Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) şöbələri tərəfindən maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti maarifləndirici tədbir Babək rayonunun Didivar kəndində keçirilib. Tədbiri Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əbdülhüseyn Zamanov açaraq tədbirin əhəmiyyətindən danışıb.
Tədbirdə DSMF-nin Babək Rayon Şöbəsinin müdiri Natiq Hacıyev və Fərdi uçotun təşkili sektorunun müdiri Azər Məmmədov çıxış edərək son illər əldə olunan davamlı iqtisadi yüksəlişin, həyata keçirilən islahatlar və sosial müdafiə sisteminin müasir əsaslarla təkmilləşdirilməsinin ölkəmizdə sosial problemlərin həllində önəmli əhəmiyyətə malik olduğunu, pensiyaçıların rifah halının yaxşılaşdırılmasına imkan yaratdığını vurğulayıblar.
Bildirilib ki, bütün bu uğurlar sığorta-pensiya sistemində də yeniliklərin həyata keçirilməsinə səbəb olub, bu sahədə informasiya və kommunikasiya texnologiyalarının səmərəli tətbiqinə başlanılıb. “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” elektron xidməti sığortaedənlər, o cümlədən işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq mülkiyyətçiləri tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesini xeyli asanlaşdırıb.
Qeyd edilib ki, istifadəyə verilən elektron xidmətlər içərisində avtomatlaşdırılmış pensiya təyinatı və pensiya kalkulyatoru mühüm yer tutur.
Vurğulanıb ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin, hamiləliyə və doğuma görə haqq-hesab cədvəlinin, uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin, uşağın üç yaşına çatanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim olunması, pensiyaçıya məlumatın verilməsi, pensiya təyinatı və pensiya növünün dəyişdirilməsi üçün müraciətlərin və sənədlərin qəbulu üzrə elektron xidmətlər də noyabr ayında istifadəyə verilən sosial xidmətlər içərisindədir. Bununla da, fond tərəfindən göstərilən aktiv elektron xidmətlərin sayı 10-a çatmışdır.
Sonda iştirakçıların sığorta-pensiya sistemi və bu sahədə elektron xidmətlərin tətbiqi barədə sualları cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət
Sosial Müdafiə Fondunun mətbuat xidməti