Əhalinin məşğulluğunun artırılması, yoxsulluğun tamamilə aradan qaldırılması muxtar respublikada daim diqqətdə saxlanılan məsələlərdəndir.
Əmək ehtiyatlarından daha səmərəli istifadə edərək əhalinin məşğulluğunu təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin uğurlu icrası bu sahədə müsbət nəticələrin əldə edilməsinə geniş imkanlar açır. Dövlət proqramının aktiv məşğulluq tədbirləri üzrə bəndinin icrasına uyğun olaraq, əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə muxtar respublikada əmək bazarının tələbləri nəzərə alınmaqla əmək yarmarkaları təşkil edilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən verilən məlumata görə, 2014-cü ildə xidmət tərəfindən Naxçıvan şəhərində və rayon mərkəzlərində 4 dəfə əmək yarmarkaları təşkil edilib. Əmək yarmarkalarına, ümumilikdə, 263 müəssisə və təşkilat tərəfindən 2030 boş iş yeri çıxarılıb. Keçirilən əmək yarmarkalarında 943 nəfər peşə və ixtisasına uyğun işlə təmin edilib, 9 nəfər peşə hazırlığına, 30 nəfər isə ictimai işlərə cəlb olunub. Muxtar respublikada təhsil və səhiyyə işçiləri üçün təşkil olunan əmək yarmarkaları da məşğulluğun artırılmasında mühüm rol oynayır. Belə ki, ötən il təhsil sahəsi üzrə keçirilən əmək yarmarkasında 93 nəfər, səhiyyə işçiləri üçün keçirilmiş əmək yarmarkasında isə 11 nəfər münasib işlə təmin olunub.
Məşğulluq tədbirlərinin davamlı xarakter alması əhalinin məşğulluğunun artırılması ilə yanaşı, sosial rifahın yüksəldilməsinə də hərtərəfli şərait yaradır.
Xəbərlər şöbəsi