Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Naxçıvan şəhərindəki Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirmişdir.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək uşaqlara göstərilən dövlət qayğısından danışmışlar. Bildirilmişdir ki, muxtar respublikamızda bu kateqoriyadan olan uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara həssaslıqla yanaşılır, onların hüquqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkili, cəmiyyətə inteqrasiya olunmaları diqqət mərkəzində saxlanılır. Bu qəbildən olan uşaqların ziyarət olunması, onlara hədiyyələrin verilməsi dövlətin uşaqlara diqqət və qayğısının bariz nümunəsidir.
Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin baş həkimi Rəsmiyyə Xasayeva sağlamlıq imkanları məhdud uşaqlara göstərilən qayğıya görə dövlətimizə minnətdarlığını bildirmişdir.
Tədbirdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəqs qrupu müxtəlif rəqslər ifa etmiş, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında tamaşalardan səhnəciklər göstərilmişdir. Bayram şənliyində sağlamlıq imkanları məhdud 14 uşağa hədiyyələr verilmişdir.
Həmin gün adıçəkilən qurumların əməkdaşları Ordubad şəhər M.Füzuli adına tam orta internat məktəbində də olmuş, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlarla, həmçinin aztəminatlı ailələrin uşaqları ilə görüşmüşlər. Görüşdə bu qəbildən olan 17 uşağa bayram hədiyyələri verilmişdir.
Xəbərlər şöbəsi