22 Dekabr 2024, Bazar

Sədərək Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı ilə Sədərək rayonunda “Sığorta-pensiya sisteminin mahiyyəti və bu sahədə elektron xidmətlərin tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri Sədərək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Samil Kazımov açaraq vətəndaşların pensiya təminatının yaxşılaşdırılmasının dövlətimizin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biri olduğunu, həyata keçirilən islahatların pensiyaçıların rifah halının yüksəldilməsinə imkan yaratdığını vurğulayıb, sığorta-pensiya sistemində informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin bu islahatların tərkib hissəsi olduğunu bildirib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Gəlirlər şöbəsinin müdiri Yaşar Məmmədov, Pensiya şöbəsinin müdiri Vaqif Rəsulov və Fərdi uçotun təşkili şöbəsinin müdiri İsmayıl Həsənov çıxış edərək sığorta-pensiya sisteminin mahiyyətindən, məcburi dövlət sosial sığorta haqlarının ödənişi, əmək pensiyalarının təyinatı və ödənişi sahələrində elektron xidmətlərin tətbiqindən danışıblar.
Vurğulanıb ki, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” elektron xidməti işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və torpaq mülkiyyətçiləri tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesini xeyli asanlaşdırıb. Bu xidmət vasitəsilə kənd yerlərində yaşayan sığortaedənlər məcburi dövlət sosial sığorta haqlarını bağlanmış müqavilələrə əsasən, yaşadıqları yerlərdə poçt şöbələri vasitəsilə də ödəyə bilərlər.
Elektron xidmətlər içərisində avtomatlaşdırılmış pensiya təyinatı və pensiya kalkulyatoru xidməti xüsusi yer tutur. Avtomatlaşdırılmış pensiya təyinatı sistemi sayəsində pensiya hüququ yaranmış vətəndaşa fondda yaradılan pensiya təyinatı xidmətinə – (+99436) 550-59-79 nömrəsinə zəng edərək şəxsiyyət vəsiqəsinin nömrəsini bildirməklə real vaxt çərçivəsində pensiya təyin olunur və ona pensiyasının məbləği, plastik pensiya kartını alacağı bank şöbəsinin ünvanı bildirilir.
Qeyd olunub ki, bu günə kimi yaşa görə əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı sisteminin tətbiqi nəticəsində 17 nəfərə bu sistem vasitəsilə pensiya təyin edilib. Həmçinin fondun saytının “Elektron xidmətlər” bölməsinə elektron imza ilə daxil olan vətəndaş pensiya kalkulyatoru bölməsinə daxil olaraq öz pensiyasını hesablaya bilər.
Çıxış edənlər bildiriblər ki, “Sığortaolunanın onlayn uçota alınması” elektron xidməti vasitəsilə yeni əmək fəaliyyətinə başlayan vətəndaşlar üçün “Q3” ərizə forması dolduraraq təsdiq edilməklə onların sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesi elektron qaydada həyata keçirilir.
Digər aktiv xidmətlərdən biri olan “Sığortaolunanlara məlumatların verilməsi” xidmətindən istifadə etməklə istənilən sığortaolunan onun üçün işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər.
Sədərək rayonunda sığorta-pensiya sistemində elektron xidmətlərin tətbiqi ilə bağlı görülən işlər barədə fondun Sədərək Rayon Şöbəsinin müdiri Yaqubəli Vəliyev tədbir iştirakçılarına məlumat verib.
Sonda elektron xidmətlərin tətbiqi ilə əlaqədar slayd nümayiş olu­nub, tədbir iştirakçılarının sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR