22 Dekabr 2024, Bazar

Naxışnərgiz kəndi Babək rayonunun inzibati xəritəsində kiçik yer tutan yaşayış məntəqələrindən biridir. Uzun illər bu kənddə heç bir sosial obyekt inşa edilməyib. Yaşayış məntəqəsində məktəb olmadığı üçün uşaqlar Qahab kəndindəki məktəbdə təhsil alıblar. Bunun da yaratdığı çətinlikləri təsəvvür etmək çətin deyil. İnfrastrukturun təkmilləşdirilməsi məqsədilə Naxışnərgiz kəndi müstəqil ərazi vahidinə çevrildikdən sonra burada müəyyən quruculuq tədbirləri həyata keçirilib. Ötən il dekabr ayının 8-də isə kənddə böyük bayram sevinci yaşanıb. Belə ki, kompleks quruculuq tədbirləri çərçivəsində yaşayış məntəqəsində kənd məktəbi üçün yeni bina, kənd və xidmət mərkəzləri istifadəyə verilib.

Yolumuz muxtar respublikanın müasir kəndləri sırasına qoşulan Naxışnərgiz kəndinədir. Kəndə gedən yol Qahab kəndindən keçir. Məlumat üçün bildirək ki, bir neçə ay əvvəl bu yaşayış məntəqəsinə də muxtar respublikada həyata keçirilən qurucu­luq tədbirlərindən pay düşüb. Yeni məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası istifadəyə verilib. Kəndarası yola asfalt döşənib. Qahab kəndi ilə Naxışnərgizi birləşdirən körpü yenidən qurulub. Həmin körpünü keçib Naxışnərgizə çatırıq. Budur, 234 şagird yerlik məktəb binasının qarşısındayıq.

Məktəb barədə qısa məlumatımız ondan ibarətdir ki, hazırda burada 133 şagird oxuyur, onların təlim-tərbiyəsi ilə 24 müəllim məşğul olur. Yeni məktəb binasında 13 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat otağı, 19 kompüter quraşdırılmış və internetə qoşulmuş kompüter otağı, 3 elektron lövhəli sinif, müəllimlər otağı, 2882 kitab fondu olan kitabxana, bufet, idman zalı və açıq idman qurğuları müəllim və şagirdlərin ixtiyarına verilib.
Məktəbin həyətində söhbət edən iki müəllimlə görüşürük. Razi Adıgözəlov və Dilsuz Qasımov Naxışnərgiz kəndinə göstərilən dövlət qayğısı, konkret olaraq elə həyətində söhbət etdiyimiz yeni məktəb binası üçün minnətdarlıqlarını bildirirlər. Razi müəllim deyir:
– Muxtar respublikada geniş vüsət alan kompleks quruculuq tədbirlərinin tərkib hissəsini təşkil edən məktəb tikintiləri təhsildə böyük uğurlara yol açıb. Son illərin statistikası da belə deməyə tam əsas verir ki, çəkilən zəhmət hədər getmir, göstərilən qayğı bəhrəsiz qalmır. Bu tədbirlərdən Naxışnərgiz kəndinə də pay düşməsi sakinlərin böyük sevincinə səbəb olub. Bu, məsələnin bir tərəfidir. Yeni məktəb binası ilə kollektivimiz qarşısında savadlı, intellektli gənclər yetişdirmək kimi mühüm vəzifələrin qoyulması məsuliyyətimizi daha da artırıb. Ona görə də çalışırıq ki, tədrisin keyfiyyətini yüksəldək, məktəbimizin muxtar respublikanın qabaqcıl təhsil ocaqlarından birinə çevrilməsinə nail olaq. Təhsil ocağının yeni binasında yaradılmış şərait isə məqsədimizə çatmağa tam imkan verir.
Dilsuz Qasımov:
– Müasir tədris avadanlıqları ilə təmin olunan yeni məktəb binası kənddə gənclərin təhsilli böyüdülməsinə şərait yaradıb. Kollektivimiz unutmur ki, ölkənin gələcəyi məktəblərdə hazırlanır. Ona görə də çalışırıq ki, müasir tədris metodlarından istifadə edək, intellektli gənclər yetişdirək. Elə gənclər ki, vətənpərvər olsunlar, dövlətçiliyimizə, müstəqilliyimizə sədaqəti özlərinin həyat amallarına çevirsinlər. Çünki hər bir xalqın gələcəyinin necə qurulması onun gənc­lərinin yetişdirilməsindən asılıdır.
Bu an yaşlı bir sakin bizə yaxınlaşır, hal-əhval tutur. Öyrənirik ki, İsmayıl Zamanov el ağsaqqalıdır. Onun ürək sözlərini dinləyirik:
– Aparılan kompleks quruculuq tədbirləri Naxışnərgizi qəsəbə timsallı müasir kəndə çevirib. Təbii ki, bütün bunlar insanların qurub-yaratmaq əzminə öz təsirini göstərib. Odur ki, kənd adamları qiymətli sərvət olan torpaqdan möhkəm yapışıblar. Bir ağsaqqal kimi onu da deyim ki, ağlım kəsəndən kənd camaatını əkinçiliklə məşğul olan görmüşəm. Doğrudur, onlar çox zəhmət çəkir, qazancları isə cüzi olurdu. Bununla belə, ailələrini birtəhər dolandırırdılar. İndi, şükür ki, hər şey kəndlinin öz ixtiyarındadır. Sulu, bol-bərəkətli torpaqlar biz kəndlilərə təmənnasız verilib; qazancımıza şərik çıxmaq istəyən də yoxdur. Əksinə, dövlətimiz torpaq mülkiyyətçilərinə hərtərəfli qayğı göstərir, lazımi qədər maliyyə yardımı, toxum, gübrə, texnika verir. İstəyir ki, heç bir çətinliyimiz olmasın, torpağımızı rahat əkib-becərək, yaxşı dolanaq. Torpaq mülkiyyətçiləri yaradılan şəraitdən səmərəli istifadə etməyə çalışır, muxtar respublika iqtisadiyyatının gücləndirilməsinə öz töhfələrini verirlər.
Həmin gün Naxışnərgizdə yeni kənd mərkəzinin açılışı olub. İki mərtəbədən ibarət olan kənd mərkəzində rabitə evi, polis sahə və baytarlıq məntəqələri, feldşer-mama məntəqəsi, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nüma­yəndəlik, kənd klubu və 54 yerlik iclas zalı yerləşir. Mərkəzin birinci mərtəbəsində yerləşən rabitə evində elektron ATS quraşdırılıb, poçt bölməsinin fəaliyyəti təmin edilib.
Kənd mərkəzindəki kitabxanada oxucuların istifadəsinə 7469 kitab verilib.
Binada feldşer-mama məntəqəsi üçün də 4 iş otağı ayrılıb, məntəqə lazımi dərman vasitələri, ilkin tibbi yardım və peyvənd çantaları ilə təmin olunub. Tibb məntəqəsinə baş çəkirik. Hər tərəfdə səliqə-­sahman diqqətimizdən yayınmır. Tibb məntəqəsinin müdiri Gülsüm Abbas­ova: – İnsan ona göstərilən qayğını görəndə, təbii ki, onun qurub-yaratmaq əzmi yüksəlir. Bu hissi bu gün Naxışnərgizdə hamı yaşayır. Biz də öz üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışırıq. Bir ziyalı kimi Naxışnərgizə, onun yurdse­vər insanlarına göstərilən qayğıya görə dövlətimizə min­nətdarlığımı bildirirəm.
Naxışnərgiz kəndində yeni istifadəyə verilən xidmət mərkəzində bərbərxana, gözəllik salonu, ərzaq və sənaye malları mağazaları vardır. Mağazalarda ərzaq məhsullarının, gündəlik tələbat mallarının, eyni zamanda geyim dəstlərinin, məktəbli formalarının və təsərrüfat mallarının satışı təşkil olunub.
Kənd ziyalısı İsmayıl Ağamalıyev:
– Bu gün kəndimiz yeni tikililər hesabına öz simasını tamamilə dəyişib, muxtar respublikanın abad yaşayış məntəqələrinin sırasına qoşulub. Görülən bu işlər kəndlə şəhər arasında fərqin aradan qaldırılmasına səbəb olub. Onu da xüsusilə qeyd edim ki, Naxışnərgizdə gənclər ağbirçək və ağsaqqallara böyük hörmət, ehtiram göstərirlər. Onlar milli adət-ənənələrimizə, milli geyimlərimizə hörmətlə yanaşırlar. Xüsusən də xeyir-şər məclislərində birlik nümayiş etdirirlər.
Kənddə kiminlə həmsöhbət oldumsa, hamı Naxışnərgizin abad yaşayış məntəqəsinə çevrildiyini, insanların rifahının yüksəldiyini, problemlərinin vaxtlı-vaxtında həll olunduğunu bildirdi.
– Naxışnərgiz kəndində abadlıq işləri də aparılıb, kənddaxili 1400 metrlik yola asfalt örtük salınıb, 12 ədəd su keçidi qoyulub, 1 körpü təmir olunub, 950 metr uzunluğunda beton kanal tikilib. Sirab kəndindən Naxışnərgiz kəndinədək 3484 və kənddaxili 200 metr fiber-optik kabel çəkilib, 2000 metrlik elektrik xətti yenilənib, 1420 metr qaz və 1050 metr içməli su xətti çəkilib, – bu sözləri kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Ceyhun Zamanov deyir və əlavə edir:
– Naxışnərgiz kəndində gördükləriniz muxtar respublikada ulu öndərimiz Heydər Əliyevin qurucu­luq siyasətinin uğurla davam etdirilməsinin bəhrələridir. Ona görə də qurulanları, yaradılanları qorumağı, gələcək nəslə ərməğan etməyi hər bir naxışnərgizli özünün vətəndaşlıq borcu sayır.
...Bir anlığa yadıma Naxçıvana paytaxt Bakı şəhərindən gəlmiş qonaqlardan birinin söhbəti düşür:
– Naxçıvana hər gəlişimdə çoxsaylı yeniliklərin şahidi oluram. Xüsusilə də tikinti-quruculuq tədbirləri qədim yurd yerinin həyat ritminə çevrildiyindən belə yeniliklərin sayı saatbasaat artır. Yaxşı haldır ki, bu proses təkcə Naxçıvan şəhəri və rayon mərkəzləri ilə məhdudlaşmır, kəndləri də əhatə edir. Naxçıvanlılar bütün bunları hər gün görməyə adət ediblər. Ona görə də belə yeniliklər onlara adi görünür...
Doğrudan da, belədir. Günü-gündən müasir yaşayış məntəqəsinə çevrilən kəndlərimizin sayı artmaqda, şəhərlə kənd arasındakı fərq aradan götürülməkdədir.
Beləcə, “Muxtariyyət ili” naxışnərgizlilərin yaddaşına onlara göstərilən davamlı dövlət qayğısı kimi yazıldı.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR