22 Dekabr 2024, Bazar

Dövlət proqramı ötən il bu amala stimul oldu

Söhbət cəmiyyətdə fiziki yox, mənəvi baxımdan yaşamaqdan gedir. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən məqsədyönlü və praqmatik tədbirlər hər bir sakinin mənəvi-psixoloji durumunu yaxşılaşdırır, insanlara mənən yaşamaq haqqı verir. Bunun nəticəsi­dir ki, muxtar respublikada hər kəsi dövlətdən razı salacaq gerçəklik formalaşıbdır.
Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı vətəndaşların, o cümlədən xüsusi qayğıya ehtiyacı olan insanların gələcək taleyini müəyyənləşdirir. Bu parametrlər içərisində, konkret olaraq, sağlamlıq imkanları məhdud uşaqların təhsil məsələsi diqqəti cəlb edir.
Son illər muxtar respublikada dövlət tərəfindən müəyyən olunmuş prioritetlər sırasında təhsilin inkişafı xüsusi yer tutur. Bu sahədə islahatlar aparılır, ən mütərəqqi üsullar, yeniliklər tətbiq edilir. Bu, fasiləsiz prosesdir və muxtar respublikanın sosial-iqtisadi inkişafı bunun həmişə davam edəcəyinin qarantıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə müəyyənləşdirilən zəruri tədbirlər, bütövlükdə, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi və onların hərtərəfli təhsil almaları sahəsində modernləşmə və yeniləşmənin tərkib hissəsi kimi qəbul edilməlidir.

Bu qəbildən olan uşaqlar və onların ailə üzvləri bu səpkidə tədbirlərin ardıcıl surətdə davam etdiriləcəyinə və müsbət nəticələr əldə ediləcəyinə inanırlar. Bunun üçün kifayət qədər əsaslar var. Hər bir valideyn fərqinə varır ki, onun sağlamlıq imkanları məhdud övladının təhsilə cəlbi aidiyyəti orqanların daim diqqət mərkəzindədir, onlarla əlaqə saxlanılır, maarifləndirici söhbətlər aparılır, dövlətin humanist və həssas münasibəti bu orqanlar vasitəsi ilə hər zaman aydın hiss olunur.
Müasir dövrdə dövlət üçün ən vacib olanı vətəndaşlarının hər birindən maksimum faydalanmaqdır. Nəzərə alsaq ki, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqlar iki minin civarındadır, bu zaman məsələnin ciddiliyi bir az da artır. Sözsüz ki, bu uşaqlar gələcəkdə, əsasən, vətəndaş olaraq intellektlərini ortaya qoymaqla və peşə sahibi kimi dövlətə xidmət edə bilərlər. Ona görə də bu qəbildən olan uşaqların təhsilə cəlbi aktual məsələdir. Əgər bu uşaqlara daha yaxşı təhsil verilsə, onlar potensiallarına uyğun peşəyə yiyələnsələr, bunun həm özlərinə, həm də dövlət və cəmiyyətə faydası olar. Çünki sağlamlıq imkanları məhdud uşaqları kütlədən ayıranda onlar həm yükə çevrilir, həm də bütün həyatları asılılıq içində keçir.
“2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın ən başlıca üstünlüyü sağlamlıq imkanları məhdud uşaqlarla digər uşaqların birgə təhsilini təşkil etməklə bu uşaqları erkən yaşlarında cəmiyyətin axarına qoşmaqdır.
Dövlət proqramının müvafiq bənd­lərinin icrası ilə bağlı aidiyyəti təşkilatlar kimi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də ötən il ərzində qarşıya qoyulan vəzifələri həyata keçirməyə çalışmışdır. Belə ki, dövlət proqramına uyğun olaraq, muxtar respublika üzrə sağlamlıq imkanları məhdud 1969 uşaqdan 323 nəfərinin məktəbəqədəryaşlı olduğu müəyyən edilmiş və onlar haqqında məlumat bazası yaradılmışdır. Əqli və fiziki potensialları nəzərə alınaraq 19 nəfər məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud uşaq muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən uşaq bağçalarına cəlb edilmişdir.
Məktəbəqədər təhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqların fiziki və əqli inkişafını, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədilə “Naxçıvanım mənim” mövzusunda Naxçıvan şəhərində fəaliyyət göstərən məktəbəqədər müəssisələr arasında müsabiqə keçirilmiş, 32 nəfər sağlamlıq imkanları məhdud uşaq həmin müsabiqədə iştirak etmişdir. Eləcə də 61 nəfər sağlamlıq imkanları məhdud uşağın iştirakı ilə rəsm, əl işləri, musiqi müsabiqələri və şahmat yarışı keçirilmiş, qaliblərə və iştirakçılara diplom və hədiyyələr verilmişdir.
Ötən il 4 dəfə rayon (şəhər) İcra hakimiyyətləri və Naxçıvan Müəllimlər İnstitutu ilə birgə muxtar respublikada fəaliyyət göstərən uşaq bağçalarında təlim-tərbiyə işinə məsul işçilərin peşəkarlıq səviyyəsinin artırılması üçün 139 nəfər müəllim, metodist və tərbiyəçinin iştirakı ilə kurslar təşkil edilmişdir. Kurslarda məktəbəqədər müəssisələrin müvafiq işçilərinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə məruzələr dinlənilmiş və tədbir iştirakçılarına mövzuya uyğun əyani vəsaitlər paylanılmışdır.
Proqrama uyğun olaraq, ümumtəhsil müəssisələrində tədrisə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant mühitin yaradılması məqsədilə muxtar respublikanın tam orta məktəblərində sağlamlıq imkanları məhdud uşaqların, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə tədbir keçirilərək maarifləndirici söhbətlər aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır. Bundan əlavə, muxtar respublikanın 33 uşaq müəssisəsində keçirilmiş monitorinq və seminarlarda müəllim, uşaq və valideynlər arasında müvafiq mövzuda söhbətlər aparılmış, 2650-dən çox maarifləndirici broşürlər paylanılmışdır.
Komitə tərəfindən əlaqə saxlanılan sağlamlıq imkanları məhdud 12 uşağın bacarıq və maraqları nəzərə alınaraq, onlar musiqi məktəblərinə cəlb edilmişlər. Sağlamlıq imkanları məhdud 8 uşaq Naxçıvan şəhərində fəaliyyət göstərən məktəbdənkənar müəssisələrin dərnəklərinə, 14 nəfər muxtar respublikada fəaliyyət göstərən müxtəlif idman qruplarına cəlb olunmuşlar.
Komitə tərəfindən əlaqə saxlanılan sağlamlıq imkanları məhdud uşaqların müasir informasiya texnologiyalarından istifadə biliklərinin artırılması məqsədilə 12 uşaq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində təşkil olunmuş məşğələyə cəlb edilmişdir.
Ümumiyyətlə, proqramın icrası ilə bağlı 2014-cü il ərzində komitə tərəfindən 1438 sağlamlıq imkanları məhdud uşağın valideynləri ilə əlaqə yaradılaraq maarifləndirici söhbətlər aparılmış, bu uşaqlardan 19 nəfər uşaq bağçalarına, 8 nəfər Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə, 66 nəfər ümumtəhsil məktəblərinə (bunlardan 64-ü I siniflərə), 14 nəfər idman və şahmat məktəblərinə, 12 nəfər uşaq musiqi məktəblərinə, 8 nəfər məktəbdənkənar müəssisələrin dərnəklərinə, 8 nəfər Naxçıvan Uşaq Bərpa Mərkəzinə və 12 nəfər Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə yönləndirilmişdir. Müvafiq xəstəliyi olan uşaqlar üçün komitə tərəfindən qanvermə aksiyası təşkil olunmuş, 7 litrə yaxın müvafiq qruplardan olan qan toplanılaraq həmin uşaqlara köçürülmək üçün Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin qan bankına təhvil verilmişdir.
Bu gün sözügedən proqram sayəsində muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi, nəticə olaraq, cəmiyyətə inteqrasiyası ən yüksək səviyyəyə çatıb. Bir sözlə, pro­qramda bu sahədə nəzərdə tutulan tədbirlər və qarşıya qoyulan vəzifələr bu zamana qədər mövcud olan analoji tədbirlərlə müqayisədə uğurlu və bitkin modeldir.
Dövlət proqramında nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi, mahiyyət etibarilə, bu sahədə ən mühüm islahatdır. Bununla sağlamlıq imkanları məhdud uşaqların təkcə təhsilə cəlbi deyil, həm də cəmiyyətə inteqrasiyasının mütəşəkkil, yeni metodu tətbiq edilməyə başlanılıb. Konkret fəaliyyətə gəldikdə isə qeyd etməyi vacib bilirəm ki, görülən işlərlə əlaqədar intensiv dəyərləndirmələr, təhlillər aparılır, zəruri məsələlər diqqət mərkəzində saxlanılır. Hesab etmək olar ki, muxtar respublikada təhsil sahəsində sağlamlıq imkanları məhdud uşaqlarla digər uşaqlar arasında olan fərqin aradan qalxmasına çox yaxınlaşılıb və biz yaxın zamanlarda aradakı məsafənin tamamilə tükənəcəyinin şahidi olacağımıza ümid edə bilərik.

Bütün bunların məntiqi nəticəsi kimi, əldə edilən və gözlənilən uğurlar milli gücü daha da artıracaq, yaxın gələcəkdə muxtar respublikada yeni bir cəmiyyət formalaşdıracaqdır. Bu cəmiyyət sağlamlıq vəziyyətindən asılı olmayaraq, hər bir vətəndaşı özündə birləşdirəcək, dövlətimizin qüvvətlənməsi naminə gələcəyə daha inamlı baxışları ilə fərqlənəcək. Çünki cəmiyyətin hər bir üzvü möhkəm dayaqlar üzərində qərar tutan fəal vətənpərvər, təhsilli, bilikli olacaqdır. “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” təkcə əhatə etdiyi zaman kəsiyində yox, hələ üzun illər bu sahədə inkişafın və nailiyyətlərin əsası kimi çıxış edəcək.

Sahir RÜSTƏMOV
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR