Naxçıvan Muxtar Respublikasında ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi məqsədilə həyata keçirilən iməciliklər mütəşəkkilliklə davam etdirilir. Belə tədbirlərin nəticəsidir ki, son illər diyarımızda yaşıllıq sahələrinin həcmi bir neçə dəfə artıb, xeyli meyvə bağları, yaşıllıq zolaqları salınıb.
Dekabrın 6-da keçirilən növbəti şənbə iməciliklərində ötən iməciliklərdə salınmış yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilib, belə sahələrin həcminin ağac və gül kollarının əkini ilə genişləndirilməsi davam etdirilib. Belə ki, Naxçıvan şəhər sakinləri Uzunoba Su Anbarının ətrafında 2 hektarlıq ərazidə 1800 ədəd meyvə ağacı əkib, müəssisə və təşkilatların ərazilərindəki yaşıllıqlara aqrotexniki qulluq göstəriblər.
Şərur rayonunda, Naxçıvan-Sədərək magistral yolunun Danyeri, Aşağı və Yuxarı Daşarx kəndləri hissəsində 1600 ədəd meşə ağacı əkilib.
Babəklilər rayonun Şəkərabad və Hacıvar kəndləri ərazisində 172 ədəd həmişəyaşıl ağac, Qoşadizə kəndində 300, Yarımca kəndi yolunda isə 75 meşə ağacı əkiblər.
Ordubad rayonunda keçirilən iməciliklərdə Naxçıvan-Ordubad magistral yolunun “Qapıcıq” adlanan ərazisində 350, Qazi massivində 300, Ordubad şəhərindəki yeni tikililərin həyətlərində isə 250 ədəd meyvə ağacı əkilib. Bağlar diyarının digər ərazilərində də ağac əkini aparılıb ki, bunun 400-ü meyvə, 600-ü isə meşə ağacı olub.
Culfa rayonunun sakinləri tərəfindən isə həmin magistral yolun Culfa rayonu hissəsində 240 ədəd meşə ağacı, yeni tikilmiş obyektlərin həyətlərində 38 ədəd həmişəyaşıl ağac, Culfa şəhərindəki 3 nömrəli tam orta məktəbin ətrafında 20 ədəd meyvə ağacı əkilib.
Kəngərli rayonunun sakinləri Qarabağlar kənd 1 nömrəli tam orta məktəbinin 1 hektarlıq ərazisində 400 ədəd meyvə ağacı əkiblər.
Şahbuz rayonundakı İşgəsu massivində 1,7 hektarlıq ərazidə 1200, Badamlıq massivində 200 ədəd meyvə ağacı, Şahbuz şəhəri ərazisində 1000 ədəd gül kolu əkilib.
Sədərək rayonunda rayon İcra Hakimiyyəti binasının ətrafında 100 ədəd gül kolu, seysmoloji stansiyanın həyətində 50 ədəd meyvə, rayon mərkəzi Heydərabad qəsəbəsində yaşayan ahıl vətəndaşın həyətində 10 ədəd meyvə ağacı əkilib, təmizlik işləri aparılıb.
Həmin gün Şərur rayonunun Qarxun kəndində, Babək rayonunun Yarımca kəndində, Ordubad və Culfa şəhərlərində, Kəngərli rayonunun Şahtaxtı kəndində, Şahbuz rayonunun Mahmudoba kəndində yaşayan ahıl vətəndaşların həyətlərində təmizlik işlərinin aparılması da şənbə iməciliklərinin tərkib hissəsi olub.
Xəbərlər şöbəsi