Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 2011-ci ildə 21 mart tarixini “Ümumdünya Daun Sindromlu İnsanlar Günü” elan edib. 2012-ci ildən Ümumdünya Daun Sindromlu İnsanlar Günü muxtar respublikada da qeyd olunur.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Ümumdünya Daun Sindromlu İnsanlar Günü münasibətilə Naxçıvan şəhərindəki “Gənclik” kafesində tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək məhdud fiziki imkanlı şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara göstərilən qayğıdan danışıblar. Bildirilib ki, bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Vurğulanıb ki, muxtar respublikada yaşayan daun sindromlu şəxslər barəsində məlumat bazasının yaradılması onların sosial reabilitasiyaları və cəmiyyətə inteqrasiyaları baxımından mühüm əhəmiyyət daşıyır. Bu kateqoriyadan olan uşaqların sosial reabilitasiyalarını təmin etmək məqsədilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində defektoloji bölmə, əmək terapiyası, kinekt-oyunlar və Uşaq Bərpa Mərkəzində multisensorlu reabilitasiya otağı yaradılıb. Eyni zamanda daun sindromlu uşaqların valideynləri ilə maarifləndirici görüşlərin keçirilməsi də diqqət mərkəzində saxlanılır.
Tədbirin bədii hissəsində sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” mahnı və rəqs qrupu konsert proqramı ilə çıxış ediblər.
Sonda daun sindromlu 64 şəxsə bayram hədiyyələri verilib.
Bütün bunlar dövlət tərəfindən bu kateqoriyadan olan şəxslərə göstərilən maddi və mənəvi dəstəkdir. Valideynlər göstərilən bu dəstəyə, diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti