Mövcud sığorta-pensiya sisteminin əsasını sistemə ödənilən məcburi dövlət sosial sığorta haqları təmin edir. Məcburi dövlət sosial sığorta haqqı qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Sosial sığortanın bu formasının müntəzəm olaraq həyata keçirilməsinə dövlət təminat verir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, hər hansı bir müəssisədə işçiyə verilən əməkhaqqı müqabilində 22 faiz, işçinin öz əməkhaqqından isə 3 faiz Dövlət Sosial Müdafiə Fondu orqanının hesabına pul vəsaiti köçürülməlidir.
Kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən fiziki şəxslər əməkqabiliyyətli ailə üzvlərinin hər biri üçün torpaqların ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 1-ci keyfiyyət qrupu üzrə 12 faizi, yəni 12,6 manat, 2-ci keyfiyyət qrupu üzrə 8 faizi, yəni 8,4 manat, 3-cü keyfiyyət qrupu üzrə 4 faizi, yəni 4,2 manat, 4-cü keyfiyyət qrupu üzrə 2 faizi, yəni 2,1 manat miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər. Ticarət və tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının Naxçıvan şəhərində 50 faizinin 80 faizi, yəni 42 manat, rayon mərkəzində 50 faizinin 60 faizi, yəni 31 manat, kənd yerlərində isə 50 faizi məbləğinin 50 faizi, yəni 26,25 manat miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığorta haqlarının vətəndaşlar tərəfindən ödənilmə müddətinin azaldılması və əlavə maliyyə vəsaitlərinin sərf edilməsinin qarşısını almaq məqsədilə müxtəlif tədbirlər həyata keçirir.
Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun www.dsmf.nakhchivan.az saytında onlayn rejimində sığortaedənlərə və sığortaolunanlara təqdim olunur.
Məcburi dövlət sosial sığorta haqlarının onlayn ödənilməsi xidmətindən istifadə etmək üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və torpaq mülkiyyətçiləri internet vasitəsilə www.dsmf.nakhchivan.az saytına daxil olmaqla elektron xidmətlər siyahısından müvafiq xidməti seçərək plastik kartlar (əməkhaqqı, pensiya kartları və sairə) vasitəsilə məcburi dövlət sosial sığorta haqlarını tam şəkildə ödəyə bilərlər. Məcburi dövlət sosial sığorta haqlarının onlayn ödənilməsi xidmətindən istifadə etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və torpaq mülkiyyətçiləri vaxta və vəsaitlərə qənaət etmiş olurlar.
Digər ödəniş üsulu məcburi dövlət sosial sığorta haqlarının poçt şöbələrindən ödənilməsidir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları ilə poçt şöbələri arasında bağlanmış müqavilələrə əsasən, məcburi dövlət sosial sığorta haqlarının poçt şöbələrindən ödənilməsi təmin edilmişdir. Bununla da, kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər rayon mərkəzlərinə getmədən, əlavə vəsait sərf etmədən və vaxt itirmədən kəndlərdəki poçt şöbələrindən məcburi dövlət sosial sığorta haqlarını ödəyə bilərlər. Məcburi dövlət sosial sığorta haqlarının poçt şöbələrindən ödənilməsi vətəndaşların rahatlığını təmin edəcəkdir.
Tayfun ZEYNALLI
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı