İnsana qayğının daha bir ifadəsi
Şərur şəhərinin Nəriman Nərimanov küçəsindəki 7 nömrəli yaşayış binasının sakinləri mənzillərinin yenidən qurularaq istifadəyə verilməsinin sevincini hələ də yaşamaqdadırlar. Elə rayona budəfəki səfərimizdə də məqsəd həmin ailələrlə görüşmək, yeni evin bəxş etdiyi sevincin təəssüratlarını öyrənmək idi.
Şərur şəhərinə çatmağımıza az qalmış şəhərin uzun illər bundan əvvəlki miskin görkəmi yadıma düşdü. Rayonun küskün mənzərəsini yaxşı xatırlayıram. Əslən bu rayondan olduğum üçün yaşımın bu vədəsinə kimi hər həftə, hər ay Şərura getmişəm. Ona görə də Şərurun dünəni və bu gününü müqayisə etmək mənim üçün heç də çətin deyil. Nə gizlədim, ötən əsrin 90-cı illərinin əvvəllərində Şərurun şəhər olmağı yalnız adında idi. Nə yolları yol idi, nə də küçələri. Piyadalar üçün gediş-gəliş yollarını zəbt edən primitiv köşkləri, yöndəmsiz, köhnə tikililəri rayon sakinləri kimi, mən də yaxşı xatırlayıram. Kəskin şaxtalı-çovğunlu qışın gəlişi qayğıları daha da artırırdı. Uzun qış gecələri daha dözülməz olurdu. Həmin saatlarda şəhər zülmətə bürünürdü...
Bəs indi? Bu gün muxtar respublikamızın digər bölgələri kimi, oğuz-türk yurdu da regionun abad və yaraşıqlı yaşayış məskənlərindən birinə çevrilib. Tikilən, ərsəyə gətirilən obyektlərin hamısı 19 ilin ərməğanlarıdır. Ancaq o da mütləq etiraf olunmalıdır və hər bir şərurlu da təsdiq edər ki, qurulanlar, ərsəyə gətirilənlər, insanların ixtiyarına verilənlər elə-belə başa gəlməyib. Zəhmət çəkilib, yollar axtarılıb. Çəkilən zəhmətin bəhrəsi isə göz qabağındadır. Hər dəfə Şərur şəhərinə üz tutanda burada müxtəliftəyinatlı obyektlərin tikintisinin şahidi oluruq. Yeni ucaldılan yaraşıqlı tikililər, müasir görkəmə salınan binalar, parklar göz oxşayır, insan qəlbini riqqətə gətirir. Əlbəttə, bütün bunlar sadə görüntü kimi yozulmamalıdır. Bütövlükdə muxtar respublikamıza xas olan quruculuq, abadlıq ab-havasının bu rayonda yaratdığı füsunkarlığın arxasında böyük zəhmət dayanır.
Bu düşüncələr içərisində Şərur şəhərinə çatırıq. Üz tutduğumuz ünvandakı mənzillərdən birinin qapısını döyürük. Öyrənirik ki, bu ailə Bağırovlar ailəsidir. Gəlişimizin məqsədini bildiririk. Hələ də sevinc içərisində olan ailə başçısı Sərdar Bağırov bizi içəri dəvət edir. Mənzilə daxil oluruq. Masa arxasında söhbətə başlayırıq. Sərdar Bağırovun dediklərindən:
– 50 ilə yaxındır ki, yaşadığımız mənzilin məişət şəraiti heç də ürəkaçan deyildi. Öz daxili imkanlarımız hesabına nəsə eləsək də, alınmırdı. Çünki vahid kommunal sistem yox idi. Bura təmir olunandan sonra binaya girəndə, səmimi deyim ki, öz evlərimizi tanıya bilmədik. Ən müasir şərait yaradılıb. Hətta mənim mənzilimə bir otaq da artırılıb, mənzil sahəsi böyüdülüb. İndi evimiz geniş və işıqlıdır. Kim istəməz ki, belə rahat bir mənzildə yaşasın? Mən binanın sakinləri adından muxtar respublika rəhbərinə bir daha minnətdarlığımı bildirirəm.
Evin xanımı İfadə xanım söhbətimizə qoşulur:
– Hər bir xanım istəyər ki, mətbəxi geniş olsun. İnanın, əvvəllər əlim iş tutmurdu ki, iş görəm. Əvvəllər evimizin mətbəxi yox idi. İndi mətbəxdən çıxmıram. Ləziz yeməklər bişirirəm. Oğlum da bu geniş otaqlarda doyunca oynayır. Mənzilimiz ailəmizə sanki bir istilik bəxş edib. Təkcə bizə yox, bu binada yaşayan bütün ailələrə.
Bağırovlar ailəsində söhbətimizi bitirir, onlara bu mənzildə xoş günlər arzulayır və həyətə çıxıram. Burada binanın sakinlərindən bir neçəsi toplaşıb söhbət edirlər. Mən də gözaydınlığı verib onlara qoşuluram. Sakinlərin hamısı yaradılan bu şəraitə görə sevinc hissi yaşadıqlarını, bu sevinci dövlətimizin insan amilinə göstərdiyi qayğının ifadəsi kimi dəyərləndirirlər.
Qeyd edək ki, bu sevinci ötən ay Naxçıvan şəhərinin Atatürk küçəsindəki 5 nömrəli yaşayış binasının sakinləri də yaşayıblar. Belə ki, 25 mənzilli bu bina təmirdən sonra noyabrın 14-də sakinlərin istifadəsinə verilib. Binanın həyətində abadlıq işləri aparılıb, hər tərəfdə təmizlik və gözəllik hökm sürür. Bina şəhərimizə ayrı bir gözəllik qatıb. Yazımızı hazırlayarkən həmin binanın sakinləri ilə də həmsöhbət oldum. Bina sakinlərindən Ramazan Abbasov deyir ki, binamız köhnə tikililərdən idi. Doğrudur, binada yaşamaq üçün zəruri ehtiyaclar – təbii qaz, elektrik enerjisi daimi olsa da, çətinliklərimiz az deyildi. Həmişə şəhərimizdəki əksər yaşayış binalarının müasir formada yenilənməsini gördükcə çox sevinir, fikirləşirdik ki, nə zamansa bu müasirlikdən bizim binaya da pay düşəcək. Bu ilin əvvəllərində yaşadığımız binada əsaslı yenidənqurma işlərinə başlandı. Bina müasir tələblərə uyğun qurularaq sakinlərin istifadəsinə verildi. Mənzillərimizin hər birinin sahəsi 30 kvadratmetr artırıldı, yaşayış üçün hərtərəfli şərait yaradıldı.
Bəli, mənzil insan həyatında məişət şəraitinin əsas göstəricisidir. Muxtar respublikada tikinti sektorunun əsas istiqamətlərindən birini də elə əhalinin yeni mənzillərə olan tələbatının ödənilməsi təşkil edir. Əgər 19 il bundan əvvəl hər hansı bir tikinti təşkilatı ildə cəmi bir obyektdə inşaat işləri aparmaq imkanına malik idisə, bu gün dövlət qayğısından bəhrələnən və muxtar respublikanın çiçəklənməsində böyük rolu olan tikinti şirkətləri onlarla yaşayış binası tikmək imkanına malikdirlər.
Qeyd edək ki, ötən dövr ərzində Naxçıvan şəhərində və rayon mərkəzlərində yüzlərlə yaşayış binası əsaslı təmir olunub, mənzillərin sahəsi genişləndirilib, binaların əksəriyyətinin təməli möhkəmləndirilərək əlavə mərtəbələr artırılıb, binalar müasir kommunikasiya xətləri ilə təmin edilib. Burada bir əsas məqsəd xüsusi vurğulanmalıdır: insanların yaşayış tərzini, onların qurub-yaratmaq əzmini yüksəltmək, insanları layiq olduqları səviyyədə mənzil şəraiti ilə təmin etmək.
Sara ƏZİMOVA