Müxtəlif mövsümlərdə havanın dəyişməsi, təbii olaraq, muxtar respublika ərazisində yaşayan heyvanat aləminə də öz təsirini göstərir. Məlum olduğu kimi, bir çox heyvanın qidaya olan tələbatı qış fəslində artır. Bu isə heyvanların alternativ qida mənbələrini axtarmasına, bəzən də miqrasiyasına səbəb ola bilir. Belə ki, müxtəlif növ gəmirici heyvanlar (dovşan, porsuq, çöl donuzu və sair) istər qış, istərsə də yaz aylarında yem tapa bilmədiklərindən yeni əkilmiş ağac və tinglərin gövdə hissələrindən qidalanmağa başlayırlar. Nəticədə, xüsusi mühafizə olunan təbiət ərazisindəki tinglərin gövdələri ciddi şəkildə zədələnir və onlarda gedən vegetasiya prosesi zəifləyir. Bu isə yeni əkilən ağacların inkişafını aşağı salır, hətta onların məhv olmasına səbəb olur. Buna görə də qoruq ərazisində olan heyvanların yemlənməsinə və qorunmasına çox ciddi diqqət yetirilir. Mövzu ilə bağlı Şahbuz Dövlət Təbiət Qoruğunun direktoru, biologiya üzrə fəlsəfə doktoru Mürsəl Seyidova bir neçə sual ünvanladıq:
– Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisi, ərazidəki heyvanlar, quşlar, bitkilər haqqında ümumi olaraq nə deyə bilərsiniz?
– Məlum olduğu kimi, fauna ehtiyatları, əsasən, xüsusi mühafizə altında olan təbiət ərazilərində olur. Bizim qoruğumuzda da nəsli kəsilməkdə olan və nadir rast gəlinən heyvanlar, quşlar, bitkilər vardır. Qeyd edim ki, dəniz səviyyəsindən 2450 metr yüksəklikdə olan Batabat yaylağı ərazisindəki 3139 hektar sahəni əhatə edən Şahbuz Dövlət Təbiət Qoruğunda hazırda 32 növ vəhşi heyvan, 127 növ quş, 1580 növ bitki qorunur. Əsasən, vaşaq, qonur ayı, oxlu kirpi, bezoar keçisi, xəzər uları, kəklik və başqa bir çox heyvan və quş növləri muxtar respublikamızda “Qırmızı Kitab”a daxil olan heyvanlardır ki, bizim qoruqda da bu heyvan növləri yaradılan şərait nəticəsində artıb çoxalmaqdadır. Bildiyiniz kimi, 2003-cü il iyun ayının 16-da ulu öndərimiz Heydər Əliyev böyük uzaqgörənliklə Şahbuz Dövlət Təbiət Qoruğunun yaradılması ilə bağlı Fərman imzalayıb. O vaxta qədər qoruq ərazisində olan heyvanların, quşların və bitkilərin bəzilərinin sayı az idi. Lakin qoruq elan olunan ərazidə dövlət qayğısı ilə həyata keçirilən tədbirlər, görülən işlər nəticəsində bu gün hətta nəsli kəsilməkdə olan heyvanların, quşların baş sayının artımı müşahidə olunmaqdadır. Faunanın və floranın qorunması işində dövlət tərəfindən göstərilən qayğı ən böyük amildir.
– Faunanın qorunması, artıb çoxalması, yəqin ki, əsas vəzifə kimi qarşınızda durur. Bu vəzifənin yerinə yetirilməsi məqsədilə hansı işlər görülür?
– Həyata keçirilən tədbirlərdən ən əsası heyvanların payız və qış dövründə normal yaşayışı üçün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən lazımi tədbirlərin görülməsidir. Bunun sayəsində biotexniki tədbirləri mütəmadi olaraq həyata keçirə bilirik. Qeyd etmək istəyirəm ki, bu tədbirlərin əhatə dairəsi ilbəil genişləndirilir.
