Qış mövsümündə idarə, müəssisə və təşkilatların fasiləsiz fəaliyyət göstərməsini və əhalinin normal yaşayışını təmin edən əsas amillərdən biri də inzibati və ictimai yaşayış binalarının istiliklə təmin edilməsidir.
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsindən aldığımız məlumata görə, bu məqsədlə Naxçıvan şəhərində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq bütün qazanxanalara və istilik şəbəkəsi obyektlərinə baxış keçirilib, mərkəzləşdirilmiş qazanxanalarda cari təmir işləri aparılıb, buxar və istilik qazanları təmizlənib, sıradan çıxmış mühərriklər yenisi ilə əvəz edilib, elektrik və qaz xətləri yoxlanılıb, istismar müddəti başa çatan borular və siyirtmələr yenisi ilə əvəz olunub.
Xətt təsərrüfatında əsaslı və cari təmir işləri də diqqət mərkəzində saxlanılıb, qış mövsümündə Naxçıvan şəhərinin daha etibarlı istilik sistemi ilə təmin olunmasına möhkəm zəmin yaradılıb.
Əhalinin davamlı olaraq istiliklə təmin edilməsi üçün mərkəzləşdirilmiş qazanxanaların təbii qaz və mazutla, fərdi qazanxanaların isə təbii qaz və dizel yanacağı ilə işləməsi təmin edilib. Yəni qaz təsərrüfatında hər hansı bir qəza baş verərsə, qazanxanalar mazut və dizel yanacağı ilə işləyəcək, istilik sistemində fasilələr yaranmayacaq. İstilik şəbəkələrinin, ictimai yaşayış binalarının aşağı paylama və daxili istilik sisteminin yenidən qurulması ilə əlaqədar kompleks tədbirlər həyata keçirilib. Qazanxanalarda və xətt təsərrüfatlarında baş verə biləcək hər hansı qəzanın vaxtında aradan qaldırılması üçün qəza briqadalarının 24 saat fəaliyyət göstərməsinə, inzibati və ictimai yaşayış binalarının istiliklə etibarlı təmin olunmasına hərtərəfli şərait yaradılıb.
Onu da qeyd edək ki, son illər yeni inşa olunan binalarla yanaşı, mövcud inzibati və ictimai yaşayış binalarının istilik sisteminin yenidən qurulması ilə əlaqədar olaraq istilik şəbəkəsi ildən-ilə genişləndirilir, müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla fərdi qazanxanalar tikilib istifadəyə verilir. Fərdi qazanxanalardan inzibati və yaşayış binalarınadək olan məsafədə istilik xətləri tunellər vasitəsilə çəkilib ki, bu da həmin xətlərin korroziyaya uğramasının qarşısını alır, yaranmış nasazlıqların yerüstü kommunikasiya xətlərinin zədələnmədən aradan qaldırılmasına və müntəzəm nəzarət olunmasına əlverişli şərait yaradır.
2014-2015-ci ilin payız-qış mövsümündə 5 mərkəzləşdirilmiş və 38 fərdi qazanxana vasitəsilə 173 ictimai yaşayış binasının 7634 mənzili və 31 inzibati bina istiliklə təmin olunur. İstilik xətlərinə kənar müdaxilələrin qarşısının alınması məqsədilə İstilik Təsərrüfatı İdarəsi və mənzil-istismar sahəsinin əməkdaşları tərəfindən vaxtaşırı olaraq reydlər keçirilir, əhali arasında maarifləndirici söhbətlər aparılır.
Kərəm HƏSƏNOV