22 Dekabr 2024, Bazar

“Oğlumun nağılları, yaxud bizim həqiqətlərimiz” silsiləsindən yeddinci nağıl

Həftənin şənbə günü olduğundan və sabahısı dərsə getməyəcəyindən oğlum dərs kitablarına birgünlük “istirahət vermişdi”. Hər gün sabahkı dərslərinə hazırlaşdığından heç nağıl dinləmək də yadına düşmürdü. Ötən gün isə əsnəyə-əsnəyə yanıma gəlib başını dizimə qoyanda bildim ki, yenə nağıl istəyəcək. Düşüncələrimi tam bitirməmişdim ki, dikəlib üzümə baxdı və dostyana boynumu qucaqlayıb dedi:
– Dədə, sənin danışdığın nağıllardakı o uşaq üçün yaman darıxmışam. O uşaq haqqında başqa nağıl­lar da bilirsənmi?
Düşüncələrimi pəncərəmdən boylanan ay işığının göyü aydınladan parlaqlığında düyünləyib atamla olan bir söhbətimizi xatırladım. Həmin söhbətimizi oğlumun nağıl kimi qəbul edəcəyini düşünüb pıçıltıyla dilləndim:
– Bilirəm, oğlum, bilirəm. Get, gəlirəm, danışam.

* * *

25-26 il bundan əvvəl idi. Balaca bir kənddə sənin kimi balaca bir oğlan uşağı məktəbin 1-ci sinfinə qədəm qoymuşdu. Dərs keçməyin çox çətin olduğu, partaların sıradan çıxdığı, siniflərin qışda buz bağladığı, pəncərələrinin şüşə əvəzinə kartonlarla örtüldüyü qaranlıq sinif otaqları yayılan sevindirici bir xəbərlə birdən-birə işıqlaşmışdı. Kənddə yeni məktəb binası tikiləcəyi xəbəri böyüklər qədər balacaların da gözlərini güldürmüşdü.

Bir neçə aydan sonra kəndin yuxarı hissəsində yer ayrılmış, yeni ikimərtəbəli məktəb binasının tikintisinə başlanmışdı. O zaman həmin balaca oğlan birinci sinfə təzəcə qədəm qoymuşdu.
Nağıl dili yüyrək olar. Günlər həftələri, həftələr ayları, aylar illəri əvəzləyirdi. Artıq iki il keçmişdi. Amma hələ də yeni məktəb binası tikilib qurtarmamışdı.
Bu yerdə oğlum gözlərini azca aralayıb üzümə baxdı. Deyəsən, ciddi, yoxsa qeyri-ciddi olduğumu müəyyən etməyə çalışırdı. Heç nə olmamış kimi danışmağa başlamaq istəyirdim ki, sözümü kəsdi:
– Dədə, elə şey olar? İki ilə ikimərtəbəli məktəb binası nədir ki, onu tikib qurtara bilməyiblər. Axı mən bağçaya gedəndə bir il çəkmədi ki, bağçamız üçün üçmərtəbəli təzə bina tikdilər. Məktəbə gedəndə də 5-6 aya üçmərtəbəli gözəl məktəb binasını tikib qurtardılar.
Bir də ki, ay dədə, elə şey olar ki, iki ilə bir məktəbi tikib qurtarmayalar. Axı Novruz bayramında Nursu kəndində – nənəmgildə qalanda babam dedi ki, kəndimizdə yeni məktəb tikəcəklər. Yadımda qalmayıb, ancaq başqa yenə nəsə tikəcəklərini də dedi. Dünən səninlə kəndə gedəndə həmin binaların yanından keçdik. Necə olur ki, yarımil ərzində orda 3-4 bina tikirlər, amma o vaxtı iki ildə bir bina tikə bilməyiblər?!
Oğlumun gördükləri, eşitdikləri və şahid olduqları qarşısındakı təəccüblü baxışı və haqlı müdaxiləsi məni də xeyli təəccübləndirmişdi. Doğrudan da, 25-30 il bundan əvvəl nəinki bir ildə iki bina, hətta iki-üç ildə yeni və müasir bir binanın tikilməsinə sevinirmişlər.
Oğlumun sualına verəcəyim cavabı düşünə-düşünə o dövrdə yaşamış insanlardan eşitdiklərimi bir daha xatırladım.
Mərhum jurnalist həmkarım Məmməd Məmmədov bir dəfə söhbət əsnasında demişdi ki, kənd­lərində – Şərur rayonunun Çərçiboğan kəndində 5 ilə bir xəstəxana binası tikiblər. Düzü, eşidəndə mən də buna inanmamışdım. Bu yaxınlarda isə yaşlı iş yoldaşlarımdan biri Atatürk prospektində yerləşən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin binasını göstərərək dedi ki, bunu 5 ilə ancaq tikib qurtardılar. Hətta maraqlı bir hadisə də danışdı.
Deməli, həmin vaxt bu bina tikilməyə başlayanda bir valideyn oğlunu məktəbin birinci sinfinə aparırmış. Üstündən illər keçir. Oğlan 2-ci, 3-cü, 4-cü sinfi də həmin tikintinin yanından keçib dərsə gedərək başa vurur. Beşinci sinfə başlayanda atasından soruşur ki, ata, bəs bu binanı nə vaxt tikib qurtaracaqlar? Atası da cavabında deyir ki, niyə tələsirsən, oğlum, bu bina da səninlə bir böyüyür. Sən məktəbi qurtaranda bu binanı da tikib qurtaracaqlar.
Bu eşitdiklərimdən sonra oğlumun gördüklərinə, şəxsi müşahidələrinə əsasən mənə ünvanladığı sualını çox yaxşı anlayırdım. Mən isə onun yuxuya getməsi üçün sözlərimə davam etməyə başladım.

* * *

Səninlə eyni yaşda olan o balaca oğlanın yaşadığı dövrdə 5 ilə bir bina tikilməsi böyük “uğur” sayılırdı. Amma indi təkcə bir balaca kənddə bir ilə 5 binanın tikilməsi adi hal alıb.
O zamanlar uzaq-uzaq yerlərdə, dağların arasında yerləşən kəndlərin nə rahat yolları olurdu, maşınlar gedib gəlsin, nə isti və səliqəli məktəbləri vardı ki, uşaqlar üşümədən müəllimlərinə qulaq assınlar; nə dükan-mağazaları vardı ki, özlərinə lazım olanları ordan alsınlar, nə də kitabxana, klub və digər iş yerlərinin şəraiti vardı ki, rahatca istifadə etsinlər.
Oğlum bu dediklərimə inanmaq istəmirmişcəsinə yarıyuxulu şəkildə dilləndi:
– Bu danışdıqlarına indi heç bir uşaq inanmaz axı, dədə. Sinfimizdəki Fuad da, Süleyman da, Aynur da, Sadiq də sənin dediklərinə gülərlər. Elə biləcəklər, nağıl danışırsan. Axı biz dərsə gedəndə görürük ki, hər yerdə nəsə tikirlər. Süleymangilin məhəlləsində bir bina tikirlər, Aynurgilin məhəlləsində bir bina. Marşrutdan düşüb məktəbimizə getdiyimiz yerdə də lap uca bir bina tikiblər. Heç bir il deyil, az qalırlar qurtaralar.

* * *

Oğlum sözlərini qurtarıb gözlərini tavana dikdi. Bir müddət ikimiz də səssizcə dayanıb aramızda danışdıqlarımızı düşündük. Fikirlərimi bir daha “ələkdən keçirib” oğluma dönəndə gözlərini yumub yuxuya getdiyini gördüm.
Artıq qərara gəldim ki, bizim uşaqlıq həqiqətlərimizi ona nağıl kimi danışmayacağam. Çünki o artıq nələrin nağıl, nələrin həqiqət olduğunu öz müşahidələri əsasında müqayisə edərək nəticə çıxara bilir. Bugünkü danışdıqlarımın da, əslində, nağıl yox, əsl həqiqət, atasının uşaqlıq həqiqətləri olduğuna əmin olmuşdu.
İndi o da yaxşı anlayırdı ki, 25-30 il bundan əvvəl beş ilə bir bina tikmək normal qarşılanırdısa, indi adicə bir kənddə bir ilə beş bina tikmək normal hal sayılır.
Hələ mən onun uşaq olduğunu düşünüb təkcə ötən 2013-cü ildə, başa çatmaqda olan 2014-cü ildə nəinki beş bina, muxtar respublika üzrə onlarla yeni və müasir məktəb, səhiyyə, mədəniyyət, iaşə, yaşayış binalarının tikildiyini deməmişdim. Amma oğlum bunları artıq əvvəlki nağıl adıyla danışdığım həqiqətlərdən dərk eləmişdi.

Elxan YURDOĞLU

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR