Tədbirdə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin Ümumi şöbəsinin müdiri Yasin Əliyev çıxış edib.
Qeyd olunub ki, muxtar respublikada avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasını həyata keçirən sürücülərin intizam qaydalarına uyğun fəaliyyət göstərmələri mütəmadi olaraq nəzarətdə saxlanılır. Bu qaydalara əsasən, sərnişindaşıma hüququ müvafiq ixtisas tələblərinə və sağlamlıq vəziyyəti müvafiq normalara cavab verən fiziki şəxslərə verilir. İctimai nəqliyyatda sərnişin daşınması ilə məşğul olan hər bir sürücünün idarə etdiyi avtomaşının fəaliyyət göstərməsi üçün xüsusi razılığın (lisenziyanın) verildiyini təsdiq edən sənəd olmalı, sürücülük rekvizitləri qanunvericiliyin tələblərinə cavab verməlidir.
Sonra nazirliyin Nəqliyyat müfəttişliyi və təhlükəsizlik şöbəsinin müdiri Elxan Novruzov çıxış edərək bildirib ki, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasını yerinə yetirən sürücülərin intizam qaydalarına necə əməl etmələrini yoxlamaq məqsədilə bir sıra reydlər keçirilib, keçirilmiş reydlər nəticəsində qeyri-qanuni sərnişin və yükdaşıma fəaliyyəti göstərən 331 avtonəqliyyat vasitəsi sahibi aşkar olunub, onlardan 300-ü lisenziyaya cəlb edilib, qalan 31 avtonəqliyyat vasitəsinin isə sənədləşdirilməsi işi aparılır. İntizama tabe olmayan, qanun pozuntusuna yol verən sürücülər isə Dövlət Yol Polisi əməkdaşları ilə birlikdə keçirilən reydlərdə saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Vurğulanıb ki, qarşıya qoyulan başlıca vəzifələrdən biri də avtomobilləri vaxtında texniki müayinədən keçirməklə 2014-2015-ci ilin payız-qış mövsümündə avtonəqliyyat vasitələrinin saz vəziyyətdə istismar olunmasından ibarətdir. Bu mühüm əhəmiyyətli sahə də diqqət mərkəzində saxlanılıb, ayrı-ayrı rayonlarda payız-qış mövsümünə hazırlıqla əlaqədar reydlər keçirilib, avtonəqliyyat vasitələrində aşkar olunan nöqsan və çatışmazlıqlar aradan qaldırılıb.
2014-cü ildə muxtar respublikamızın rayon və kəndlərinə sakinlərin rahat gedib-gəlmələri məqsədilə bir neçə yeni marşrut da açılıb ki, bunlar Cəhri-Naxçıvan-Cəhri, Culfa-Naxçıvan-Culfa, Ərəfsə-Naxçıvan-Ərəfsə, Mahmudoba-Naxçıvan-Mahmudoba marşrutları olub.
“Nəqliyyat-yol kompleksinin yenidən qurulması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verib, şəhər infrastrukturunun mühüm sahəsi sayılan sərnişindaşıma xidmətinin günün tələbləri səviyyəsində qurulması üçün hər cür şərait yaradılıb”, – deyən Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin rəis əvəzi İlkin Məmmədov qeyd edib ki, 2014-2015-ci ilin payız-qış mövsümünü günün tələbləri səviyyəsində başa vurmaq üçün kompleks tədbirlər həyata keçirilir. 2014-cü il ərzində Naxçıvan Şəhər Nəqliyyat İdarəsi 10 ədəd “Naz-Lifan” markalı taksi minik avtomobilindən, 9 ədəd “Paz”, 5 ədəd “Liaz”, 37 ədəd “King-Long” və 2 ədəd “Mersedes-Benz Traveqo” markalı avtobuslardan səmərəli istifadə etməklə sərnişindaşıma xidmətinin intensiv və keyfiyyətli formada həyata keçirilməsi üçün bütün gücü ilə çalışıb.
Sonda sərnişindaşıma ilə məşğul olan sürücülərin sualları cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti