22 Dekabr 2024, Bazar

Yüksək texnologiyalar dövrü adlandırılan XXI əsrdə dünya sivilizasiyasının sürətli inkişafında informasiya texnologiyaları əhəmiyyətli rola malikdir. Hər bir xalqın inkişafında, zamanla ayaqlaşmasında informasiya-kommunikasiya texnologiyaları (İKT) böyük rol oynayır. Hal-hazırda İKT-nin geniş tətbiq olunduğu internet cəmiyyətin mühüm fenomenlərindən birinə çevrilməklə getdikcə həyatımızda daha böyük yerə sahib olmaqdadır.

İnformasiya əsrində hər bir dövlətin və cəmiyyətin real gücünü onun virtual məkanda təmsilçiliyi və bunun hansı səviyyədə mövcud olması ortaya qoyur. Qlobal informasiya məkanı və kütləvi kommunikasiya vasitələrinin təsiri altında dünyada baş verən proseslər həm də sosial-siyasi sahədə informasiya mübarizəsi və ya təbliğat aparmaq üçün önümüzdə geniş imkanlar açır. Biz bu imkanlardan maksimum istifadə etməklə Naxçıvan Muxtar Respublikasının beynəlxalq imicini və xarici təbliğatını daha da gücləndirə bilərik. Bu baxımdan açılan cığırlarda yeriyərək, bu axına qoşularaq muxtar respublikamızın bizi biz edən dəyərlərini dünya səviyyəsində tanıtmaq imkanı əldə edə bilərik. Qeyd edək ki, bu, çox asandır, yaşından, vəzifəsindən asılı olmayaraq, hər bir vətəndaşımız doğulduğumuz, böyüyüb boya-başa çatdığımız, yaşadığımız doğma torpağımızı virtual məkanda tanıtmaq imkanına sahibdir. Bunu etmək isə bizim hamımızın borcudur. Sözdə inkişaf edən bir çox ölkələrlə müqayisə etdikdə görürük ki, bizim ölkəmizdə, sözün əsl mənasında, güclü inkişaf gedir və bu, özünü bütün sahələrdə göstərir. Ən son texnologiyalarla təchiz olunmuş xəstəxanalar, təhsil ocaqları, regionun inkişafına və əhalinin rifahına xidmət edən müasir infrastruktur xalqımızın daha rahat yaşaması üçündür. Bu inkişafı bütün dünyaya göstərməliyik.

Bəs bu gün muxtar respublikamız virtual məkanda necə təbliğ olunur?
Araşdırma zamanı internet məkanında Azərbaycanın tanıtımı istiqamətində reallaşan bir neçə layihəyə diqqət yetirdik. Bunlar içərisində www.nakhchivan.az internet portalı diqqətimizi xüsusilə çək­di. Bu sayt 3 dildə xidmət göstərir və bu, saytı virtual məkanda daha yararlı edir. Saytın fəaliyyəti qənaətbəxşdir. Saytda Naxçıvan Muxtar Respublikası haqqında əsas və maraqlı məlumatlar yer alır.
Sosial şəbəkədə fəaliyyət göstərən “Naxçıvan həqiqətləri”, “Naxçıvan gənc­ləri” qrupları da bu baxımdan əhəmiyyətli rol oynayırlar. Lakin bu qruplarda yayımlanan və əks olunan bir çox paylaşımlar, əsasən, Azərbaycan dilindədir. Bu isə muxtar respublikada baş verən inkişafın beynəlxalq arenada tam və əhatəli təbliği baxımından yetərsizdir. Arzumuz budur ki, qruplar fəaliyyətini müxtəlif dillərdə də davam etdirsin. Bu, muxtar respublikada baş verən yenilikləri daha geniş kütləyə çatdırmaq baxımından böyük addım ola bilər.
Bilindiyi kimi, virtual məkanda hər bir dövlətin iqtisadi gücü, müdafiə qüdrəti, insanların güzəranının daha da yaxşılaşdırılması istiqamətində görülən işlər daha çox informasiya resurslarının xüsusi çəkisi ilə şərtlənir. Məhz bu mühüm amili nəzərə alaraq hazırda dünyanın bir çox inkişaf etmiş dövlətləri virtual məkanda milli maraqlarını, siyasi baxışlarını təbliğ etmək, tanıtdırmaq məqsədilə ardıcıl, sistemli tədbirlər həyata keçirirlər.
Muxtar respublikamızda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün böyük işlər görülüb. Bu, bizə imkan verir ki, muxtar respublikamızın inkişafının hər addımını, hər anını virtual məkanda təbliğ edə bilək. Bu yolla da inkişafımızın mahiyyətini, sürətini, bu inkişaf uğrunda sərf edilən əməkləri qiymətləndirmiş olarıq. Bu gün tarixi keçmişimizin, milli-mənəvi dəyərlərimizin tanıdılmasında internet mühüm əhəmiyyət kəsb edir. Virtual məkanda muxtar respublikamızın tanıdılması müasir informasiya texnologiyaları ilə silahlanmış yüksəksəviyyəli, öz işini yaxşı bilən və sevən mütəxəssislərin səyi nəticəsində mümkündür.
Naxçıvan Muxtar Respublikasında keçirilən əhəmiyyətli tədbirləri müxtəlif dillərdə virtual aləmdə yayımlamaq nə qədər gözəl olardı, deyilmi?!
İnsanlar bu gün internet vasitəsilə dünyada baş verən hadisələrlə, yeniliklərlə tanış olur, bu hadisələrə internet vasitəsilə münasibət bildirirlər.
Günümüzü internet üzərində lazımsız səhifələrdə keçirmək əvəzinə, Vətənimizi, milli dəyərlərimizi internet üzərindən təbliğ etmək daha yararlı olardı. Gənclərimiz bu sahədə böyük işlər görməkdədirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Müasir dövrdə informasiya texnologiyalarının tətbiqi işinin və informasiya mübadiləsinin çevik forması olan sosial şəbəkələrin getdikcə genişlənməsi gənclər qarşısında əlavə fəaliyyət sahəsi açmışdır. Bizim üçün xoşdur ki, muxtar respublika gənc­ləri bu sahəyə nüfuz etməyi bacarmış, sosial şəbəkələrdə fəallığı xeyli artırmışlar. Gənclərimiz sosial şəbəkələrdən, əsasən, təbliğat vasitəsi kimi istifadəyə üstünlük verir, öz təcrübə və biliyini səmərəli informasiya mübadiləsinə yönəldir, internet resurslarında ölkəmiz, eləcə də muxtar respublikamız haqqında obyektiv və zəngin məlumat bazası yaratmağa çalışırlar”.
İnsanların əksəriyyətinin aktiv olduğu “Facebook”, “Twitter” kimi sosial şəbəkələrdə xüsusilə ermənilərin Vətənimizdə törətdikləri vəhşilikləri, soydaşlarımıza qarşı soyqırımları işıqlandırmalı, bu hadisələrə öz münasibətimizi bildirməliyik. Bununla bağlı işıq üzü görmüş elmi və bədii əsərlər də internet səhifələrində yayımlanmalıdır. Ölkəmizdə bu mövzu ilə əlaqədar nəşr olunan kitabların elektron variantını yaratmaq, sosial şəbəkələrdə müxtəlif dillərdə bu faciə və soyqırımlara həsr olunmuş şeirləri, poemaları yayımlamaq, fikrimizcə, çətin bir iş deyil. Gəlin özümüzü təbliğ əvəzinə tariximizi, dəyərlərimizi, mədəniyyətimizi təbliğ edək.
Bəli, milli maraqlarımızın virtual məkanda təmin edilməsinin prioritet istiqaməti, sözsüz ki, torpaqlarımızın 20 faizini işğal edən, oradakı maddi-mənəvi dəyərlərimizin bir hissəsini dağıdan ermənilərə həmin məkanda cavab verməkdir. Milli maraqlarımızın virtual məkanda təmin edilməsi, həm də kibercinayətkarlığa, terrorizmə qarşı mübarizədir.
Çağdaş dövrün elmi nailiyyətləri içərisində ən əhəmiyyətlisi internetdən istifadə imkanlarıdır. İnformasiya mübadiləsi milyonların maraqlarını təmin etməklə insanların həyatında önəmli rol oynayır. Virtual rəqabət məkanında sadə vətəndaşlarımız da fəal iştirak edərək milli maraqların qorunması işinə öz töhfələrini verə bilərlər. Milli dövlətçilik maraqlarının qorunmasında vətəndaş təəssübkeşliyi vacib amildir və bu həqiqəti hamı dərk etməlidir. Belə bir şəraitdə virtual dünyanın pozitiv imkanlarından səmərəli şəkildə bəhrələnməli, çalışmalı, milli ideya, ənənə və dəyərlər üzərində köklənmiş virtual informasiya məkanı formalaşdırmalıyıq.

 Nərgiz İSMAYILOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR