Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Şahbuz şəhərindəki Ahıllar evində tədbir keçirilib. Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev çıxış edərək sakinləri bayram münasibətilə təbrik ediblər.
Çıxışlarda qeyd edilib ki, muxtar respublikamızın bütün sahələrində müşahidə olunan dinamik inkişaf və tərəqqi ahılların da sosial hüquqlarının təmin olunmasına geniş imkanlar açıb. Onların sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Ahıllara göstərilən sosial xidmətlərin səviyyəsi yüksəlib, onların cəmiyyətə inteqrasiyaları istiqamətində həyata keçirilən tədbirlər intensiv xarakter alıb.
Bildirilib ki, Ahıllar evində sakinlərin rahat və fəal həyat tərzində yaşamaları üçün hər cür şərait yaradılıb.
Tədbirdə Şahbuz Rayon Mədəniyyət Evinin musiqi kollektivi konsert proqramı ilə çıxış edib.
Sonda Ahıllar evinin sakinlərinə bayram hədiyyələri təqdim olunub.
Ahıllar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Xəbərlər şöbəsi