22 Dekabr 2024, Bazar

Yeni il bayramını hər bir muxtar respublika sakini gözəl əhval-ruhiyyə ilə qarşılamağa çalışır. Hər bir evdə minbir nemətli süfrələr açılır, küknarlar bəzədilir, bu küknarlar müxtəlif işıqlandırma vasitələri ilə al-əlvan rəngə bürünür. Mədəniyyət, təhsil müəssisələrində və insanların bayram şənliyinə toplaşdığı  yerlərdə Yeni il şənliklərinin və tədbirlərinin keçirilməsi münasibətilə müvafiq hazırlıq işləri aparılır. Bu vaxt əsas şərtlərdən biri şənliklərin təşkili və keçirilməsi zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasıdır. Adi bir ehtiyatsızlıq xoşagəlməz hadisəyə, yanğının baş verməsinə səbəb ola bilər. 

 Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən muxtar respublika ərazisində Yeni il şənliklərinin və tədbirlərinin keçirilməsi zamanı yanğın təhlükəsizliyinin təmin olunması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə tərtib olunmuş tədbirlər planına uyğun olaraq, mədəniyyət, təhsil müəssisələrində, insanların bayram şənliyinə toplaşdığı yerlərdə yoxlama-nəzarət və maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Fövqəladə Hallar Nazirliyi Yeni il şənliklərinin və tədbirlərinin keçirilməsi zamanı yanğın hadisələrinin baş vermə­məsi üçün vətəndaşları yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət etməyə çağırır. 

Küknar ağacı möhkəm dayaq üzərində qurulmalı və ətrafında sərbəst hərəkət etmək üçün geniş məsafə saxlanılmalıdır. Küknar ağacı elektrik qurğularının quraşdırılması qaydalarına riayət olunmaqla işıqlandırılmalıdır. İşıqlandırmada nasazlıq hiss olunduqda, yəni naqillər qızdıqda, lampalar yanıb-söndükdə, qığılcım olduqda təcili onu elektrik şəbəkəsindən ayırmaq lazımdır.
Yeni il şənliyi keçirilərkən şamlardan, qığılcımsaçanlardan istifadə edilməsi, şam ağacının oyuncaqlarla, eləcə də odadavamlı məhlula hopdurulmamış pambıqla bəzədilməsi və işıqlandırılması qadağandır. Yeni il şənlikləri keçirilərkən azyaşlı uşaqların qızdırıcı və yaxud işıqlandırıcı cihazlardan istifadə etməsinə yol verilməməlidir.Yadda saxlamaq lazımdır ki, bir elektrik uzadı­cısına bir neçə elektrik cihazı qoşularsa, həmin xətt artıq yüklənir və yanğın təhlükəsi yaradır. Bayram şənlikləri keçirilən otaqların elektrik xətlərinin izolyasiyası saz vəziyyətdə olmalıdır. Bayram şənlikləri zamanı şam yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına diqqət yetirmək lazımdır. Unutmaq olmaz ki, yanar şamı öz ərintisi ilə stol, kibrit qutusu üzərinə və digər yanar materiallara yapışdırmaq yanğın təhlükəsizliyi cəhətdən yolverilməzdir. Yanar şamın nəzarətsiz qoyulması xoşagəlməz hadisələrin baş verməsinə gətirib çıxara bilər. Uşaq bağçalarının və mədəniyyət ocaqlarının rəhbərləri bilməlidirlər ki, küknar ağacları qurulan otaqlardan xaricə iki sərbəst çıxış yolu olmalıdır və həmin çıxışların qapıları mütləq çıxış istiqamətinə açılmalıdır. Çıxış qapılarının qarşısına kənar əşyalar yığılmamalıdır.
Yeni il tədbirləri və şənlikləri keçirilən yerlərdə yanğın təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsi məqsədilə həmin yerlər ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir.
Qeyd olunanlarla bağlı baş verə biləcək xoşagəlməz hadisələrin vaxtında qarşısının alınması üçün vətəndaşlarımız diqqətli olmalı, təhlükəsizlik məsələlərində fəal iştirak etməli və belə hallarla üzləşdikdə dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidmətinə məlumat verilməlidir.

Mirtaleh Seyidov
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR