22 Dekabr 2024, Bazar

Şərur Rayon Prokurorluğunun əməkdaşları növbəti maarifləndirici tədbiri Yengicə kəndində keçiriblər. Əvvəlcə rayon prokuroru vəzifəsini icra edən baş ədliyyə müşaviri Kamil Şükürov “Enerji resurslarından səmərəli istifadə enerji təhlükəsizliyinin təminatında mühüm faktordur” mövzusunda məruzə ilə çıxış edib.
Qeyd olunub ki, böyük dövlət qayğısı nəticəsində muxtar respublikamızda əhali fasiləsiz elektrik enerjisi və təbii qazla tam təmin edilib. Hazırda qarşıda duran başlıca vəzifə enerji resurslarından səmərəli istifadə olunmasından ibarətdir. Hər bir idarə, müəssisə və təşkilat, eləcə də hər bir vətəndaş elektrik enerjisindən və təbii qazdan səmərəli istifadə etməli, israfçılığa, qanunsuz istifadə hallarına yol verilməməlidir.

Bildirilib ki, yanacaq-enerji kompleksinin daha da inkişaf etdirilməsi, əhalinin və iqtisadiyyatın enerji resursları ilə təminatının yaxşılaşdırılması, enerji daşıyıcılarından istifadənin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2005-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin inkişafı üzrə (2005-2015-ci illər) Dövlət Proqramı” təsdiq edilib. Bununla dövlətimizin yanacaq-enerji kompleksinin müasir tələblərə uyğun inkişafının əsas istiqamətləri müəyyənləşdirilib. Lakin bu sahədə müəyyən neqativ hallar hələ də mövcuddur. Bu halların qarşısını almaq məqsədilə Cinayət Məcəlləsinin mülkiyyət əleyhinə olan cinayətlər fəslinə yeni maddə – “Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması” maddəsi əlavə olunub və müvafiq qanunvericiliyimizdə bir sıra əməllər cinayət hadisəsi kimi təsbit edilib. Bu cür cinayət əməllərinin qarşısının alınması günümüzün vacib məsələlərindəndir və bu iş hər kəsin vətəndaşlıq borcu olmalıdır.
Rayon prokurorunun müavini, I dərəcəli hüquqşünas Anar Həsənov “Ekoloji-hüquqi məsuliyyət” mövzusundakı məruzəsinə Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsində təsbit olunmuş tələbləri diqqətə çatdırmaqla başlayıb: “Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz”. Bu, ölkəmizdə ekoloji tarazlığın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə olunması, bu sahədə mövcud hüquqi çatışmazlıqların tənzimlənməsi baxımından çox əhəmiyyətlidir.
Tədbir iştirakçılarının nəzərinə o da çatdırılıb ki, ekologiyadan qanunsuz istifadəyə görə inzibati məsuliyyət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindəki “Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar” fəslində, ekologiyadan istifadə sahəsində cinayət məsuliyyəti isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Ekoloji cinayətlər” adlanan 28-ci fəslində öz əksini tapıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Elman MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR