl ağac və gül kollarının üstünə qırmızı tül kimi səpilmiş Günəşin şəfəqlərindən ayrı bir əlvanlığa qərq olmuş bu incə təbiət körpələrin məsum çöhrələrini xatırladırdı. Bütün bunlardan xüsusi zövq ala-ala o, uşaq bağçasının hər tərəfini diqqətlə seyr etdi, bağbanla salamlaşdı və kiçik sual-cavabdan sonra öz otağına keçdi. Əl çantasını ora qoyub yenidən uşaqlar qəbul edilən foyeyə getdi.
Mən isə düşünürdüm ki, bu gün muxtar respublikamızda uşaqların inkişafı, onların sağlam böyüməsi üçün müxtəlif addımlar atılır. Belə tədbirlərdən biri də bağçalar üçün yeni binaların tikilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsidir. Məqsəd ondan ibarətdir ki, uşaqlarımız yüksək səviyyədə tərbiyə alsınlar, Azərbaycanın layiqli vətəndaşı kimi böyüsünlər. Uşaqların böyük himayədarı, ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”.

Sədərək kənd uşaq bağçasının binası 2012-ci ilin noyabr ayında istifadəyə verilib. Bina müasir memarlıq üslubunda son dərəcə zövqlə təmir edilib. 65 yerlik bağçada 4 qrup fəaliyyət göstərir. Uşaqların təlim-tərbiyəsi ilə 7 tərbiyəçi-müəllim məşğul olur.
...Uşaqların bağçaya gəlişi başlamışdı və valideynlər – bəziləri tələsik, bəziləri isə səbirlə uşaqlarını tərbiyəçilərə təhvil verir, sonra bağça müdiri ilə məxsusi olaraq salamlaşıb gedirdilər. Bu gözəl görüntü on-on beş dəqiqə davam etdi və sonra biz bağça müdirinin dəvətilə iş otağına daxil olduq.
Bağçanın müdiri Vəfa Hümbət­ova söhbət zamanı dedi:
– Öncə qeyd edim ki, uşaqlarla işləməyi çox sevirəm. Balacaların qəlbinə isə asanlıqla yol tapmaq çətindir. Bunun üçün mütləq uşaqları sevmək, onlara şəfqət göstərmək lazımdır. Uşaq qəlbi isə həssas olduğu üçün səmimi hisləri dərhal duyur və qiymətləndirir.
Son illər təhsil sahəsində aparılan islahatlar göstərir ki, məktəbəqədər müəssisələrin ənənəvi olaraq tərbiyə müəssisələri hesab olunması düzgün deyil. Əvvəllər uşaq bağçasında tərbiyəçilərin bir qismi uşağı valideynlərdən təhvil alıb əyləndirən, günün sonunda isə onları evlərinə yola salan insan kimi bilinirdi. Bu gün isə vəziyyət tamam fərqlidir. Hazırda uşaq bağçaları təlim statusu daşıdığına görə məktəbəqədər təhsil müəssisələri adlanırlar. Bu gün məktəbəqədər təhsil müəssisələrinin ixtiyarında olan proqramlar əsaslı şəkildə dəyişdirilib. Bu dəyişiklik isə tərbiyə və təlim işinin çoxcəhətliliyindən xəbər verməklə yanaşı, tərbiyəçilərin işində də ciddi dönüş yaratmaq zərurətini şərtləndirir. Bizim uşaq bağçası da yeni təlim üsullarından bacarıqla istifadə edən məktəbəqədər təlim müəssisələri sırasındadır.
Vəfa xanım daha sonra xüsusi vurğuladı ki, qarşımızda duran əsas vəzifə yaddaşyönümlü təhsildən şəxsiyyətyönümlü təhsilə keçməklə vətənpərvər, ailəsi, Vətəni və dövləti üçün faydalı olmağı bacaran məsuliyyətli vətəndaş yetişdirmək kimi ali və məsuliyyətli prosesə öz töhfəmizi verə bilməkdir. Artıq bu istiqamətdə mühüm uğurlar əldə edilib, istər 2013-2014-cü, istərsə də bu tədris ilində bir sıra işlər görülüb. Belə ki, uşaq həyatı düzgün təşkil olunur, balaca fidanlara yüksək səviyyədə qayğı göstərilir, onlarda bilik, bacarıq və vərdişlər inkişaf etdirilir. Bu təlim-tərbiyə müəssisəsində valideynlərlə sıx əlaqə yaradılır. Onlar vaxtaşırı qruplarda olur, uşaqlarla iş prosesinə qoşulur, tərbiyəçilərlə birgə mövzuya uyğun vəsaitlər hazırlayırlar. Həmçinin balacalar məktəb təliminə yüksək səviyyədə hazırlanırlar.
Hər il planlaşdırılan işlər tam yerinə yetirilir, pedaqoji proseslərə baxış təşkil olunur, tədbirlərdə, yarış və müsabiqələrdə, gəzinti və ekskursiyalarda uşaqların fəal iştirakı təmin edilir.
Sədərək rayonu üzrə keçirilən yarış və müsabiqələrdə də uşaqlar uğurlar qazanır, fəxri fərmanlarla təltif olunurlar. Plana uyğun olaraq, Sədərək kənd 1 və 2 nömrəli tam orta məktəblərlə daim əlaqə saxlanılır, qarşıya qoyulan vəzifələr birgə həyata keçirilir. Bu işlərin yerinə yetirilməsində tərbiyəçilərdən Tamella Əhmədova, Günay Mehdiyeva, Sürəyya Səfərova xüsusi fəallıq göstərirlər.
Bağçada tədbirlərin hazırlanıb həyata keçirilməsində qrup tərbiyəçilərilə yanaşı, musiqi tərbiyəçisi Zəminə Dostəliyevanın da əməyi var. Onların birgə səyi sayəsində istedadlı uşaqların üzə çıxarılması və bu istedadların inkişaf etdirilməsi üçün müəyyən tədbirlər həyata keçirilir. Bu məqsədlə bağçada “İstedad” qrupu yaradılıb – bura 20 nəfər istedadlı uşaq cəlb olunub.
Müsahibim onu da bildirdi ki, uşaqların Heydərabad qəsəbəsindəki Heydər Parkına gəzintiləri, rayon Tarix-Diyarşünaslıq Muzeyinə, Sədərək kəndindəki Şəhidlər xiyabanına ziyarətləri təşkil olunur. Keçirilən tədbirlər uşaqlarda vətənpərvərlik şüurunun formalaşmasına təsir edir.
Hər il olduğu kimi, bu il də Qanlı Yanvara həsr olunmuş tədbir keçirilib. Məqsəd uşaqlara tariximizi öyrətməkdir. Bu faciənin qan yaddaşımız olduğu və heç vaxt unudulmaması uşaqlara öyrədilir. Həmin gün Sədərək döyüşlərində şəhid olanların fotoşəkilləri balaca fidanlara göstərilir və onlar haqqında qısa məlumat verilir. Təbii ki, bu tədbirlərin keçirilməsi uşaqların vətənpərvərlik ruhunda tərbiyəsinin rüşeymləri kimi vacibdir.
Vəfa Hümbətova onu da vurğuladı ki, bundan sonra da kollektivimiz bağçada təlim-tərbiyə işlərinin keyfiyyətini daha da yüksəltməyə, uşaqlara ilkin biliklər verməyə, onlara bağça yaşlarından doğma Vətənə məhəbbət hislərinin daha dərindən aşılanmasına, əqli tərbiyə işinin möhkəmləndirilməsinə çalışacaqdır.
Uşaqların bağçaya cəlbi və məktəb təliminə mükəmməl hazırlanması da diqqət mərkəzindədir. Uşaq kontingenti sarıdan da heç bir problem yoxdur...
...Vəfa xanımı gözləyən valideynlər vardı. Uşaqlarını bağçaya yazdırmaq istəyirdilər. Odur ki, söhbətimiz bir qədər yarımçıq qaldı. Bu müddət ərzində bağçanın musiqi otağı, idman zalı, yemək otağı və sair ilə tanış oldum. Gələcəyimiz olan uşaqların mənəvi cəhətdən zəngin və fiziki cəhətdən sağlam böyümələri üçün hər cür şərait yaradılmışdı.
Bağçanın istedadlı balaca fidanları ilə də tanış oldum, onların bəziləri ilə söhbətləşdim. Uşaqlardan Səma Qasımovanın ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeiri xüsusi intonasiya ilə deməsi, Nurgül Sadıqlının rəqs etməsi, Əşrəf Məmmədovun, Züleyxa İbrahimovanın maraqlı rəsmləri bizdə xoş təəssürat yaratdı.
Vəfa xanım valideynlərlə görüşdən qayıtdıqdan sonra öyrəndik ki, peşəkarlığını, ixtisas səviyyəsini daim yüksəltmək pedaqoji kollektiv qarşısında bir vəzifə olaraq qoyulub. Uşaqların təlim-tərbiyə məsələləri ilə bağlı valideynlərlə əməkdaşlığa böyük önəm verilir. Bağça müdiri dedi ki, uşaqların müasir tələblər səviyyəsində tərbiyəsi üçün bütün səylərimizi birləşdirmişik. Yüksək səviyyədə təmir edilib bütün müasir avadanlıqlarla birgə balaca nəslin ixtiyarına verilən bu bağçada öz öhdə­liyimizi biz də böyük məsuliyyətlə yerinə yetirməyə çalışırıq.
Biz beləcə söhbəti yekunlaşdırdıq. Vəfa xanım məşğələ otağında keçilən “Azərbaycan dili” məşğələsində iştirak etmək üçün tələsirdi. Mənsə musiqi zalındakı bir uşağın ad gününün qeyd olunmasına həsr olunmuş səhnəyə bir qədər tamaşa etdikdən sonra yüksək təəssüratla bağçanı tərk etdim...

 Cəfər Əliyev

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR