22 Dekabr 2024, Bazar

İnkişaf etmiş cəmiyyətə xas olan sərbəst, yaradıcı sahibkarlıq fəaliyyəti ilə yanaşı, onun hər cür risklərdən sığortalanması da vacib tələbat olub, biznesin uğuruna zəmanət verən amillərdəndir. İşəgötürənin öz biznesinə nə dərəcədə məsuliyyətlə yanaşması onun hər yerdə rast gələ biləcək gözlənilməz hadisələrdən vaxtında sığortalanması ilə də bağlıdır. Bu isə sahibkar risklərinin, xüsusilə istehsalatda bədbəxt hadisələrin sığortalanmasına göstərilən diqqətlə ifadə olunur. Buna görə də sahibkarın ən yaxşı mənfəətini onun sığortalı fəaliyyəti ilə də əlaqələndirmək olar.

Hər bir insanı həyatda itirdikləri çox düşündürür. Söz yox ki, itirilən heç vaxt geri qayıtmasa da, sığorta olunmaqla itirilən maddi nemətlərin dəyərinin geri qaytarılması mümkündür. Sahibkar üçün isə gözlənilməz riskli hadisələr nəticəsində itirilən təkcə onun maddi sərvətləri deyil, həm də bütün biznesin gələcəyi ola bilər. Buna görə də təkcə mənfəət və imic naminə deyil, həm də etibarlı əməkdaşlıq baxımından sahibkarın sığortaya tələbkar münasibəti çox əhəmiyyətlidir.

Sığorta və sahibkarlıq fəaliyyəti bir-birindən asılı olan sahələrdir. Tarixən sığortanın özü də sahibkar­ların risklərini paylaşmaqla, əslində, bütün iqtisadiyyatın inkişafı üçün çox mühüm bir məsuliyyəti öz üzərinə götürüb. Zaman keçdikcə sığorta da təkmilləşərək sahibkarlıq fəaliyyətinin bütün sahələrində özünü real olaraq hiss etdirən vacib bir tələbat halına gəlib. Naxçıvan Muxtar Respublikasında sığortaya olan tələbat cəmiyyətdə azad bazar sisteminin bərqərar olunması və həyatın bütün sahələrində müşahidə edilən sürətli inkişafla bağlıdır. Muxtar respublikamızda həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyası iqtisadi həyatın bütün sahələri ilə yanaşı, özəl bölmənin də inkişafı üçün hərtərəfli şərait yaradıb. Bu baxımdan sahibkarlara öz mülkiyyətini və biznesini qorumaq, onların uğurlu fəaliyyətini zəmanət altına almaq məqsədi daşıyan icbari sığortalar mühüm əhəmiyyət kəsb edir.
Hazırda fəaliyyətdə olan hüquqi və fiziki şəxslərin qarşılaşa biləcəyi riskli hadisələrdən qorunmaları üçün onların sığorta olunmalarının cəmiyyətdəki sosial əhəmiyyəti nəzərə alınaraq sığorta həm icbari, həm də könüllü formalarda həyata keçirilir.
İcbari sığortalar qanunvericiliyə uyğun olaraq, müvafiq icbari sığorta qanunları əsasında həyata keçirilir. İcbari sığortanın şərtləri və aparılması qaydası, daha doğrusu, sığortalıların və sığortaçının müəyyən edilməsi, hansı hadisələrin sığorta hadisəsi hesab olunması, sığorta məbləği və sığorta haqları (tarifləri), sığorta ödənişi verməkdən imtina əsasları, sığortanın həyata keçirilməsi üçün zəruri hesab olunan digər şərtlər həmin icbari sığortanı tənzimləyən qanunla müəyyən edilir.
Hər bir sahibkar təkcə öz biznes fəaliyyəti üçün deyil, müəssisəsində çalışan bütün işçilərin həyatı və onların cansağlığı üçün də məsuliyyət daşıyır. Bu baxımdan 11 may 2011-ci il tarixdə qəbul olunmuş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu sahibkarlar üçün böyük əhəmiyyət kəsb edir. Bu qanuna əsasən, hər bir sahibkar müəssisəsində işləyən işçilərin icbari qaydada həyatını və sağlamlığını peşə-əmək qabiliyyətinin itirilməsi hallarından sığortalamalıdır. Sığortalı fəaliyyət göstərdiyi sahənin xüsusiyyətlərindən asılı olaraq, illik əməkhaqqı fondunun 0,2 faizindən 2 faizədək sığorta haqqı ödəməklə qanunamüvafiq hesablanmış sığorta məbləği dairəsində sığorta təminatı almış olur. Bu isə hər bir sahibkarın baş verə biləcək hadisələrdə işçilər qarşısında məsuliyyətinin sığorta agent­liyinə ötürülməsini təmin edir.
Sahibkarlıqla məşğul olanlar üçün daşınmaz əmlakın icbari sığortasının da əhəmiyyətini göstərmək lazımdır. Çünki daşınmaz əmlakın sığortası sahibkarın biznesinin qorunmasına xidmət edir. Daşınmaz əmlak sahibkar üçün gəlir götürmək vasitəsi sayılır. Sahibkarın əmlakına dəymiş zərər həm də onun biznesinə zərər vurur. Misal üçün, əgər yanğın baş verərsə, müəssisənin işi, nəticə etibarilə, istehsal və satış da dayanacaq. İşçilərə əməkhaqqı ödəyə bilməyəcək müəssisə müflisləşəcək. Buna görə də daşınmaz əmlakın icbari sığortası bu cür riskli hadisələrin nəticələrini aradan qaldırmaq, zərər məbləğinin əvəzini ödəmək, fəaliyyəti davam etdirmək üçün çox vacibdir. Bu baxımdan sahibkarlıq fəaliyyəti üçün sığortanın əhəmiyyəti nəzərə alınaraq 24 iyun 2011-ci il tarixdə qəbul olunmuş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası aparılır.
Sahibkarlıq fəaliyyətində istifadə olunan avtonəqliyyat vasitələri də risk daşıyıcısıdır. Buna görə də ölkə­mizdə qəbul olunmuş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası həyata keçirilir. Bu qanun hər bir sahibkara məxsus avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyəti üzrə sığorta zərərinin sığortaçı tərəfindən ödənilməsinə şərait yaratmaqla onun maraqlarının da müdafiəsinə təminat verir. Belə ki, avtomobil sahibləri avtomobilin hərəkəti zamanı başqasının avtomobilinə və sağlamlığına vura biləcəyi zərərlə əlaqədar çıxılmaz vəziyyətə düşə bilər. Bu, avtomobil sahibini gözləyən ən mühüm riskli amildir. Məhz bu riskin səviyyəsini nəzərə alaraq, avtomobil sahibinin mülki məsuliyyətinin sığortası icbari qaydada tətbiq olunur. Çünki bu zaman dəyə biləcək zərərin hansı məbləğdə ola biləcəyini əvvəlcədən demək çətindir. Məsələn, elə sığorta halları ola bilər ki, bu zaman dəymiş zərər avtomobil sahibinin maddi imkanlarından dəfələrlə çox olsun. Bu zaman mülki məsuliyyətini sığortalamış vətəndaşın qarşı tərəfə vurduğu zərəri onun özü deyil, risklərini həvalə etmiş sığortaçı ödəyir.
Sahibkarlar üçün icbari sığortanın yuxarıda sadalanan növlərinin daha bir üstünlüyü isə onların sosial əhəmiyyətə malik olduğundan qiymətinin eyni məhsulun könüllü sığorta formasına nisbətən daha ucuz olmasıdır.
Bu gün Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti yüksəlməkdə, neçə-neçə yeni istehsal və xidmət müəssisələri yaranmaqdadır. Bu da açılan hər bir müəssisədə sahibkarların əmlakının, eləcə də məsuliyyətinin və çalışan hər bir işçinin sığortalanmasını günün reallığına çevirmişdir.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR