Martın 18-də Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə birgə sahibkarlıq obyektlərində daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə yığıncaq keçirilib.
Tədbirdə məruzə ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov bildirib ki, sahibkarların hər cür risklərdən sığortalanması günün vacib tələbi olub, biznesin uğuruna zəmanət verən amillərdən biridir.
Qeyd edilib ki, muxtar respublikada sahibkarlıq müəssisələrinə məxsus daşınmaz əmlakın icbari sığortası üzrə 2014-cü ildə 936 müqavilə bağlanıb ki, bu da 2013-cü ildə bağlanılmış sığorta müqavilələrindən 79 müqavilə çoxdur. Ötən il daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə isə 574 müqavilə bağlanılıb ki, bu, 2013-cü ildə bağlanmış sığorta müqavilələrindən 183 müqavilə çoxdur. Ümumilikdə, 2014-cü ildə sahibkarlarla hər iki sığorta növü üzrə 1510 müqavilə bağlanılıb. 2015-ci ilin yanvar-fevral ayları ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 60 müqavilə, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə isə 83 müqavilə bağlanılıb.
Hikmət Əsgərovun sözlərinə görə, 2014-cü ildə Sədərək rayonunda baş vermiş yanğın nəticəsində 6 pərakəndə satış mağazasının zərər çəkməsi ilə əlaqədar 8642 manat, Ordubad rayonu ərazisində 5 sahibkarlıq obyektinin yanğından zərər çəkməsinə görə 19 min 299 manat sığorta məbləği Dövlət Sığorta agentlikləri tərəfindən sahibkarlara ödənilib.
Bununla yanaşı, sahibkarlara məxsus daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsini bağlamaq istəməyən və yaxud vaxtında bağlamayan sahibkarlar hələ də vardır. Sığorta müqaviləsi bağlamayan sahibkarlarla maarifləndirici söhbətlər daha da genişləndirilməli, bu işə diqqət artırılmalıdır. Eləcə də kənd təsərrüfatı sahəsi üzrə sahibkarlara məxsus daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta işinin aparılması üçün tədbirlər görülməlidir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin müavini Nurlan Həsənov çıxış edərək görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Tədbirdə həmçinin rayon (şəhər) dövlət sığorta agentliklərinin direktorları və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rayon (şəhər) şöbələrinin rəisləri görülmüş işlər haqqında məlumat veriblər.
Xəbərlər şöbəsi