Əmlak mənafeləri cəmiyyətdə mövcud olan bütün iqtisadi maraqları müəyyən edən əsas anlayışlardandır. Doğrudan da, əmək sərf edərək əmlak qazanmaq və rifah içində yaşamaq hər bir insanın əsas məqsədlərindəndir. Ancaq pul qazanıb əmlak əldə etməklə bərabər, eyni zamanda onun qorunması da əsas məsələlərdən biri sayılır. Baş verə bilən gözlənilməz bədbəxt hadisələr nəticəsində əmlaka dəyən zərərlərin əvəzinin ödənilməsi baxımından ev əmlakının könüllü sığortası mühüm əhəmiyyət daşıyır.
Zəmanət anlayışına müasir dövrdə çox diqqət yetirilir. İnsanlar əldə etdikləri hər şeyi zəmanətlə almağı üstün tuturlar. Ona görə də risk sevməyən, onu özünə deyil, sığorta agentinə ötürməyi üstün tutanlar əmlakının zərər görməsi halında maddi itkilərin əvəzinin ödənilməsini də sığorta agentinin verdiyi zəmanətə bağlayırlar. Çünki bədbəxt hadisələr zamanı daşınmaz əmlakın özü ilə bərabər, onun içində olan qiymətli əşyalar da məhv olub sıradan çıxır.
Bu baxımdan müasir dövrdə ev əmlakının sığortası çox geniş yayılmışdır. İnsanlar sığortanın faydalarını gördükcə icbari olaraq həyata keçirilən bir sıra sığorta növləri ilə bərabər, ev əmlakının sığortası kimi könüllü sığortalara da üstünlük verirlər. Elə gözlənilməz bədbəxt hadisələr vardır ki, bu zaman vətəndaşa dəyən zərərin əsas hissəsi elə ev əmlakının itirilməsi ilə yaranır. Məsələn, baş verə biləcək zəlzələ zamanı daşınmaz əmlak kimi evin özünə zərərdəymə ehtimalı daha çoxdursa, kiçicik yanğın, subasma kimi hadisələr zamanı daha çox evdəki bahalı əşyalar – mebel, xalça, elektrik cihazları və sair kimi qiymətli əmlak, demək olar ki, tamamilə sıradan çıxıb istifadəsiz hala düşür. İndi məişətimizə sıx daxil olmuş müxtəlif əşya və cihazların növ və çeşidinə nəzər saldıqda görürük ki, ev əmlakının sığortasını da maddi dəyər baxımından daşınmaz əmlakın icbari sığortası kimi eyni dərəcədə faydalı saymaq mümkündür.
Ev əmlakının itirilməsinə səbəb olan riskli hadisələr kifayət qədər çoxdur. Daşqın, fırtına, çovğun, torpaq sürüşməsi, ildırım düşməsi, habelə yanğın, qaz partlayışı, iri ağacların düşməsi, ağır nəqliyyat vasitələrinin çarpması, binanın əsas konstruksiyasının zərər görməsi, su, kanalizasiya, istilik sisteminin zədələnməsi, kənar mənzillərdən su daxil olması kimi hallar ev əmlakına zərər vura bilər. Ev əmlakının itirilməsi və ya məhv olması ilə yaranan maddi itkilər əmlak sığortası müqaviləsi bağlamış tərəflərin mövcud qaydalar əsasında razılaşdırılmış məbləğdə ödənilən sığorta ödənişləri vasitəsilə yerinə qaytarılır. Zamanı geri qaytarmaq mümkün olmasa da, itirilən məbləğin geriqaytarılma üsulları vardır.
Ev əmlakının sığortası könüllü sığortadır. Başqa sözlə, əgər icbari sığortalar tərəflərin istəyindən asılı olmayaraq və yalnız qanunla müəyyən olunan şərtlər daxilində aparılırsa, ev əmlakının sığortası kimi könüllü sığortalar müəyyən olunmuş qaydalar və tərəflərin razılığı ilə aparılır. Ona görə də ev əmlakının sığortası zamanı hər bir 18 yaşından yuxarı şəxs sığorta agentliyinə müraciət edərək onun üçün dəyərli olan əşyalarını sığorta etdirə bilər. Qeyd etmək lazımdır ki, bu zaman sığortaçı tərəfindən müəyyən olunan bəzi qaydalar vardır. Belə ki, hər bir evdə minimum məbləğlə (adətən 1000 manat) ifadə olunan ev əşyasının sığortası baxış keçirilmədən sığorta etdirənin yazılı müraciəti əsasında aparılır. Əgər sığortalı şəxs daha yüksək məbləğlə göstərilən bir müqavilə bağlamaq istəyirsə, bu zaman hökmən şəxsin daimi yaşayış yerindəki evdə həmin əşyalara baxış keçirməklə bu müqavilə bağlanır. Ancaq istənilən halda evdəki pul məbləği, sənədlər, əlyazmalar, zinət əşyaları, habelə ev heyvanları, quşlar bu sığorta növünə şamil olunmurlar. Çünki bunlar üçün ayrıca olaraq xüsusi bir sığorta növü müəyyən olunmuşdur. Ev əmlakının bu məqsədlə qiymətləndirilməsi zamanı isə evdəki əşyaların qruplar halında dəyərləndirilməsi və sığortalanması qaydasından istifadə olunur. Məsələn, evdəki mebel, xalça və cihazların sığortalanması zamanı onların həm qiymətləndirilməsi, həm də zərərgörmə ehtimalları nəzərə alınır. Məişət texnikasının elektrik nasazlığından yanması buna misal ola bilər.
Ev əmlakının sığortası geniş əhali təbəqələri arasında yayıldığı və sığorta predmeti olan ev əşyalarının da çeşidinin sürətlə artdığı bir dövrdə sığortaçılar tərəfindən müxtəlif praktikalardan geniş istifadə olunur. İqtisadiyyat inkişaf etdikcə insanların da istifadə etdikləri müxtəlif sayda qiymətli ev əmlakı əşyaları alınıb istifadə olunur. Və onların da bir çox müxtəlif səbəblərdən itirilmə və məhvolma ehtimalı vardır. Bir sıra bəzi səbəblərdən, məsələn, evdə digər şəxslərin hərəkətindən yaranan zərərlər, qapının açıq qalması nəticəsində ev əşyasının yox olması və müharibə vəziyyətində ev əmlakının zərər görməsi kimi hallardan başqa, digər bütün hallarda evə, onun içindəki əşyalara dəymiş zərərin əvəzi sığorta şirkəti tərəfindən ödənilir.
Əli CABBAROV