22 Dekabr 2024, Bazar

Tanrı təbiəti yaradanda, fəsilləri insanlara bəxş edəndə səxavətini əsirgəməyib, hər dönəmə bir gözəllik, təravət qatıb. İlin müxtəlif zamanlarına özünəməxsus rənglər, çalarlar verib. Bu bölgüdə yazın qismətinə yaşıl, yayın qismətinə apaçıq, əngin, buludsuz səmaların rəngi olan göy, payızın payına sarı-qırmızı, qışın qismətinə isə paklığın, təmizliyin rəmzi olan ağ düşüb. İnsan ömrünün müxtəlif mərhələlərini də elə bu fəsillərə bənzədənlər, məncə, yanılmırlar. Yaşıl dirilişin, mavi gəncliyin, sarı-qırmızı insanın kamillik dövrünün, ağ bu dünyaya yolçuluğun, bu dünyaya ağ gəlib ağ dönmənin rəngidir. Hər bir qış da bərabərində yeni bir dirilişə, yeni bir həyata zəmin yaradır. Təbiət bu dirilişi, yenilənməni qarla təcəssüm etdirir. Deyirlər, heç bir qar dənəciyi bir-birinə bənzəmir. Məncə, bu həqiqətin özündə insan taleyilə minbir bənzərlik, oxşarlıq var. İnsan da dünyaya pak gəlir, özünü hansısa məqsədlər üçün əridir və başqa bir diriliş üçün ağ örtüklə yola çıxır...
...Qış axşamını isti, işıqlı, rahat evlərində qarşılayan insanları yuxuya verən ana təbiət səssizcə öz hədiyyəsini, həm də doğma yurdumun həsrətlə gözlədiyi qiymətli hədiyyəsini bəxş edir. Qarın gözəlliyi, möhtəşəmliyi də ondadır. Sakitcə gəlir, sakitcə gedir. Doğma elimiz-obamız, dağımız, çölümüz-düzümüz, şəhərlər, qəsəbələr və kəndlər ağ örpəyə bürünür. Səhər açılanda isə dərsə tələsən uşaqları, işə gedən böyükləri qapının astanasında bəyaz qar qarşılayır. Öz yumşaq, məlahətli səsiylə, qəlboxşayan xışıltısıyla yenə “mən gəlmişəm, əzizlərim, sizə sevinc, bolluq-bərəkət gətirmişəm”, – deyir.

“Mən torpağı minbir zəhmətlə əkib-becərən insanların, pak, mələk qədər təmiz olan uşaqların, yurduna-torpağına bağlı olan bu xalqın övladlarının dostuyam. Gəlmişəm ki, sizi sevindirim. Ancaq məni görüb hər gün eyvanınıza qonub şən civiltiləri ilə səs-səsə verən quşları da unutmayasanız ha. Bir tikə çörəyi əlinizdə ovub pəncərənizin önünə töksəniz, mən də rahat olaram. Yoxsa, torpaq üzərində onlar üçün verilənləri gizlətdiyimə görə özümü günahkar hesab edərəm və haqqımı da sizə halal etmərəm”.

Yurduma qar yağıb,
Elə nur düşüb.
Yurduma qar yağıb
Baxışlarda yaz.
Bu işıq yurduma
son illər düşüb –
Tarix unudulmaz,
Əməl danılmaz.
Yurduma qar yağır... Artıq yurdumun insanlarını mühasirənin ilk illərindəki kimi yağan qar qorxutmur, əksinə, sevindirir, fərəhləndirir. Ona görə sevindirir ki, təbiətin istənilən hədiyyəsi, istənilən şıltaqlığına qarşı Naxçıvan hazırdır. Dövlətimizin öz insanları üçün yaratdığı şərait insanları hər bir çətinlikdən qurtarıb, onlarda dövlətimizə güvən, gələcəyə inam hissi yaradıb. İndi yağan qar evlərə yeni qayğılar, çətinliklər, məhrumiyyətlər yox, bolluq-bərəkət gətirir. Qar yağırsa, demək, axar sular kəsilməyəcək, çeşmələrimiz, bulaqlarımız çağlayacaq, daşlardan, qayalardan ilbəil təmizlənən, əkin sahələrinə çevrilən torpaqlarımız qızılı taxıl zəmilərinə, gözoxşayan üzüm bağlarına çevriləcək. Qara torpaq onu əkib-becərənlər, önündə min dəfə baş əyənlər qarşısında üzüqara qalmayacaq, çəkilən zəhmətin qarşı­lığını birə-on qaytara biləcək. Və o zaman insanlar soyuq qarın qor istisini ürəklərində hiss edə biləcək, keçmişin qaranlıq günlərinin acı xatirələrinin qara səhifələrini qar bəyazına çevirə biləcəklər.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR