22 Dekabr 2024, Bazar

Muxtar respublikada əhalinin məşğulluğunun təmin olunması və peşə hazırlığı, işçilərin əmək hüquqlarının qorunması, sağlamlıq imkanları məhdud şəxslərin tibbi və sosial reabilitasiyası istiqamətində həyata keçirilən tədbirlər bu ilin noyabr ayı ərzində də davam etdirilmişdir.
İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ötən ay ərzində diqqət mərkəzində saxlanılmış, onların münasib işlə təmin olunması məqsədilə aktiv məşğulluq tədbirləri həyata keçirilmişdir. Belə ki, bu dövrdə 183 işaxtaran vətəndaş məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə, 4 nəfər haqqıödənilən ictimai işlərə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 21 şəxs kvota yerlərinə göndərilmiş, 44 nəfər isə müvafiq peşə kurslarına cəlb edilmişdir.

 Noyabr ayında əmək bazarının tələbləri nəzərə alınaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunan “qazanxana maşinisti” və “qadın bərbəri” peşələrini 46 nəfər bitirmişdir. Hazırda “dərzi”, “bərbər”, “aşpaz köməkçisi”, “qazanxana maşinisti”, “qaz təsərrüfatının istismarı və təmiri üzrə nəzarətçi-çilingər”, habelə Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində təşkil edilmiş “kompüter istifadəçisi” peşələri üzrə kurslar davam etdirilir. Həmçinin sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğu da təmin olunmuş, fiziki imkanları məhdud 24 şəxs tərəfindən toxunmuş 1157 cüt yun corab hərbi hissələrə təhvil verilmişdir.

Qeyri-formal məşğulluğun qarşısının alınması, işə götürülən şəxslərlə əmək müqaviləsinin bağlanması nazirliyin müvafiq qurumları tərəfindən daim diqqət mərkəzində saxlanılır. Noyabr ayında əməkhaqlarının reallığı əks etdirməsi ilə bağlı 24 sahibkarlıq obyektində nəzarət aparılmış, 21 halda yeni əmək müqaviləsinin bağlanmasına, 54 halda isə əməkhaqqının real göstərilməsinə nail olunmuşdur. İşəgötürənlər tərəfindən işçilər üçün müvafiq əmək şəraitinin yaradılmasına, istehsal müəssisələrində işçilərin əməyin mühafizəsi qaydalarına riayət etməsinə nəzarət məqsədilə 44 müəssisə və tikinti sahəsində yoxlamalar aparılmış, əməyin mühafizəsi sahəsində mövcud nöqsanların aradan qaldırılmasına dair 12 halda icrası məcburi olan göstəriş tərtib edilmişdir. Monitorinqlər zamanı fərdi mühafizə vasitələrindən istifadə etməyən 84 işçi aşkarlanmış, bunlardan 58-i həmin vasitələrlə təmin olunmuş, 26-sı isə tikinti sahəsindən uzaqlaşdırılmışdır.
Əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların sığorta olunması müasir dövrün əsas tələblərindəndir. Bu istiqamətdə işlər ötən aylarda olduğu kimi, noyabr ayında da nəzarətdə saxlanmış, mütəmadi təşkil edilmiş, 14 müəssisədə işçilərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələri bağlanmışdır. Həmçinin əməyin mühafizəsi üzrə tələblərin pozulmasına görə 2 işəgötürənə, ümumilikdə, 2 min manat məbləğində cərimə tətbiq olunmuşdur.
Xüsusi qayğıya ehtiyacı olan şəxslərin və ailələrin sosial təminatı da daim diqqət mərkəzində saxlanılır. Müvafiq kateqoriyadan olan şəxslərə, habelə aztəminatlı ailələrə sosial müavinət və ünvanlı dövlət sosial yardımlarının ödənişi davam etdirilmiş, bu məqsədlə, ümumilikdə, 1 milyon 178 min 534 manat vəsait sərf olunmuşdur. Ötən ay ərzində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə üç aztəminatlı ailəyə baş çəkilmiş, ailə üzvləri tibbi müayinədən keçirilmiş, onlara ehtiyacına uyğun məişət əşyaları verilmişdir. Tənha yaşayan və başqasının yardımına ehtiyacı olan 507 ahıl və fiziki imkanları məhdud şəxslərə evlərində sosial-məişət xidməti göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində 24 sağlamlıq imkanları məhdud şəxsin, Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 34 uşağın müalicəsi təşkil edilmişdir. Bundan başqa, 4 nəfərə sanatoriya və müalicə pansionatına göndəriş verilmiş, 75 nəfər texniki reabilitasiya vasitələri ilə təmin olunmuş, 66 məhdud fiziki imkanlıya səyyar protez-ortopedik xidmət göstərilmişdir. Ahıllar evinin sakinlərinin tibbi müayinədən keçməsi də bu sahədə görülən işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət kəsb etmişdir.
Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunmaqla cəmiyyətin fəal üzvü kimi formalaşması yönündə görülən işlər məqsədəuyğun şəkildə davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”na uyğun olaraq, Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi fəaliyyətə başlamışdır. Həmçinin bu kateqoriyadan olan uşaqların məktəblərə cəlb olunması, onların məktəbli forması, çanta və dərs ləvazimatları ilə təmin olunması da həyata keçirilmişdir. 2014-cü ilin noyabr ayında da təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqlarla bağlı yaranan çətinliklərin aradan qaldırılması və bu sahədə görülən işlərə nəzarət məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən təhsil müəssisələrində monitorinqlər davam etdirilmiş, məktəb və məktəbəqədər müəssisələrdə tolerant mühitin yaradılması məqsədilə növbəti maarifləndirici tədbir keçirilmişdir. Bundan başqa, noyabr ayında görmə qabiliyyəti məhdud şəxslər üçün nəşr olunan “Könül işığı” adlı brayl jurnalının növbəti nömrəsi hazırlanaraq Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzinin audiokitabxanasının kataloquna daxil edilmişdir. 13 noyabr – Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə audiokitabxananın 10 fəal dinləyicisi ilə, eləcə də Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında görmə qabiliyyəti məhdud şəxslərlə görüşlər keçirilmiş, onlara sovqatlar verilmişdir. Görmə qabiliyyəti məhdud insanlar arasında brayl yazı müsabiqəsinin təşkil olunması müvafiq kateqoriyadan olan şəxslərin asudə vaxtının səmərəli təşkili, ən əsası isə onların istedadlarının üzə çıxarılması və cəmiyyətə inteqrasiyasına xidmət edən tədbirlərdəndir.

Muxtar respublikada əhalinin sosial təminatının həlli istiqamətində görülən işlər ardıcıl xarakter almaqla növbəti aylarda da davam etdiriləcəkdir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi öz işini bundan sonra da günün tələbləri səviyyəsində quracaqdır.

Naxçıvan Muxtar Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR