Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin nümayəndələri və distant dərsləri tədris edən 3 müəllim distant təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud 19 uşağı evlərində ziyarət ediblər. Onlar Novruz bayramı münasibətilə uşaqları və onların ailə üzvlərini təbrik edib, uşaqlara bayram hədiyyələri veriblər.
Valideynlər göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün qeyd edək ki, hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən ümumtəhsil müəssisələrinə gedə bilməyən uşaqların təhsil almalarını təmin etmək məqsədilə ötən il Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi yaradılıb. Bu məqsədlə mərkəzdə iki otaq ayrılıb. Otaqların birində mərkəzi server və çevirici avadanlıqlar quraşdırılıb, tədris sinfi intellektual-elektron lövhə, kompüter, smart kamera, monitor və digər texniki avadanlıqlarla təchiz olunub. Distant tədrisə cəlb olunan uşaqların yaşadıqları mənzillərdə asinxron rəqəmsal abunəçi avadanlığı, noutbuk və veb-kameralar quraşdırılıb.
Hazırda muxtar respublika üzrə Naxçıvan şəhərindən 1, Şərur rayonundan 5, Babək rayonundan 7, Culfa rayonundan 2, Kəngərli rayonundan 3, Şahbuz rayonundan 1 olmaqla, ümumilikdə, sağlamlıq imkanları məhdud 19 uşaq distant təhsilə cəlb edilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti