Cəmiyyət həyatının hər bir sahəsində əldə olunmuş inkişaf formalaşmış ümumi mədəniyyətdən xəbər verir. Məhz mədəni inkişaf göstəriciləri ilə ictimai həyatın bütün sahələrində, o cümlədən sığorta sahəsində əldə olunmuş müsbət nəticələrdən danışmaq mümkündür. Hər bir vətəndaş həyatını, əmlakını, məsuliyyətini vaxtında sığortalamaqla gözlənilməz bədbəxt hadisələrin vura biləcəyi maddi zərərlərdən təminat almış olur.
İnsan həyatında elə gözlənilməz hadisələrə rast gəlinir ki, bəzən onların vurduğu maddi zərərlər çox çətinliklə bərpa oluna bilir. Təbii fəlakətlər, texnogen qəzalar, səhlənkarlıqdan yaranan bədbəxt hadisələr və digər gözlənilməz hallar insanların həyatına və əmlakına maddi zərərlər vuraraq çıxılmaz vəziyyət yaradır. Belə hadisələrin vurduğu maddi zərərlərin əvəzinin ödənilməsinə imkan verən etibarlı sığorta sistemi isə sığortalı vətəndaşların düşdüyü çətin maddi vəziyyətlərdən çıxmasında çox əhəmiyyətlidir. Bu baxımdan sığortanın inkişaf edib geniş yayılması üçün ona olan inamın artırılması və insanlarda sığorta vərdişlərinin yaradılmasının böyük rolu vardır. Bu istiqamətdə davamlı olaraq aparılan maarifləndirici tədbirlər, keçirilən görüşlər, müxtəlif çıxış və reklam xarakterli tədbirlər də məhz cəmiyyətdə sığorta mədəniyyətinin formalaşdırılması, insanlara sığortalı yaşamağın üstünlüklərinin çatdırılması məqsədi güdür.
Günümüzdə icbari və könüllü formada onlarla sayda sığorta növləri vardır. İnsanlar bu sığorta növlərindən faydalanmaqla özlərinin can sağlığından tutmuş ev əmlakının sığortasınadək bir çox sahələrdə onların üstünlüklərindən istifadə edirlər. Yeri gəlmişkən, qeyd edək ki, bu gün muxtar respublikamızda 26 növdə sığorta xidmətləri təklif olunmaqdadır. Ancaq müasir dünyada sığortanın geniş yayıldığı bir dövrdə bəzi hallarda sığortaya göstərilən münasibət, yaxud sığortalıların bəzən sığorta müqaviləsində göstərilməyən hadisələrdən sığorta zərərini tələb etməsi sığorta mədəniyyətinin adi tələblərinə belə cavab vermir. Halbuki insanların gözlənilməz bədbəxt hadisələrdən sığortalandıqda qarşılarına qoyduqları məqsəd yalnız sığorta hadisəsi kimi müqavilədə nəzərdə tutulmuş və müvafiq qanunvericilikdə də öz əksini tapmış hadisələrdən dəymiş maddi zərərlərin əvəzinin ödənilməsidir. Bu da, ümumiyyətlə, sığortanın daşıdığı ümumi sosial funksiyanın mahiyyətinə uyğun gələn bir vəzifədir. Belə ki, sığorta hadisəsi baş verdiyi zaman zərərçəkmiş vətəndaşa və ya üçüncü şəxsə ödənilən vəsait həmin şəxsin maddi vəziyyətinin bərpa olunması, eyni zamanda zərərə səbəb olmuş hadisədən sonra onların sosial rifahının yerinə qaytarılması və maddi durumlarının yenidən reabilitasiya olunmasına xidmət edir. Sığortanın bu funksiyaları isə onun faydalarından istifadə edənlərə yaxşı məlumdur.
Sığorta fəaliyyəti öz təşkili formalarına görə icbari və könüllü olaraq iki yerə bölünür. İcbari sığortalar, adından da göründüyü kimi, ictimai əhəmiyyət daşıdığına görə bir sıra sığorta növləri üçün tətbiq olunur. Daşınmaz əmlakın istismarının, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası kimi sığortalar təkcə buna maraqlı olan şəxslərin deyil, eyni zamanda baş verə biləcək bədbəxt hadisə zamanı zərərçəkən digər vətəndaşların da maraqlarını qorumaqdadır. Sığorta mədəniyyəti baxımından bunun mahiyyətinin başa düşülməsi, ona hər hansı inzibati tədbir olmadan qoşulmaq təkcə insanların özlərinin deyil, həm də ətrafdakı digər şəxslərin də maraqlarına hörmətlə yanaşmaq deməkdir. Bu gün vətəndaşlarımızın bir-birinə daha həssas yanaşması, çətin vəziyyətə düşdükdə bir-birlərinə maddi kömək etməsi kimi çox qiymətli dəyərləri olduğunu nəzərə alsaq, sığortaya münasibətdə də eyni həssaslığın göstərilməsi günümüzün tələbinə çevrilməlidir. Eyni ifadələri könüllü sığortalar üçün də düşünəriksə, görmək olar ki, insanlar həyatda onlar üçün qiymətli olan hər nə varsa, onun qayğısına qalmaqla ən yüksək mədəniyyət nümayiş etdirməyə çalışırlar. Bu isə, şübhəsiz, vətəndaşlarla aparılan işlər, maarifləndirici görüşlər, keçirilən tədbirlərlə mümkün olur. Şübhəsiz, vətəndaşları sığortanın faydalarına inandırmaq üçün hansısa baş verən bədbəxt hadisədən ziyan çəkmiş şəxslərin zərərlərinin ödənilməsi barədə misalların göstərilməsi maarifləndirici faktlar kimi istifadə olunur. Ola bilsin ki, sığortalanan şəxslər çox uzun bir dövrdə heç bir təsadüfi hadisə ilə üzləşməsinlər. Əlbəttə, bunu heç kim arzu etmir. Ancaq nə zamansa ola biləcək gözlənilməz bədbəxt hadisənin vaxtını da kimsə proqnoz edə bilməz.
Sığorta işi öz iqtisadi və sosial məzmununa görə insan həyatının hər sahəsində görünməkdədir. Əhalinin sığortaya cəlb oluna bilinməsi üçün dövlət bütün mümkün vasitə və tədbirlərdən istifadə edir. Bəzi sığorta növləri üzrə, məsələn, kənd təsərrüfatı bitkiləri məhsullarının sığorta haqlarının 50 faizinin dövlət büdcəsi vəsaitləri hesabına ödənilməsi kimi yaradılan şərait vətəndaşların sığortanın müxtəlif növlərindən istifadə etməsi imkanlarını artırır. Bu imkanlardan istifadə etməklə vaxtında sığortalanmaq isə cəmiyyətin inkişafının qarşıya qoyduğu tələb, bütün insanların ümumi mənafeyini qoruyan bir mədəniyyətdir.
Əli Cabbarov