Hər il muxtar respublikanın bütün rayonlarında olduğu kimi, Şahbuz rayonu ərazisində də yüz hektarla sahələrdə yeni meşə zolaqları və meyvə bağları salınır. Əgər ötən illərdə həyata keçirilən biotexniki tədbirlər yalnız xüsusi mühafizə olunan təbiət ərazilərini əhatə edirdisə, indi bu tədbirlər yeni əkilmiş yaşıllıq zolaqlarında və meyvə bağlarında da geniş şəkildə aparılır. Ötən illərdə də həmişə faunanın mühafizəsi məqsədilə Batabat yaylağı ərazisində olan Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisinə payız və qış aylarında dəfələrlə daşduz, buğda, quru ot və meyvə-tərəvəz qalıqları səpilib. 2015-ci ildə də mövsüm ərzində belə biotexniki tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərin həyata keçirilməsində əsas məqsəd müxtəlif yemlərlə qidalanan heyvanların tələbatlarının qoruq ərazisində normaya uyğun ödənilməsi və onların tələf olmasının qarşısını almaqdır. Bu tədbirlər qış mövsümü başa çatana kimi davam etdirilir. Bu səbəbdəndir ki, quşların və heyvanların ərazidən uzaqlaşması hallarına rast gəlinmir. Müxtəlif növ heyvanların qoruq ərazisində artıb törəməsi də onu göstərir ki, məqsədyönlü şəkildə həyata keçirilən tədbirlər öz bəhrəsini verir.
– Bildiyimiz kimi, qoruq ərazisində onlarla quş növü də məskunlaşıb. Onların yemə olan tələbatının vaxtlı-vaxtında ödənilməsi sayəsində quşların da mövsümlə əlaqədar olaraq miqrasiyasının qarşısını almaq mümkün olurmu?
– Əlbəttə. Qoruğun ərazisində olan 127 növ quşun burada daimi məskunlaşması üçün aparılan biotexniki tədbirlərin böyük əhəmiyyəti vardır. Çünki ərazimizdə olan köçəri quşların, müvəqqəti məskunlaşmış və daimi yaşayış yeri olan quşların burada nəsil verməsi, sayının çoxalması, onların soyuq havalarda tələf olmaması üçün biotexniki tədbirlərin mütəmadi aparılmasının böyük əhəmiyyəti vardır.
Batabat yaylağında ilin 6-7 ayı soyuq havalarla müşayiət olunur. Elə buna görə də heyvanların, quşların yemlənməsinə ciddi diqqət yetirilməlidir ki, onlar aclıqdan tələf olmasınlar. Bunun üçün biz vaxtlı-vaxtında qoruq ərazisinə quş yemlərinin və başqa ərzaq qırıntılarının səpilməsinə diqqət yetiririk. Ona görə də qoruq yaradılan ilk vaxtlardan fərqli olaraq, nəsli kəsilməkdə olan xəzər ularının və kəklik növlərinin sayı getdikcə artmaqdadır. Bu isə biotexniki tədbirlərin davamlı həyata keçirilməsinin müsbət nəticəsidir. Biz çalışırıq ki, qoruğumuzda olan flora və faunanın hərtərəfli mühafizəsinə nail olaq. Çünki insanın sağlamlığı, yaxşı yaşayışı, təminatı təbiətlə üzvi şəkildə bağlıdır. Bu mənada biz onu qorumalıyıq ki, o da bizi yaşatsın. Bunun üçün də dövlətimiz tərəfindən yaradılan şəraitdən istifadə edərək biz də öz vəzifə borcumuzu yerinə yetirmək üçün imkanlarımızı səfərbərliyə almağa çalışırıq.
– Maraqlı müsahibə üçün sağ olun!
P.S. Məlumdur ki, təbiətlə insan arasında bir balans mövcuddur ki, bu balansın da hər hansı bir təsirlə pozulması insanın və təbiətin məhvinə səbəb ola bilər. Ona görə də hər bir insan onu yaşadan təbiətin qoruqçusu olmalı, həmçinin fauna və floranın zənginləşməsinə öz köməyini göstərməlidir. Bunun üçün dövlətimiz tərəfindən də lazımi diqqət və qayğı göstərilir, şərait yaradılır. Bir qalır, vicdanla zəhmətə qatlaşmaq, təbiətə vurğunluqla ona qayğı göstərmək. Torpağın, havanın, suyun, odun birliyindən yaranmış kainatımızın qorunmasına hamı çalışmalıdır. Çünki bəşər övladının yaşayışı üçün təbiətin varlığı şərtdir.
Söhbəti qələmə aldı:
Şəhla NƏBİYEVA